BolgeXeber.Com » Ölkə » Fitosanitar Xidmət sahibkarlara qənim gəlib - Dövlət xidməti prezidentin tapşırıqlarına niyə məhəl qoymur?

Fitosanitar Xidmət sahibkarlara qənim gəlib - Dövlət xidməti prezidentin tapşırıqlarına niyə məhəl qoymur?

22-09-2015, 15:41
Oxunub: 1 085 Fitosanitar Xidmət sahibkarlara qənim gəlib - Dövlət xidməti prezidentin tapşırıqlarına niyə məhəl qoymur?Adının mediada hallanmasını istəməyən tikinti materiallarının idxalı-ixracı sahəsində çalışan bir sahibkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti xidmətindəki korrupsiya hallarından TodayNews İnformasiya Portalının redaksiyasına şikayət məktubuyla müraciət edib.

Ölkə başçısı cənab İlham Əliyevin məmurlarla keçirdiyi müşavirələrdə ölkədə sahibkarlığın inkişafı üçün tam şəraitin yaradılması, bir pəncərə sisteminin tətbiq edilməsi, sahibkarlara qarşı bütün növ süni maneələrin aradan qaldırılması, məmurların sahibkarlara qarşı bürokratik əngəllərə yol verilməməsi üçün dəfələrlə tapşırıq və xəbərdarlıqlarına görünür adı çəkilən qurumda məhəl qoyan yoxdur.

Belə ki, redaksiyamıza daxil olmuş məktuba əsasən, sahibkar və onun qeyd etdiyinə əsasən bu sahədədə çalışan əksər sahibkarlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindəki rüşvətxorluq və özbaşınalıqdan əziyyət çəkir. Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz müvafiq preskurantlarını (qiymət – red.) müəyyən etmişlər və həmin preskurantlara uyğun olaraq sahibkarlardan əlavə ödənişlər etməyi tələb edirlər. Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilmişdir.

Lakin sahibkarın qeyd etdiklərinə əsasən, Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir. Sahibkar şikayət məktubunda yazır: “Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov tərəfindən müəyyən edilmiş preskurantlara əsasən idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 vaqon meşə materialına görə 20 manat, yəni rəsmi tarifdən 20 dəfə artıq məbləğ, bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsi fitosanitar sertifikatlarının verilməsinə görə 160 manat, yəni rəsmi tarifdən 50 dəfədən artıq məbləğ alırlar. Əlavə olaraq respublikadan tranzit rejimi altında ixrac edilən 1 vaqon meşə materiallarına görə 80 manat, yəni 80 dəfədən artıq məbləğ alınır. Mən isə bu məbləğlərin qanunsuz, daha dəqiq desəm, rüşvət olduğunu xidmət rəhbərliyinə bəyan etsəm də, onlar yenə də öz qanunsuz əməllərindən əl çəkmək istəmirlər”.

Sahibkarın bildirdiyinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə 160 manat pul tələb edirlər. İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər. Sahibkar məktubunda qeyd edir: “Mən 2015-ci ilin iyul ayının əvvəlindən başlayaraq Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və şöbə müdiri Mehman Məmmədov tərəfindən müəyyən edilmiş preskurantlar üzrə ödənişlər etməkdən imtina etdim. Mənim bu qanuni hərəkətlərim C.Quliyev və M.Məmmədovun qanunsuz bizneslərinə zərbə vurduğuna görə onlar mənim şirkətimin ünvanına Rusiya Federasiyasından gələn taxta materiallarına idxal icazəsi verməkdən müxtəlif bəhanələrlə imtina edirlər, tranzit rejimi altında gələn yüklərin boşaldılıb müvafiq qaydada göndərilməsinə əsassız müdaxilələr edirlər, heç bir əsas olmadan vaqonların vaxtında boşaldılmasına maneəçilik törədirlər və bu hərəkətləri ilə son nəticədə mənim sahibkarlıq fəaliyyətimə qanunsuz müdaxilə etməklə mənə küllü miqdarda ziyan vururlar”.

Beləcə Dövlət Xidməti sahibkarları məcbur edir ki, özlərinin müəyyən etdikləri məbləğdə rüşvət ödənilsin. Sertifikatın gecikdirilməsi ilə külli miqdarda ziyan çəkəcəyini anlayan sahibkar isə çıxılmaz vəziyyətdə qalaraq tələb edilən məbləğdə rüşvəti ödəməyə məcbur olur.

Təəssüflər olsun ki, Ölkə başçısının bu sahədəki ədalətli siyasətinə, imicinə zərər vuran bu cür məmurlar hələ də var və yüksək postlarda vəzifə tuturlar.
TodayNews.az