BolgeXeber.Com » Ölkə » Murad Dadaşovun başına iş gəlib – cinayət kimi olay

Murad Dadaşovun başına iş gəlib – cinayət kimi olay

1-10-2015, 10:23
Oxunub: 3 078 Murad Dadaşovun başına iş gəlib – cinayət kimi olay Hakerlər şoumenin adından ayrı-ayrı şəxslərə təhqiramiz mesajlar yollayır

Şoumen Murad Dadaşovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, son günlər şoumenin istifadə etdiyi mobil nömrədən ayrı-ayrı adamların telefonlarının mesaj qutusuna təhqiramiz ifadələr göndərilir. Həmin ifadələrdə ictimailəşdirilməsi mümkün olmayan təhqirlər, küçə söyüşləri var.
Bu cür mesajları alan bir neçə şəxs nömrə sahibi ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışıb. Məlum olub ki, mobil nömrənin sahibi tanınmış şoumen, "Parni iz Baku” KVN komandasının məşhur üzvlərindən bir olan Murad Dadaşovdur. Belə ki, o, zənglərə cavab verərək özünü təqdim edib və bildirib ki, həmin mesajlardan xəbəri olmayıb. Hakerlər onun adından müxtəlif şəxslərə təhqiramiz mesajlar yollayır. Şoumen hazırda ölkə xaricində olduğunu, Azərbaycana dönən kimi məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini, kiber xuliqanlığı törədən şəxs və ya şəxsləri araşdıracağını deyib.
Olayla bağlı olaraq Murad Dadaşobla əlaqə yaratmağa çalışsaq da zənglərimiz cavabsız qaldı və məlum oldu ki, şoumen həqiqətən ölkə xaricindədir.
Bəs görəsən hansı halda şəxsin iradəsi olmadan mobil nömrəsindən başqalarına mesaj göndərilə bilər?
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz musavat.com-a bunları deyib: "İnternetdə mobil telefonlar üçün bu tip ödənişli və ya ödənişsiz proqramlar var. Bunun vasitəsilə də internet üzərindən telefonları asanlıqla idarə etmək olur. Bunlara adətən kəşfiyyatçı, casus proqramlar deyilir”.
O.Gündüz bildirib ki, aldadıcı nömrə vasitəsilə də casusluq mümkündür: "Yəni, faktiki olaraq gələn mesajlar başqa mobil nömrədən göndərilir, lakin ekranda şəxsin nömrəsi qeyd olunur. Eyni zamanda digər bir proqram var ki, mobil telefona həmin proqram yazılanda şəxsin telefonunu kənardan izləmək olur. Yəni həmin proqram şəxsin telefonunda varsa mobil nömrəyə gələn mesaj və zənglərin əksi çıxarılır. Güman edirəm ki, Murad Dadaşov da bu tip proqramın qurbanı olub. Ola bilsin ki, zamanında kimsə onun şəxsi telefonunu əldə edib. Və yaxud da internetdən mobil nömrəyə gələn hansısa bir məktub açılıb və həmin proqram dərhal onun telefonuna yerləşib”.
Osman Gündüz bu cür xoşagəlməz olaylarla qarşılaşmamaq üçün əvvəlcədən ehtiyat tədbirlərin görülməsinin mütləq şəkildə lazım olduğunu vurğulayıb:
"Şəxs ilk növbədə öz mobil telefonunu qorumağı bacarmalıdır. Buna görə telefonuna antiviruslar, kəşfiyyatçı proqramlara qarşı proqramlar köçürülməlidir”.
O.Gündüz kiber xuliqanlığı ilə üzləşərkən dərhal mütəxəssisə müraciət etmək lazım olduğunu bildirib: "Əgər artıq hadisə baş veribsə, şəxs dərhal telefonunu mütəxəssisə göstərməli, təhlükə yaradan proqramları sildirməlidir. Unutmaq olmaz ki, proqramı mütəxəssis rəyi olmadan silmək olmaz. Çünki, aydınlaşdırılmalıdır ki, o proqram kim tərəfindən və hansı tarixdə telefona yazılıb”.
O.Gündüz deyib ki, bununla bağlı mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır:"Əvvəllər bu cür olaylarla Milli Təhlükəsizlik Nazirliyi məşğul idisə, hazırda Daxili İşlər Nazirliyinin nəzarətindədir”.