BolgeXeber.Com » Ölkə » Tağıyev qəsəbəsində Şəhidlər Xiyabanı baxımsız vəziyyətdədir

Tağıyev qəsəbəsində Şəhidlər Xiyabanı baxımsız vəziyyətdədir

3-09-2015, 12:50
Oxunub: 710 Tağıyev qəsəbəsində Şəhidlər Xiyabanı baxımsız vəziyyətdədirİcra nümayəndəsi Nasir Rzayev isə yaxınlıqdakı əraziləri 100 manata icarəyə verir

Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda H.Z.Tağıyev qəsəbəsi sakinlərinin bu inzibati ərazi vahidi üzrə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının nümayəndəsi Nasir Rzayevin yarıtmaz fəaliyyətinə qarşı ciddi etirazları öz əksini tapmaqdadır. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, icra nümayəndəsi davamlı olaraq sakinlərin hüquqlarının pozulması hallarına yol verir. Vurğulanır ki, Nasir Rzayevin rəhbərlik etdiyi qurum qəsəbədə mövcud problemlərin həllinə yalnız rüşvət yığımı müstəvisində yanaşır. İlk növbədə aldığımız açıqlamalarda Nasir Rzayevin qəsəbədə və ətraf ərazilərdə davamlı olaraq həyata keçirdiyi torpaq maxinasiyalarından bəhs edilir. Qeyd olunduğu kimi, Tağıyev qəsəbəsi bir tərəfdən dənizlə, digər tərəfdən sənaye müəssisələriylə əhatələnib. Dəniz sahilinə paralel, qəsəbədən hər iki istiqamətə isə, geniş torpaq sahələri uzanıb gedir. Mənbələr bildirirlər ki, icra nümayəndəsi həmin o geniş ərazilərdən 100 hektardan artıq torpaq sahələrini uzun müddətə istifadəyə götürüb. Faktiki olaraq zəbt etdiyi həmin torpaqların bir hissəsində Nasir Rzayev mövsümdən asılı olaraq, bostan və tərəvəz bitkiləri, göyərti əkdirir, bir hissəsində balıqçılıq təsərrüfatı yaradıb, qalanını da icarəyə verib. Bütün bu fəaliyyətindən gələn gəlirdən isə təbii ki, nə dövlət büdcəsinə vergi ödənilmir, nə də qəsəbənin ehtiyaclarına bir qara qəpik olsun xərclənmir. Yeni aldığımız məlumatlarda isə, icra nümayəndəsinin ümumiyyətlə “icarə fəaliyyətinə” xüsusi rəğbəti olduğu vurğulanır. Bildirilir ki, bu rəğbət Nasir Rzayevi hətta qəsəbənin mərkəzi parkında, ümummilli lider Heydər Əliyevin büstünün bilavasitə ətrafında olan əraziləri belə yerli işbazlara icarəyə verməyə sövq etmişdir. Həmin şəxslər isə, bu ərazidə çayxana və qəlyanaltıxanalar açıb işlətməklə, hər ay icra nümayəndəsinə 100 manat “icarə haqqı” ödəyirlər. Yaxınlıqda yerləşən Şəhidlər Xiyabanı isə baxımsızlıqdan viran qalıb. Mənbələr bildirirlər ki, müqəddəs ziyarətgah kimi inşa olunmuş kompleks hazırda gölməçələrin və alaq otlarının əhatəsində qalıb.Daha sonra daxil olan məlumatlarda iddia olunur ki, bu gün qəsəbə torpaqlarının kənar şəxslərə qanunsuz satışı və burada eynilə qanunsuz evlərin tikintisi geniş vüsət alıb. Halbuki, yerli sakinlər ailə-məişət şəraitlərini yaxşılaşdırmaq üçün özlərinə məxsus torpaq sahəsində ev tikmək istədikdə, onlardan 5-8 min manat civarında rüşvət tələb olunur. Tələbə əməl olunmadıqda isə, Nasir Rzayev həmin vətəndaşa qarşı sərt tədbirlər görür. Belə ki, ev tikmək niyyətinə düşmüş qəsəbə sakininə qarşı əvvəlcədən heç bir tələb irəli sürülmür. Yalnız evin divarlarının çox hissəsi qaldırıldıqdan sonra, icra nümayəndəsi “səhnəyə çıxaraq”, özünə məlum meyarlar əsasında müəyyən etdiyi məbləği tələb edir. Bu zaman sakin iki seçim arasında qalır. Ya tələb olunan pul ödəniləcək, ya da evin inşa olunmuş divarları uçurulacaq. Təbii ki, bu zaman vətəndaşa külli-miqdarda ziyan dəyəcək. Amma bunun Nasir Rzayev heç bir əhəmiyyəti yoxdur. Həmçinin aldığımız məlumatlarda bu da bildirilir ki, bu gün Sumqayıt ŞİH-nin Tağıyev qəsəbə nümayəndəliyində dövlət satınalmaları ilə bağlı da kifayət qədər maxinasiyalar həyata keçirilir. Bu vasitə ilə qəsəbədə görülən, daha doğrusu görülməli olan abadlıq-quruculuq işlərinə ayrılan dövlət vəsaitlərinin də böyük bir hissəsi icra nümayəndəsi tərəfindən mənimsənilir. Həm də Nasir Rzayev bu mənimsəmələrə elə vərdiş edib ki, artıq çoxdan pensiya yaşına çatmasına rəğmən, hələ də hər il vəzifədə qalma müddətini daha 1 il uzatmağa nail ola bilir...bizimdovr.az



Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.