BolgeXeber.Com » Ölkə » Fizuli Ələkbərovu qorxuya salan iddia - Keçmiş nazir niyə narahat olub?

Fizuli Ələkbərovu qorxuya salan iddia - Keçmiş nazir niyə narahat olub?

24-08-2015, 12:29
Oxunub: 3 679 Fizuli Ələkbərovu qorxuya salan iddia - Keçmiş nazir niyə narahat olub?Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı növbəti qalmaqallı xəbərlə gündəmə gəlib

Ortaya atılan iddia isə yetərincə ilgincdir.
Belə ki, Beynəlxalq Banka borcu olan iş adamlarının saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması davam edir. Onların bir qismi borcunu ödədiyinə görə sərbəst buraxılıb, bir neçə məşhur iş adamı barəsində isə həbs qətimkan tədbiri seçilib.
İddiaya görə, həmin şəxslərdən biri də sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu, "İmprotex" şirkətlər qrupunun rəhbəri Vüqar Ələkbərovdur . Mənbə bildirib ki, Vüqar Ələkbərov banka borcu olduğuna görə saxlanılıb. Sonradan onun haqqında həbs-qətimkan tədbiri seçilib. Qaynaq V.Ələkbərovun hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirib.
Qeyd edək ki, bu xəbəri sona qədər araşdırmaq mümkün olmayıb. Belə ki, Daxili İşlər Nazirliyinə ünvanlanan sorğuya cavab olaraq, mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, onlarda bu barədə məlumat yoxdur. Ələkbərovların şirkəti olan "İmprotex"dən isə zənglərə cavab verilməyib.
Xatırladaq ki, Vüqar Ələkbərovun adı 2012-ci il yanvar ayında baş vermiş, "İsmayıllı hadisələri" kimi yadda qalan iğtişaşda da hallanmışdı. Belə ki, həmin vaxt atası nazir, əmisi Nizami İsmayılovun icra başçısı olan Vüqar Ələkbərovun İsmayıllıda "Çıraq" oteli fəaliyyət göstərirdi. Avtomobillə otelin yaxınlığında qəza törədən Vüqar Ələkbərovun sərxoş vəziyyətdə söyüş söydüyü və buna görə də əhalinin qəzəblənərək "Çıraq" otelini və bir neçə avtomobili yandırdığı bildirilirdi. Bundan sonra hadisənin miqyası daha da genişlənərək, kütləvi iğtişaşa çevrilmişdi. V.Ələkbərov və onun yaxınlarını istintaq zərərçəkən kimi tanımışdı və məhkəmədə ifadə vermişdilər.
Qeyd edək ki, Füzuli Ələkbərovun «vurulmasında» məhz onun oğlunun səbəb olduğu bu hadisə həlledici rol oynayıb. İndi sabiq nazir oğlunun həbs edildiyinə dair iddianın ortaya atılması isə kifayət qədər ilgincdir. Məsələ burasındadır ki, virtualaz.org saytı bu xəbərə aydınlıq gətirmək üçün Vüqar Ələkbərovun özünə müraciət edib.
V. Ələkbərov isə öz növbəsində barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirdi ki, hazırda ailəsinin yanında, evdədir. “Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də “İmprotex”in Beynəlxalq Banka borcumuz yoxdur” - deyə V.Ələkbərov bildirib.
Bəs elə isə birdən-birə sabiq nazirin oğlu barədə bu cür xəbərin yayılması, beləliklə, həm də Füzuli Ələkbərovun adının gündəmə gətirilməsi nə ilə bağlı ola bilər?
Bəzi mənbələr istisna etmirlər ki, yayılan bu xəbərin dövriyyəyə buraxılması Füzuli Ələkbərova yönəlmiş mesaj da ola bilər. Belə ki, son vaxtlar eks-nazirlə bağlı başqa maraqlı məlumatlar da KİV-də özünə yer alıb. Həmin informasiyaların bir qismində nazir görəvindən uzaqlaşdırıldıqdan sonra biznesi də böhranlı günlər yaşayan Füzuli Ələkbərovun son vaxtlar yenidən canlandığı qeyd edilir. Onun xüsusilə dünyanın ən bahalı avtomobil markalarının Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi ilə məşğul olduğu sirr deyil. Bu istiqamətdə eks-nazir artıq kifayət qədər uğurlar əldə edib.
Üstəlik, Füzuli Ələkbərovun qarşıdan gələn parlament seçkilərində deputatlığa namizəd ola biləcəyi yönündə də söz-söhbətlər dolaşır.
Bütün bunların isə vaxtilə hökumət içində Ələkbərovla ixtilafda olmuş hansısa çevrəni narahat etməsi və bu səbəbdən onun oğlunun həbsi ilə bağlı iddianı dövriyyəyə buraxması istisna deyil. Mümkündür ki, keçmiş nazirə bununla öz siyasi karyerasını bərpa etməyə çalışmamaq və sakitcə biznes işləri ilə məşğul olmaq xəbərdarlığı edilir, əks halda bunun onun üçün mənfi fəsadlarının ola biləcəyi ismarışı göndərilir.
Bir sıra mənbələr isə məlum iddianın yayılmasından keçmiş nazirin xeyli əndişə keçirdiyi vurğulanır. Bildirilir ki, o, adının birdən-birə və bu şəkildə gündəmə gətirilməsini təsadüfi saymır. O narahatdır ki, bu cür xəbərlərin arxasında onun biznesinin də çökdürülməsinə zəmin hazırlamaq məqsədi güdülür.