BolgeXeber.Com » Ölkə » Hakimin bacısından keçmiş əri haqda sensasion ittihamlar

Hakimin bacısından keçmiş əri haqda sensasion ittihamlar

27-08-2015, 09:58
Oxunub: 4 330 Hakimin bacısından keçmiş əri haqda sensasion ittihamlarRöya Adıgözəlova: “Çingiz Xəlilzadə axtarışdadır, amma şəhərdə sərbəst gəzir”

Ötən saylarımızdan birində “Hakim 9 dil bilən fəlsəfə doktorunun başına oyun açır” sərlövhəli yazı dərc edilib. Fəlsəfə doktoru Çingiz Xəlilzadənin müraciəti əsasından hazırlanan yazıda onun üzləşdiyi olaylardan söhbət açılırdı.

Yazı dərc olunandan sonra redaksiyamıza gələn Röya Adıgözəlova keçmiş həyat yoldaşı olan Ç.Xəlilzadənin dediklərinə münasibət bildirib.

“Çingiz Xəlilzadə qanuni məhkəmə qərarlarını icra etmədiyi üçün axtarışdadır, amma şəhərdə sərbəst hərəkət edir, mətbuata müsahibələr verir. Polis orqanları onu niyə saxlaya bilmir? Onun bacım İlahə Abbasova barədə dediklərinin heç bir əsası yoxdur, hamısı şər-böhtandır” deyə, Röya Adıgözəlova bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə həyat yoldaşı Çingiz Xəlilzadə ilə rəsmi qaydada ayrılıblar. Həyat yoldaşının laqeydliyi, ailəsinə qayğı göstərməməsi, içki düşkünü olması və narkotik vasitələrdən istifadə etməsi, ən əsası isə yalanlarından xəbərdar olması onu boşanmağa vadar edib. Boşanandan sonra tərəflər arasında yaranmış uçurum daha da dərinləşib: “Birgə nikah dövründə alınan maşın, təmiri başa çatmamış mənzil var idi. Ona dedim ki, evi də, maşını da verirəm sənə, amma bir şərtim var, məni də, uşaqları da görməyəcəksən. O da razılaşdı və dedi ki, mənə heç uşaqlar da lazım deyil, amma qızılları da qaytar. Notariusa gedib maşını etibarnamə ilə ona verdim, qızılları da qaytardım. Hətta anasının oğluma hədiyyə etdiyi xırda üzüyü də qaytardım. Təxminən 2 ay yoxa çıxdı, heç bir ünsiyyətimiz olmadı. Sən demə, həmin müddətdə mənzili satıb, maşını da dostunun adına keçirib, adına olan bütün əmlakları özəlləşdirib, iş üçün biznes ortaqları ilə bağladığı bütün müqavilələri ləğv etdirib. İki aydan sonra üzə çıxıb dedi ki, adımdan hər şeyi çıxarmışam, mənə heç nə edə bilməyəcəksən”.

R.Adıgözəlovanın sözlərinə görə, əvvəlcə alimentin azaldılması, birgə nikah dövründə əldə edilmiş əmlak və pul vəsaitinin bölünməsi tələbi ilə məhkəmələrə müraciət olunub. Uzun sürən məhkəmə çəkişmələri isə mətbuat orqanlarına qədər yol açıb və boşanmış ər keçmiş baldızı, Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanı məhkəmələrə təzyiq göstərməkdə ittiham edib. Halbuki R.Adıgözəlova məhkəmə proseslərinin əksəriyyətinin Ç.Xəlilzadənin xeyrinə olduğunu vurğulayıb.

Şikayətçi keçmiş həyat yoldaşının onun bacısına böhtan atdığını deyib: “Bu adam dələduzdur, onun dediklərinin heç bir əsası yoxdur. Türkiyədə 20 il yaşamağının səbəbi isə buradan qaçmağı olub. İşlədiyi bankın pullarını mənimsəyiblər, buna görə bir neçə nəfər tutulub, qorxub ki, onu da tutarlar və qaçıb gedib. Türkiyədə xırda ticarətlə məşğul olub. Heç vaxt heç bir tədris mərkəzində dərs deməyib, elmi dərəcəsi yoxdur, nəinki 9 dil, heç öz ana dilini yaxşı bilmir. Bu faktlar sənədlərlə təsdiq olunub”.

R.Adığözəlovanın sözlərinə görə, məhkəmədə birgə nikah dövründə aldıqları mənzilin satışından əldə olunan vəsaitin bölünməsinə dair mülki işə baxılıb, uşaqlar onunla qaldığı üçün həmin vəsaitin 2/3 hissəsini tələb etsə də, iddiası qismən təmin olunub. Həmin vəsaitin 1/2 hissəsinə, yəni 50 min dollara onun hüququ tanınıb.

