BolgeXeber.Com » Ölkə » Deputata və oğluna yeni şok ittihamlar - Qəbələdə və Şüvəlanda villanı necə alıb?

Deputata və oğluna yeni şok ittihamlar - Qəbələdə və Şüvəlanda villanı necə alıb?

29-09-2015, 10:59
Oxunub: 2 854 Deputata və oğluna yeni şok ittihamlar - Qəbələdə və Şüvəlanda villanı necə alıb?Şikayətçilər: “Elmira Axundova ”Audi-Q7" markalı avtomaşını, Qəbələdə və Şüvəlanda villanı necə alıb, “Favorit” marketlər şəbəkəsini necə saxlayır?"

Deputat Elmira Axundova və oğlu Həbib Axundovun adının 8 milyonluq dələduzluq qalmaqalına qarışması haqda yazmışdıq. Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israr edir. “Yeni Müsavat”a məktub yollayan Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov Axundovların əməlləri haqda müraciətlərini millət vəkillərinə çatdırmağımızı xahiş edirlər.

Müraciət müəllifləri məktublarında yazırlar:

“Hörmətli millət vəkilləri!

“Onlarla insanı aldadıb həyatlarını zəhərə döndərən yeganə oğlu Həbib Axundovu cəmiyyət üçün xeyirli övlad kimi yetişdirə bilməyən Elmira Axundovanın müxtəlif televiziya kanallarında gənclərə öyüd-nəsihət verməsi, problemə düçar olmuş şəxslərə yol göstərməsi və bəzən də şou üçün göz yaşları axıtması insanda ikrah hissi yaradır. Aldadılmış insanlar çarəsiz durumda və ümidsiz olaraq çıxış yolları axtardıqları halda, Həbib Axundov Londonda, Dubayda, Antalyada və dünyanın müxtəlif şəhərlərində kef məclisləri qurur, dövlət nömrə nişanları 111-lə bitən 5-6 ədəd bahalı (”Porshe", “Jip-Wrangler”) avtomaşınlar sürür, Port-Baku adlanan bahalı yaşayış kompleksində anasına və özünə məxsus 370 kv.metrlik mənzildə qiyməti milyonlarla manat olan təmir apartdırır, A.Alı küçəsi 45 ünvanında 5 mərtəbəli dəbdəbəli qeyri-yaşayış sahəsinin inşasını tamamlatdırır. Dövlət Gömrük Komitəsində aylıq əmək haqqı 485 manat 46 qəpik təşkil edən bu şəxs hansı vəsait hesabına dəyəri milyonlarla ölçülən bu işləri görə bilir?

Elmira Axundovanın xeyir-duası ilə “fəaliyyət” göstərmiş oğlu Həbib Axundov cəzasızlıq mühitində yaşayacağını zənn edir. Toruna saldığı Elnur İbrahimovu çirkin məqsədləri üçün tam istifadə etdikdən sonra şou düzəldərək onu Gürcüstan Respublikası vasitəsilə Rusiya Federasiyasına yola salan Həbib Axundov bütün cinayətləri ona yönəltməklə sudan quru çıxdığını düşünür. Elmira Axundovanın tutduğu qulluq mövqeyindən sui-istifadə etməklə Müdafiə Nazirliyinin ərzaq, geyim və əşya tenderlərində müxtəlif fiziki və hüquqi şəxsləri müəyyən haqq (şəriklik) müqabilində qalib elan etdirməsi dövləti cinayətdən başqa bir şey deyildir. Elmira Axundova bu cür “işbazlığı” nəticəsində dövlətimizin, Ali Baş Komandanımızın daim qayğı və nəzarətdə saxladığı, həddindən artıq həyati sahə olan Müdafiə Nazirliyində, eləcə də əlillərin və müvəqqəti işsizlərin ümid yeri olan, əhalinin aztəminatlı hissəsinin sosial problemlərinin həlli ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də davam etdirməsi nəticəsində dövlət büdcəsinin 100 minlərlə manat vəsaiti talan edilmiş və şəxsi ciblərə getmişdir. İxtisasca jurnalist olan Elmira Axundovanın aylıq qazancı şəxsi “Audi-Q7" markalı avtomaşını almağa, sürücü saxlamağa, gəlininə 28 iyul 2015-ci tarixdə ”Toyota-Prado" (2015-ci ilin buraxılışı) markalı avtomaşın almağa, ona da sürücü saxlamağa, Qəbələdə iki mərtəbəli, mansarlı dəbdəbəli villa tikdirməyə, Şüvəlanda möhtəşəm villa almağa, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 72 ünvanında 6 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etdirməyə, oğlunun dəyəri yüz minlərlə manat ölçülən bahalı maşınlarının “kreditlərini” ödəməyə, “Favorit” marketlər şəbəkəsini saxlamağa necə kifayət edir? Bu suallara cavabın Axundovların əsil üzünü cəmiyyətə açacağına tam əminik. Xahiş edirik müraciətimizə münasibət bildirəsiniz".

Qeyd edək ki, müraciət müəllifləri Həbib Axundovun dostu Elnur İbrahimovla yaratmış olduqları maliyyə fırıldağı piramidasının qurbanları olduğunu bildirirlər. Onlar redaksiyamıza təqdim etdikləri bundan öncəki müraciətlərində qeyd ediblər ki, Həbib Axundov və Elnur İbrahimovun əməlləri nəticəsində Ziya Vəliyevin 205 min, Elvin Vəliyevin 202 min, Sabir Ağayevin 115 min, Şahin Məhərrəmovun 70 min, Fərman Məmmədovun isə 575 min məbləğində pulları əllərindən çıxıb. Müraciət müəllifləri yazır ki, onlar əvvəlcədən planlaşdırılan dələduzluq cinayəti ilə üz- üzə qalıblar. Məhz Həbib Axundovun vasitəsi və zəmanəti ilə birbaşa onun özünə və hazırda CM-in 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnur İbrahimova pul verdiklərini iddia edirlər.