BolgeXeber.Com » Ölkə » Beyləqanın yalnızca bir problemi var... - O da icra başçısının özüdür...

Beyləqanın yalnızca bir problemi var... - O da icra başçısının özüdür...

8-10-2015, 10:24
Oxunub: 2 693 Beyləqanın yalnızca bir problemi var... - O da icra başçısının özüdür...Beyləqanda "DSK” sərgüzəşti

Bu dəfə Beyləqana ayaq basanda Səməd Vurğunun "Vaqif” dramından bir beyt yadıma düşdü: "Aparın Vaqifi salın zindana, göz dağı çəkdirin Azərbaycana!” Bu, əsərdə Qacarın çoxsaylı monoloqlarından birində ifadə edilirdi. İndi sanki kimsə Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevə belə bir tapşırıq verib ki, məmləkətin qədim diyarı olan Beyləqanı xaraba qoyaraq Azərbaycana göz dağı çəkdir!

Bakıdan Beyləqana qədər qət edilən 300 km-ə yaxın məsafənin necə keçildiyi hiss edilmədi. Lakin keçmiş başçının qoydurduğu, arxasını erməni kimi düşmənə tərəf çevirən əsgər heykəlini keçən kimi, elə bildim hansısa dağ kəndinin yolu başlayır. Amma yanılırdım, bura artıq Beyləqan ərazisinin başlanğıcı idi. Bəli, nədənsə bu regiona düşən bütün yol layihələri Beyləqana çatanda başa çatır, hətta Beyləqana çatmamış bitir. Bunun da yəqin bir sirri var, ya da ki, qismət beləymiş…

Amma hər şeyi qismətə bağlamaq da doğru deyil, məsələn, elə bu çala-çuxur yollar boyu keçmiş icra başçısı İrşad Əliyev müxtəlif növ ağaclar əkdirmişdi. İrşad müəllimin dövründə bu ağaclara qulluq məsələsi ərazi icra nümayəndələrinə və bələdiyyələrə tapşırılmışdı (hərçənd ki, qanuna görə icra hakimiyyətinin nümayəndəsi bələdiyyələrə tapşırıq verə bilməz). Amma indi bu ağaclara sahib durub, onlara bir qurtum su verən tapılmır. O üzdən də yazıq ağaclar gənc olmamış qosalıb, qoturlayıb, payız yetişməmiş isə yarpaqlarını tökərək çılpaqlaşıb. Lakin bu ağacların hamının gözü qarşısında quruyaraq məhf olması heç kimi narahat etmir. Sözügedən ağacların quruyaraq məhv olmasını kimsə görməsə də, rayonun birinci personası – icra başçısı Vaqif Abdullayev mütləq görür. Çünki bu adam hər həftəsonu ailəsinə baş çəkmək üçün paytaxta üz tutur. Məhz elə həmin quruyan ağaclar da paytaxt yolunun üstündədir. Axı rayon rəhbəri razı olmaz ki, ailəsi də beyləqanlılar kimi əziyyət çəksin, çala-çaxnaq yollarla getsin, uçuq sinif otaqlarında dərs alsın, şoran torpaqlarda gəzsin və s. Yəni onu demək istəyirəm ki, rayon rəhbəri hər həftə bu mənzərəni görsə də, ona heç bir əhəmiyyət vermir. Necə deyərlər, Beyləqanda Vaqif Abdullayevə "Araz aşığındandı, Kür topuğundan…”

Gəldiyimiz bu qənaət rayon əhalisi ilə təmaslarımızdan sonra tam şəkildə təsdiqini tapdı. Başçı ilə təmasda olan rayon sakinlərindən biri bizimlə söhbətində bildirdi: "Başçı deyir ki, kim rüşvət vermək istəyirsə, gətirsin versin, bütün imkanlarından istifadə edərək çəksin, yazsın, hara istəyir şikayət etsin. Əsas məsələ odur ki, pul gəlsin…”

Hələ bu da hamısı deyil, başqa bir rayon sakini bundan da maraqlı bir ifadə barədə danışır. Söylədi ki, icra başçısı deyir: "Kim rayonda rüşvət verib iş qurmaq istəyirsə, 50 manatdan artıq rüşvəti gətirib şəxsən mənə verin, ara adam tutmayın. Bu, həm sizin büdcənizə xeyirdi, həm də mənim üçün sərfəlidir. Çünki ara adamı da öz faizini məbləğin üzərinə gəlir və bəzən iş qurmaq istəyən adamın bu işi aşırmağa gücü çatmır”. Baxın, görün, Beyləqanı idərə edən şəxsin özəl sektorun "inkişafına” dair necə də maraqlı təklifi var. Bunlar yalnız təklif deyil, həm də təcrübədən vətəndaşlar arasında heç bir sədd yoxdur, kim istəsə görüşüb "hesabın” verir və işini qurur – tam olaraq başçının dediyi kimi.