R.Adıgözəlova isə deyir ki, əgər bacısının təsiri olmuş olsaydı, heç olmasa qanunda nəzərdə tutulan hüququ təmin edilərdi. Bundan əlavə, birgə nikah dövründə alınmış avtomobillə bağlı məhkəmə çəkişməsi nəticəsində Ç.Xəlilzadə tərəfindən R.Adıgözəlovaya 7 min dollar ödənilməsi ilə bağlı qətnamə çıxarılıb.

Şikayətçinin sözlərinə görə, Ç.Xəlilzadə bu məhkəmə qətnaməsini də icra etməkdən yayınır: “Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında rəsmi qeydiyyatdadır. İcraçılardan qaçmaq üçün hər ay başqa-başqa yerlərdə kirayə ev tutur”.

R.Adığözəlova deyir ki, bacısı hakim olsa da bu məhkəmə çəkişmələrinin heç birində onun rolu olmayıb: “Birgə nikah dövründə onun əldə etdiyi aylıq qazanca istinad edərək iki uşağa 1000 manat aliment tələb etsəm də, məhkəmə hər uşağa 150 manat aliment tutulması ilə bağlı qətnamə çıxardı. Bacım dedi ki, səsini çıxarma, qoy Çingiz əl çəkib getsin. Bacımın qızının toyuna iki gün qalmış bu adam benzin töküb onun bağını yandırıb. FHN də rəy verib. Şübhəli şəxs qismində axtarışdadır, amma yeri bilinmir. Deyir ki, guya mən onu tutdurmaq istəyirəm. O özü məsuliyyət daşıyır, aliment ödəmir, borcu var. 50 min manat evin pulunu verməlidir, amma cəmi 10 min manat verib.

Alimenti isə bir ildir ödəmir. Aliment borcu olduğuna görə ölkədən çıxışına da qadağa qoyulub. Özü də bilir ki, qanunun tələblərindən yayına bilməyəcək və bir gün polis orqanları tərəfindən yaxalanacaq. Odur ki, bacım İlahə Abbasovanın adını hallandıraraq öz əməllərinə don geyindirmək niyyətindədir”.

Şikayətçi həmçinin Çingiz Xəlilzadənin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini deyir: “Bu insan məhkəmənin qanuni qüvvədə olan qərarlarını, o cümlədən aliment öhdəliyini icra etmədiyi üçün barəsində qanunvericilkdə nəzərdə tutulan tədbirlər görülür. Buna hakim İlahə Abbasovanın heç bir təsiri yoxdur, ola da bilməz. Məgər İlahə Abbasova olmasaydı, ona qarşı həmin tədbirlər görülməyəcəkdi? Hər gün yüzlərlə adama qarşı inzibati xəta barədə protokollar tərtib edilir, qanunla nəzərdə tutulan digər tədbirlər tətbiq edilir. Məgər onların hamısı hakimin qohumları olduğu üçün bu tədbirlər görülür? Mən özüm icraçıların işindən narazı olduğum üçün Baş İcra İdarəsi rəisinin qəbulunda oldum. Lakin qətnamələrin icrası hələ də təmin olunmayıb. Polis orqanlarının işindən narazıyam. Çünki axtarışda olan şəxs şəhərdə hərəkət edir, mətbuata müsahibələr verir, amma polis orqanları onu saxlaya bilmir? Bu adam üç instansiya tərəfindən baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini mübahisələndirir, heç bir sübut təqdim etmədən ağzına gələni danışır, şər-böhtan atır. Bu insan öz uşaqlarına aliment vermədiyi üçün barəsində axtarış elan edilib. Hazırda onun valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışam. Vəkilimə deyir ki, məndən heç nə istəməsin - nə ev pulu, nə aliment, mən də uşaqları görmək istəmirəm. Özü məhkəməni udduğu halda uşaqları gəlib görmür, görmək istəmir. Ona görə də mən onu atalıqdan məhrum edib öz soyadımı verəcəm”.

Şikayətçi sonra KİV-ə müraciət edib: “Mətbuat orqanlarına demək istəyirəm ki, bundan sonra polis tərəfindən barəsində axtarış elan edilmiş Çingiz Xəlilzadənin müraciət edəcəyi növbəti mətbuat orqanı onun barəsində polisə məlumat vermədiyinə görə qanun qarşısında məsuliyyət daşıyacaq”.