BolgeXeber.Com » Ölkə » ANS-MTRŞ davası daha da qızışdı-Teleqədəmi xoş olmayan Xoşqədəm...

ANS-MTRŞ davası daha da qızışdı-Teleqədəmi xoş olmayan Xoşqədəm...

2-10-2015, 13:59
Oxunub: 3 037 ANS-MTRŞ davası daha da qızışdı-Teleqədəmi xoş olmayan Xoşqədəm...Münaqişə tərəfləri məhkəmələrə üz tutacaqmı?


Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərini bağlaması gündəmin müzakirə mövzusuna çevirilib. MTRŞ yaydığı məlumatda bu proqramlarda insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini bəyan edib.

Bundan sonra ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mir Şahin Ağayev qərarla əlaqədar olaraq şuranı məhkəməyə verəcəklərini deyib. O, müsahibəsində Nuşirəvan Məhərrəmlinin qeyd edilən verilişlərin aparıcısı Xoşqədəm Hidayətqızı ilə problemi olduğu barədə ilginc iddialar da irəli sürüb: “Bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli, N.Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla. Təəssüf...”

MTRŞ-nin Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov facebook hesabında Mir Şahin Ağayevi sərt tənqid edib: “ANS onunla bağlı ağzından bir az köndələn söz çıxaran hər kəsi imici və işgüzar nüfuzunu qorumaq adı altında məhkəməyə verir. Lap yaxşı da eləyir. Amma gərək özünə rəva bilmədiyini başqasına da bilməyəsən.

Belə yol seçənlər, yəni hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr, yaxşı olardı. Məsələn, Mir Şahin Ağayev anspress.com saytına açıqlamasında belə deyib: ”Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla". İndi bu sözdən yapışıb onun özünü məhkəməyə vermək olarmı-olmazmı? Bu, böhtandımı, deyilmi? Şuranın, onun sədrinin hər hansısa aparıcı ilə nə işi var axı? Nə vaxtsa açıqlamalarımızda Xoşqədəmin, yaxud da hansısa başqa aparıcının adını çəkmişikmi? Yox. Biz hər dəfə demişik ki, qanun qarşısında cavabdeh olan yayımçı və onun məsul şəxsləridir, aparıcı yox. Bunun müqabilində belə açıqlamasının onun özünün əleyhinə işləyə biləcəyini Mir Şahin yəqin ki, yaxşı bilir. Şuranın iclasında daha sərt qərar verilməsin deyə muma dönmək, məqsədə nail olduqdan sonra isə aslana çevrilmək müəyyən bir xarakterin göstəricisi olsun gərək".

Baş verənlərlə bağlı X.Hidayətqızının münasibətini öyrənməy çalışsaq da aparıcı əməkdaşlarımızın uzun-uzadı zənglərinə cavab verməyib.

Qeyd edək ki, bir neçə gün ərzində ANS telekanalında “Sən tək deyilsən!”, “Xoşqədəmlə axtarıram səni” verilişlərindən başqa həftə içi yayımlanan “Şokolad” və şənbə günü efirə gedən “A-dan Z-yə” proqramları da dayandırılıb, “Günə baxan” verilişinin isə formatı dəyişdirilib. Həmçinin digər televiziyada ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Öz aramızda” verilişinin yayımı dayandırılıb. Bununla bağlı olaraq sosial şəbəkələrdə aparılan müzakirələr, iddialara görə televiziyalarda aparılan bu dəyişiklik Azərbaycan hökümətinin yürütdüyü siyasətdir və qarşıdan gələn parlament seçkiləri ilə əlaqədardır.

Əməkdar jurnalist, tele-tənqidçi Qulu Məhərrəmli məsələ ilə bağlı mövqeyini bildirib. Teletənqidçi televiziyalarda gedən proseslərin qarşıdan gələn seçkilərlə heç bir bağlılığı olmadığını bildirib:

“Milli Televiziya və Radio Şurasının çıxartdığı qərarın qarşıdan gələn parlament seçkiləri ilə qətiyyən heç bir əlaqəsi yoxdur. Burda söhbət təkcə Xoşqədəm Hidayətqızının verilişindən getmir, bütövlükdə son illər televiziyalarda bayağı verilişilərin sayı durmadan artmaqdadır. Əksər televiziya kanalları ictimai əxlaqı zədələyən, şəxsi məsələləri şoulaşdıran, qarşıdurmaları daha da şişirdən intriqa alətinə çevrilib. Bu da təbii ki, çoxsaylı tamaşaçıların, auditoriyanın ciddi narazılığına səbəb olur. Doğrudur, dunyanın hər yerində bu tip verilişlər var, lakin təəssüf ki, bizdə bu hal həddindən artıq çoxdur. Bu baxımdan MTRŞ-nin bu verilişlərə müdaxilə etməsi özünü doğruldur və başa düşüləndir”.

Qulu Məhərrəmli eyni zamanda MTRŞ-nin xəbərdarlıq etmədən qərar çıxartmasını pisləyib:

“Hazırda televiziyalar üçün yeni mövsüm başlayır, redaksiyalar yeni yayım üçün proqramlar müəyyənləşdirməkdədir. Buna görə də MTRŞ-nin xəbərdarlıq etmədən verilişləri bağlamasını kifayət qədər sərt qərar hesab edirəm. Milli Televiziya və Radio Şurası televiziyalara tövsiyə və təkliflərini verə bilər, çünki bu qurum televiziyaların yayım siyasətini tənzimləyir. Lakin Şura heç bir halda televiziyaların redaksiya siyasətinə birbaşa müdaxilə edə bilməz və ixtiyarı da yoxdur”.

Teletənqidçi proseslərin bu yöndə inkişaf etməsini gələcək üçün təhlükə hesab edib:

“Çalışmaq lazımdır ki, MTRŞ və televiziyalar arasında səmimi, qarşılıqlı hörmət və ehtirama söykənən münasibətlər olsun, vaxtaşırı müəyyən müzakirlər aparılsın, tövsiyələr verilsin. Bununla da həm televiziya kanalları səmərəli işləyə, özlərini dolandıra, tamaşaçı auditoriyası toplaya, eyni zamanda verilişlərlə bağlı ciddi narazılıqlar aradan qalxa bilər.
Qulu Məhərrəmli aparıcısı Xoşqədəm Hidayətqızı olan “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərini əvvəllər bəyəndiyini, hətta qonaq qismində iştirak etdiyini də deyib:

“Bir neçə il bundan əvvəl veriliş ATV-də yayımlanmağa başladı. O zaman veriliş baxımlı idi və maraq doğururdu. Hətta mən də bir-iki dəfə verilişdə qonaq qismində iştirak etdim. Lakin sonralar veriliş öz marağını itirmiş oldu”.

Qeyd edək ki, MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov mətbuata açıqlamasında bildirib ki, “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişləri bağlanan kimi qaynar xəttə ardı-arası kəsilməyən təşəkkür zəngləri gəlib.(musavat.com)