Beyləqanda "DSK” sərgüzəşti

Məlumdur ki, ölkədə parlament seçkiləri start götürüb, vətəndaşlar passiv seçki hüququndan istifadə edərək öz namizədliklərini irəli sürürlər. Ölkənin hər yerində olduğu kimi Beyləqanda da seçkinin bu mərhələsi özünəməxsus aktivliklə müşahidə edilir. Belə ki, 81 saylı seçki dairəsində 15-ə yaxın namizəd var. Lakin mən nəql etmək istədiyim hadisənin seçkiyə birbaşa aidiyyatı yoxdu, dolayısı ilə ola bilər. Belə ki, seçkinin bu mərhələsində Dairə Seçki Komissiyasının sədri Azər Əliyev avtomobil qəzası keçirib. Ovu bərədə vurmaqda mahir olan Vaqif Abdullayev bu hadisədən də ustalıqla istifadə etməyi bacarıb. DSK sədri öz canının hayında olduğu halda, başçı hüquq-mühafizə orqanlarına sifariş verir: "Qəzanı elə sənədləşdirin ki, günahkar Azər Əliyev çıxsın. Səbəb də göstərilsin ki, sürücü içkili olub”. Sifariş tam yerinə yetriləndən sonra başçının sifarişi DSK sədrinə çatdırılır: "Ya ərizənlə işdən çıx, ya da haqqında sinayət işi qaldırılacaq”. DSK sədri çox namərd aşrımda yaxalandığını görüb, başçının təklifini qəbul edir və ərizəsini yazır.

Başçı dərhal 81 saylı DSK sədrinin kreslosunu hərraca çıxarır. Start qiymət 30 min dollardan başlayır, müştəri çıxmadığı üçün qiymət 15 minə qədər "ölür”. Bu qiymətə razı olan Kəbirli kəndinin sabiq ərazi icra nümayəndəsi Zakir Vəlişov dərhal 81 saylı DSK-nın sədri "seçilir”. Bu təyinatı qeyri-rəsmi olaraq birbaşa başçı verir. Halbuki DSK sədri seçilmək üçün əvvəl YAP rayon təşkilatı həmin adamı DSK üzvü təyin etməli, bunun ardınca DSK üzvləri həmin şəxsi özlərinə komissiya sədri seçməlidirlər. Lakin bu prosedurların heç biri real olaraq keçilmədən dairə seçki komissiyasında formal olaraq bir iclas keçirilib. Həmin iclasda isə komissiya üzvlərinin əksəriyyəti bu qərarla razılaşmayıb. Amma iclasın protokolu tərtib ediləndə yalnız bir nəfər əleyhinə səs verdiyinin qeyd olunmasını təkid edib. Beləliklə, başçının "DSK əməliyyatı” "uğurla” başa çatıb. Amma onu da qeyd edim ki, Kəbirli kəndində iki vakant iş yeri var – ərazi icra nümayəndəliyi və məktəb direktoru – uyğun olaraq qiymətləri də 10 və 8 min manata təklif olunur. Hələ müştəri çıxan yoxdur. Allah bazar versin!

Saxta raportlar beyləqanlıları hiddətləndirir

İndi Örənqala adlanan ərazidə vaxtı ilə mövcud olan qədim Beyləqan şəhərinin qalıqlarını tədqiq edən tədqiqatçısı Asif Cəfərli sübut edir ki, qədim Beyləqan şəhərində su kəmərləri və kanalizasiya sistemi də mövcud olub. Lakin buna baxmayaraq, müasir Beyləqan şəhərinə hələ indi su kəməri və kanalizasiya xətləri çəkilib. Əlinəzərli kəndi yaxınlığındakı meşə zolağından mənbəə götürən su kəməri hələlik şəhərin bir hissəsini su ilə təmin edə bilir. Baxmayaraq ki, artıq kəmərin istifadəyə verilməsi barədə hökumətə hesabat verilib. Kanalizasiya sisteminə gəldikdə isə hələ bir nəfər də olsun bu kanalizasiya sisteminə bir bardaq da su buraxmayıb. Amma verilən hesabatda göstərilir ki, rayonda icra edilən su-kanalizasiya sisteminin çəkilməsi layihəsi başa çatıb. Əgər layihə başa çatıbsa, onda nə üçün rayonun yalnız bir hissəsinə yeni layihə ilə su verilir, digər hissələrə isə su buraxılmır? Kanalizasiya sistemi isə ümumiyyətlə işləmir. Onda belə çıxır ki, layihənin ikinci mərhələsi də olacaq və yalnız həmin mərhələdə su təhcizatı tam olaraq, eləcə də kanalizasiya sistemi işə düşəcək?

Beyləqanda yarımçıq layihələr bununla məhdudlaşmır. Rayonun Yuxarı Kəbirli, Örənqala, Baharabad və Allahyarlı kəndlərinə 5-6 ay əvvəl qaz çəkilib, kəmərin açılışı olub. Lakin açılışdan bir neçə gün sonra adları sıralanan bu kəndlərə mavi yanacağın verilişi dayandırılıb. Əhali hələ də qazın yenidən verilişinin bərpa olunacağı günü gözləyir. Arzularınız çin çıxsın, Beyləqan camaatı!

Arqument.Az