BolgeXeber.Com » Ölkə » Ziya Məmmədovun işçisinin açıqladığı korrupsiya faktları araşdırılmır

Ziya Məmmədovun işçisinin açıqladığı korrupsiya faktları araşdırılmır

7-10-2015, 09:28
Oxunub: 2 551 Ziya Məmmədovun işçisinin açıqladığı korrupsiya faktları araşdırılmırXırdalan Stansiyasının Yük Kontorunun sabiq rəisi Əliağa Hüseynovun məktubları 10 aydır yollarda “dolaşır”

Xırdalan Stansiyasının Yük Kontorunun sabiq rəisi Əliağa Hüseynov açıqladığı korrupsiya faktlarının, ona qarşı qanunsuzluqların araşdırılmasını istəyir. Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamentinin rəhbəri Əşrəf Məmmədəliyevə müraciət edən Ə.Hüseynov rəisini ona qarşı qanunsuzluqlarda suçlayıb. Ə.Hüseynov redaksiyamıza təqdim etdiyi müraciətində yazır:

“10 aydan çoxdur sizin mənə qarşı tutduğunuz çirkin əməllərinizdən dəfələrlə ölkə başçısına, QSC-nin sədri Cavid Qurbanova, nəqliyyat naziri Ziya Məmmədova, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, ayrı-ayrı nazirliklərə, təşkilatlara müraciətlər etmişəm. Müraciətlərimin məzmunu məcburi şəkildə sizin tapşırığınız əsasında məndən ərizə alınıb işdən çıxarılmağım və Xırdalan stansiyasına 2014-cü ilin noyabr ayında təyin olunmuş rəis Vüsal Eminovun stansiyada sənədləri saxtalaşdırıb külli miqdarda pul mənimsəməsindən ibarət olub. Yazdığım bütün ərizələr baxılıb tədbir görülməsi üçün sizin rəhbərlik etdiyiniz Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamentinə göndərilir. Orada isə sizin qərəzli göstərişiniz əsasında ərizələrimə baxılmır, baxılan halda isə departamentdən aidiyyəti olmayan adamların imzası ilə mənə cavab məktubu göndərirsiniz ki, sizin eyni məzmunlu ərizənizə 19 mart 2015-ci il tarixdə D-447 saylı məktubla cavab verilmişdir. Əşrəf müəllim, mənə cavab məktubunda nə üçün göstərdiyim faktlar barədə açıqlama vermirsiniz?

Müraciətlərim araşdırılan zaman mənə nə üçün stansiya rəisi Vüsal Eminovun törətdiyi saxtakarlıqlar barədə gördüyünüz cəza tədbirindən məlumat vermirsiniz? Baş Prokurorluğa Xırdalan stansiyasında törədilmiş korrupsiya faktları haqda mayın 25-də ərizə ilə müraciət edib saxtalaşdırılmış sənədlərin surətlərini təqdim etmişəm. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən isə həmin sənədləri baxılıb tədbir görülməsi üçün sizin rəhbərlik etdiyiniz Yük Daşımaları Departamentinə göndəriblər. Sizin müavin Nəriman Nağıyev isə şikayət ərizəmi araşdırmadan 10.08.2015-ci il tarixdə məktubla mənə cavab göndərir ki, sizin eyni məzmunlu ərizənizə 19.03.2015-ci il tarixdə cavab verilmişdir”.

Müraciət müəllifi yazır ki, ən müxtəlif qurumlara yolladığı ərizələr eyni məzmunlu olsa da, araşdırılmamış qalıb: “Hörmətli Əşrəf Məmmədəliyev, məndən məcburi ərizə alıb işdən çıxmağıma, rəis Vüsal Eminovun korrupsiya əməllərini gizlədib onu müdafiə etdiyinizə, 2014-cü ilin noyabr ayında 1 həftə ərzində dəmir yolunun müxtəlif stansiyalarında işləyən 9 nəfəri məcburi işdən çıxarıb əmək müqavilələrinə xitam verdiyinizə, bu gün onların hamısının işsiz qaldığına görə sizin Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamentinə rəhbərlik etməyə haqqınız yoxdur. Bütün bunlara görə siz qanun qarşısında cavab verməlisiniz”.
musavat.com
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.