BolgeXeber.Com » Ölkə » Avropa Oyunlarını yola verdilər, iş adamlarına isə 120 milyon “atdılar”

Avropa Oyunlarını yola verdilər, iş adamlarına isə 120 milyon “atdılar”

8-09-2015, 19:38
Oxunub: 3 407 Avropa Oyunlarını yola verdilər, iş adamlarına isə 120 milyon “atdılar”Avropa Oyunları ərəfəsində Bakıda irimiqyaslı təmir-abadlıq işləri görüldü. Bütöv qəsəbələr, yollar abadlaşdırıldı, yeni bulvar quruldu. Hamısı da çox yüksək səviyyədə...

Lakin məlumatlı mənbələrdən virtualaz.org saytına məlum olub ki, bu işlərin əksəriyyətinin sifarişçisi olan SOCAR abadlıq-bərpa işlərini həyata keçirən podratçı şirkətlərin pulunu ödəməyə hələ də tələsmir.

Doğrudur, məsələ ondadır ki, SOCAR özü də ona çatacaq pulu hökumətdən ala bilmir. Çünki Nazirlər Kabineti həmin subsidiyanı ayırmağa tələsmir. Söhbət isə böyük məbləğdən - 120 milyon manatdan gedir.

Baş nazirin müavini Yaqub Eyyubov görülən işlərə görə ödənişlərin həyata keçirilməsinə göstəriş verməkdən bu günədək imtina edir. SOCAR rəhbərliyinin çoxsaylı müraciətlərinə baxmayaraq Y.Eyyubovun onlarla şirkətə ödəniş etməkdən imtinasının səbəbləri məlum deyil.

Təkcə o məlumdur ki, hökumətin bu hərəkətsizliyi xeyli tikinti şirkətinin maliyyə sıxıntısı ilə üzləşməsinə, hətta iflasına gətirib çıxarıb. Armatur, sement, bitum və s. inşaat materialları istehsalı zavodlarının maliyyə durumunu pisləşdirib. Nəticədə bu abadlıq-təmir işlərinə cəlb olunmuş 5 mindən çox adam zərər çəkib.

Mənbələrin verdiyi məlumata görə, həmin podratçı şirkətlərin, həmçinin SOCAR rəhbərliyinin ən son instansiyaya - prezident İlham Əliyevə bu məsələyə müdaxilə etmək və Azərbaycan iqtisadiyyatına nəzərəçarpacaq ziyan vura biləcək bu problemin həllinə yardım göstərmək xahişi ilə müraciət etməkdən savayı yolları qalmayıb.

Sübut üçün uzağa getmək lazım deyil. Pulu hələ də ödənilməmiş üç layihəyə baxaq. Avropa Oyunları ərəfəsində Təşkilat Komitəsi Bakının ən səliqəsiz məhəllələrindən olan və daha çox “Şanxay” kimi tanınanın kvartalının abadlaşdırılmasına qərar verdi. SOCAR-ın sifarişi ilə işə başlayan podratçı şirkətlər burada praktiki olaraq bircə aya hər şeyi yeniləyib abadlaşdırdılar. Bütün tikililərin və evlərin dam örtükləri yeniləndi. Küçələr abadlaşdırıldı. Bu işlərə 3 milyon dollar vəsait xərcləndi. O vaxtdan üç ay keçsə də həmin pul podratçı şirkətlərə hələ də ödənilməyib.

Digər nümunə. “Bəy Mamed” ləqəbli məşhur naxçıvanlı biznesmen hələ bir neçə il əvvəl Bayılda Su Oyunları Arenası ilə üzbəüz 21 çoxmərtəbəli bina tikdirmişdi. Burada görülən işlərin keyfiyyəti o qədər də yüksək deyildi. Həmin binalar sovet dövrünün əyri-üyrü “brejnevka”larını xatırladırdı. Bu binalar istismara veriləndən bir müddət sonra isə tamamilə yararsız hala düşmüşdü.

