BolgeXeber.Com » Ölkə » Şəhidin adını daşıyan 150 nömrəli məktəb niyə ləğv olundu?

Şəhidin adını daşıyan 150 nömrəli məktəb niyə ləğv olundu?

9-10-2015, 18:09
Oxunub: 5 405 Şəhidin adını daşıyan 150 nömrəli məktəb niyə ləğv olundu?Və ya Təhsil Nazirliyinin rəsmisi Rüxsarə Məmmədovanı ələ salıb

Hər gün eşidirik ki, şəhidlər bizim qürurumuzdur. Şəhid ailələri, Vətənin müdafiəsi uğrunda əlil olanlar hər birimiz üçün qürur mənbəyidir. Bəli, elə də olmalıdır. Şəhidlik zirvəsi elə bir əlçatmaz zirvədir ki, bu zirvəni hər adam fəth edə bilməz. Ancaq gəlin görək, doğurdanmı şəhidlər və əlillər haqqında deyilən bu təmtəraqlı sözlərin arxasında bir həqiqət dayanırmı?

Bu günlərdə eşitdik ki, Qarabağ döyüşlərində şəhid olmuş Faiq Rzayevin adını daşıyan Bakı şəhəri, Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb ləğv olunub. Şəhidin anası Rüxsarə Məmmədova hər il dərs günü başlayanda həmin məktəbə gedərdi. Bu il də dərs ili ərəfəsində şəhid oğlunun adını daşıyan məktəbə getməyə hazırlaşarkən ona telefonla zəng vurub deyiblər ki, zəhmət çəkib gəlmə. Çünki sənin şəhid oğlunun adını daşıyan 150 nömrəli məktəb ləğv olunub və həmin binada Səbail rayonundakı 6 nömrəli liseyin filialı yaradılıb. Fikir verin, Səbail rayonu ərazisində yerləşən liseyin filialı Yasamal rayonunda yaradılıb. Sən demə, kiminsə yaxın adamını direktor təyin eymək lazım imiş. Ona görə də Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi şəhidi, canını bu ölkənin ərazi bütövlüyünün təmin olunması yolunda qurban vermiş şəhid Faiq Rzayevi həmin xanıma qurban veriblər. Bu əmələ imza atanlar unudublar ki, Faiq Rzayev canının bu ölkənin müdafiəsi uğrunda qurban verib.

Həmin gün məktəbdə keçirilən iclasda-şəhidin adını daşıyan məktəbin ləğv olunmasının səbəbinin açıqlanması isə çox gülməli və acınacaqlı olub. Həmin iclasda iştirak edən Təhsil Nazirliyinin Xəyyam adlı nümayəndəsi deyib ki, bu məktəbdə 522 şagird təhsil alır. Ancaq 90-dan çox müəllim var. İndi ondan soruşmaq isərdik ki, ay Xəyyam müəllim, həmin müəllimlərin əmrini Təhsil Nazirliyi, Bakı Təhsil İdarəsi, yoxsa Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsi verib? Bu qədər müəllimin bir məktəbə təyin olunması yəqin ki, elə-belə başa gəlməyib. Bu müəllimləri təyin edən təhsil müəssisənin rəhbərliyi bilmirdimi ki, burada neçə şagird təhsil alır və məktəbdə neçə müəllim çalışmalıdır?

Sentyabrın əvvəlində şəhidin adını daşıyan 150 nömrəli məktəbin ləğv olunması və yerində 6 nömrəli liseyin filialının yaradılması ilə əlaqədar keçirilən iclasda Təhsil Nazirliyinin Xəyyam adlı nümayəndəsinin çıxışı isə odun üstünə benzin töküb. Təhsil Nazirliyinin nümayəndəsi şəhid anasına deyib ki, “Burada nə var ey! Şəhid oğlunun adını Yasamal rayonundakı iri binalardan birinə verərlər”.

O deyib ki, Hüseyn Cavidin və başqalarının adını daşıyan küçəlırin adı dəyişişb. Sənin oğlunun adını daşıyan məktəb ləğv olunsa nə olacaq?

Görünür, Xəyyam müəllimin oğlu şəhid olmayıb. Ona görə də şəhidliyin nə olduğunu dərk etmir. Belə adamların oğlu heç vaxt şəhid olmaz. Çünki belələrinin övladları cəbhə bölgəsindən həmişə yayındırılır. Ona görə də Xəyyam müəllim kimilər şəhidin qədrini bilməz və şəhidləri qiymətləndirməyi bacarmazlar. Təhsil Nazirliyinin nümayəndəsi hələ də şəhidlə şairi bir-birindən ayıra bilmirsə, demək bu bizim faciəmizdir.

Şəhid anası Rüxsarə Məmmədova həmin iclasda deyib ki, əgər mənim şəhid oğlumun adını daşıyan məktəb ləğv olunsa və məktəbin qarşısındakı oğlumun büstü götürülsə, həmin gün Təhsil Nazirliyinin qarşısında özümü yandıracağam. Təhsil Nazirliyinin nümayəndəsi isə bu sözləri gülə-gülə qarşılayıb. Yəni, biz bildiyimizi edək, 150 nömrəli məktəbi ləğv edib yerində 6 saylı liseyin filialını yaradaq və bu filiala istədiyimiz adamı direktor təyin edək, sən özünü yandırmağında ol. Bu, bizə heç nə verməyəcək. Biz qazandığımızı qazanacağıq.

Bütün bunlara baxmayaraq, şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli məktəb heç bir səbəb olmadan, daha doğrusu, kimisə direktor təyin etmək üçün ləğv olunub və yerində isə Səbail rayonunda yerləşən 6 nömrəli liseyin filialı yaradılıb. Şəhid anasını isə Bakı Təhsil İdarəsinin səlahiyyətli nümayəndələri aldadırlar ki, sən bu deyilənlərə inanma! 150 nömrəli məktəb sənin şəhid oğlunun adını daşıyır. Əsl həqiqət isə, həmin məktəbinn məzunu olmuş şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli məktəb ləğv olunub və yerində 6 nömrəli liseyin filialı yaradılıb. Bütün sənədlər və möhür artıq dəyişdirilib. Təhsil Nazirliyi istədiyi adamı həmin məktəbə direktor da təyin edib. Qalan yalnız şəhidin büstüdür. Bu da şəhid anasını smüvəqqəti sakitləşdirmək üçün vaxt qazanmaqdır.

Bəli, kimlərinsə ciblərinin dolması üçün, hətta, şəhid adına da hörmətsizlik, saymamazlıq etməsi göz önündədir. Ölkəmizin müharbə şəraitində, torpaqlarımızın 20 faizinin işğalda olduğu bir vaxtda hansısa bir məmurun kiminsə yaxın adamını direktor təyin etmək üçün şəhid adına belə hörmətsizlik və şərəfsizlik etməsi yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına çox pis təsir edəcək. Bu barədə düşünməyə dəyər. Çünki bu, xalqımız üçün, Vətənimiz üçün çox vacibdir.

Təəccüblüdür ki, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi də öz ərazisində olan şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli məktəbin ləğv olunmasından və yerində Səbail rayonunda yerləşən 6 nömrəli liseyin yaradılmasından xəbərsiz imiş.

Vüsal Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

P.S. Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.