BolgeXeber.Com » Ölkə » Əcnəbi həkimin əlində ölsəniz... - Səhiyyə Nazirliyinin özəl klinikalarla fikri üst-üstə düşmür

Əcnəbi həkimin əlində ölsəniz... - Səhiyyə Nazirliyinin özəl klinikalarla fikri üst-üstə düşmür

29-09-2015, 14:26
Oxunub: 857 Əcnəbi həkimin əlində ölsəniz... - Səhiyyə Nazirliyinin özəl klinikalarla fikri üst-üstə düşmür“Xaricdən dəvət edilən həkimlərin apardığı əməliyyatlar zamanı ölüm halı baş verərsə buna görə bütün məsuliyyət həkimin üzərinə düşür

Həkimi dəvət edən klinika baş verənə görə heç bir məsuliyyət daşımayacaq."

Bunu özəl kliniklalardan birində xaricdən həkim dəvət etməklə məşqul olan məsul işçi bildirib.

Onun sözlərinə görə, əcnəbi tibb işçisi ilə onun Azərbaycanda fəaliyyətinə dair razılaşma zamanı bütün məsuliyyətin həkimin üzərinə düşdüyü vurğulanır.

Klinika nümayəndəsi həmçinin başqa ölkələrdən dəvət edilən tibb işçilərinin ölkəmizə müqavilə əsasında gəldiyini, bunun da əsas səbəbinin yerli həkimlərin savadının artırılması olduğunu bildirdi.

“Biz daha çox Türkiyədən həkim dəvət edirik. Həmin həkimlər ölkəmizə gələrək yerli tibb işçiləri ilə birgə əməliyyatlara girirlər. Bizim işçilərimiz də həmin mütəxəssislərdən təcrübə almış olurlar”,-deyə klinika nümayəndəsi qeyd etdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə bildirdilər ki, xarici ölkələrdən həkim dəvət edilməsi heç də bizim tibb işçilərimizin savadsız olmasından irəli gəlmir. Bunda özəl xəstəxanaların xususi marağı var.

Nazirlik nümayəndəsi ölkəmizə həkimlərin dəvət edilməsi prosedurunu da açıqladı.

“Başqa ölkələrdən həkim dəvət etmək istəyən klinikalar əvvəlcə bizə müraciət edirlər. Bizdə həmin həkim barədə yetərli məlumat toplayırıq. Əgər gələcək şəxsin keçmişi barədə hansısa qaranlıq məqam yoxdursa, həmin tibb işçisinin ölkəyə gəlməsinə razılıq verilir. Bizim razılığımızdan sonra Dövlət Miqrasiya Xidməti də həmin həkimin ölkəyə gəlməsinə razılıq verir”-deyə mətbuat xidmətindən bildirdilər.

Özəl klinikaların “xarici həkimlər tərəfindən müayinə zamanı baş verən ölüm hallarına görə klinikanın məsuliyyət daşımadığı” fikrinə cavab olaraq nazirlik rəsmisi dedi ki, burada məsuliyyət tək həkimin üzərinə düşmür. Ölüm halı olduğu zaman nazirlik tərəfindən araşdırma aparılır. Ancaq məsuliyyət həkimlə bərabər klinikanın da üzərinə düşür.

Azərbaycana xaricdən həkim dəvət edilməsi ilə bağlı Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, ölkəmizdə insanların xarici həkimlərə üz tutmasının əsas səbəbi onların yerli tibb işçilərinə etimad etməməsi ilə bağlıdır.

"Müasir klinikalarda tibbin son texnologiyaları olsa da, həmin texnologiyalarla işləyə bilən kadrların yetərincə olmaması vəziyyəti gəlizləşdirir. Düzdür bu gün, ölkəmizdə xaricdə təhsil alan gənclərimiz də var, ancaq onların sayı kifayət qədər deyil”,-deyə Adil Qeybulla bildirdi.

Səhiyyə Nazirliyi Azərbaycanda bütün sahələrdə həkimlərin savadının yetərincə olduğu fikrini irəli sürsə də, insanlar xaricdən dəvət edilən həkimlərə daha çox etimad edir. Özəl tibb müəsisələri tez-tez xarici ölkələrdən əcnəbi həkimlər dəvət etməsi, onların reklamına külli miqdarda pul xərcləməsi xarici həkimlərə tələbatın kifayət gədər olmasından xəbər verir.

Ən əsası pasientlər ölkəmizə gələn əcnəbi həkimlər tərəfindən aparılan müalicə zamanı ehtiyatlı olmalıdırlar. Əcnəbi həkimlərin müayinəsindən keçməzdən əvvəl klinikadan həmin həkimin təcrübəsi haqda sənəd tələb edin.

Çünki canınızı əmanət etdiyiniz şəxsin kimliyini bilməkdən daha təbii bir haqqınız ola bilməz.

Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 900-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir.
Bolgexeber.com