Hökumət bu eybəcər binaları da abıra salmağa qərar verdi, onlara xüsusi üzlüklər vuruldu. Bu işlər podratçı şirkətlərə 41 milyon manata başa gəldi (söhbət manatın fevral devalvasiyasına qədərki məzənnəsindən gedir). Podratçılar bu pulun 21 milyon manatını alıblar. Qalan 20 milyonu ödəməkdən isə imtina edirlər. Necə? Çox sadə.

Hökumətdəki yüksək mənsəb sahibləri, o cümlədən baş nazirin müavini Yaqub Eyyubovun özü də bunu anlamaqdan imtina edirlər ki, podratçı şirkətlər həmin işləri görməyə başlayarkən inşaat materiallarını (beton, armatur və s.) digər şirkətlərdən borc götürüblər. İndi isə həmin məhsulları istehsal edən zavodlar şirkətlərdən pulunu tələb edir. Bəs şirkətlər öz növbəsində kimə müraciət etməlidir? Əlbəttə ki, hökumətə. Lakin onlara məhəl qoyan da yoxdur.

Nəticə isə budur: 5700 işçi maaş ala bilmir. Şirkətlərin durumu isə daha ağırdır. Çünki banklar da öz növbəsində onlara kreditlərə görə faiz hesablamaqda davam edir.

Əslində nələrin baş verdiyi anlaşıldımı? Fəhlələr son ümid yerləri olan çörəkpullarını ala bilmir. Şirkətlər iflasa uğrayır. Banklar problemlə üzləşir. Nəticədə təkcə inşaat sektoru yox, bütün ölkə iqtisadiyyatı ziyana düşür.

Əgər pul olmasaydı, bu böhranı iqtisadi kataklizmlərlə də izah etmək mümkün olardı. Halbuki pul var. Sadəcə onu ödəmək istəmirlər, vəssalam! Bunu başqa nümunə də sübut edir.

Prezident Mili Məclisin binasının arxasındakı köhnə 9 mərtəbəli binaları da yenidən qurmaq barədə göstəriş verib. Binaların üzlənməsi üçün büdcədən 11 milyon manat ayırıblar. İşlər başlayıb. Pul ayrılıb və 5 milyonu xərclənib.

Sonradan maliyyə ayrılması dayandırılıb. Ona görə də işlər də yarımçıq saxlanıb. İşlərin yarımçıq saxlanması isə podratçı şirkətə böyük ziyan vurub. Çünki şirkət inşaat texnikasını başqa şirkətdən icarəyə götürüb və buna görə hər gün pul ödəməlidir. Texnika isə boş-boşuna dayanıb.

Bu halda hamı ziyan çəkir. Şirkətlər pul itirir. Binaları təmir olunub üzlənən sakinlər rahatlığını itirib. Onlar bir ildir bitmək bilməyən və qəfildən yarımçıq saxlanan işlərə görə balkonlarına da çıxa bilmirlər. Banklar şirkətləri faizlə yükləyir. Dövlət isə məmurların günahı ucbatından nüfuzunu itirir...

Bəs əslində nə baş verir? Bu aşkar sabotaj nə ilə bağlıdır? Hesabda pul var. Ölkədə dərin iqtisadi böhran yoxdur. İşlər də lazımi səviyyədə görülüb. Maliyyələşmə isə yarıda kəsilib.

Məmurlar hansı məntiqlə hərəkət edir? Doğrudanmı ilk baxışda bu əhəmiyyətsiz məsələyə də dövlət başçısı şəxsən özü müdaxilə etməlidir? Etməlidir ki, 5700 nəfər artıq çoxdan görüb qurtardıqları işlərə görə (!!!) maaş ala bilsin? Ölkədə qəsdən sosial gərginlik yaratmaq, insanları hakimiyyətə qarşı qaldırıb küçələrə çıxarmaq kimə lazımdır?

Azərbaycan məmurlarının məntiqini anlamaq doğrudan da çox çətindir...