BolgeXeber.Com » Ölkə » Cavid Qurbanov təqaüdçüləri "barındırır" - Əgər maraqlı deyilsə...

Cavid Qurbanov təqaüdçüləri "barındırır" - Əgər maraqlı deyilsə...

16-10-2015, 14:06
Oxunub: 3 801 Cavid Qurbanov təqaüdçüləri "barındırır" - Əgər maraqlı deyilsə...Cəzasızlıq mühiti isə Sabir Məhərrəmovda daha çox arxayınlıq hissinin formalaşmasına və onun, rəhbərlik etdiyi quruma getdikcə daha çox öz şəxsi obyekti kimi münasibət göstərməsinə səbəb olub

Bir müddət bundan əvvəl redaksiyamıza daxil olmuş məlumatlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin rəisi Sabir Məhərrəmovun öz işində yol verdiyi bəzi qanun pozuntularına dair açıqlamalar təqdim olunmuşdu. İlk növbədə aldığımız məlumatda Sabir Məhərrəmovun artıq çoxdan təqaüd yaşına çatdığı, bununla belə hələ də tutduğu məsul vəzifədə çalışdığı diqqət mərkəzinə çəkilirdi. Mənbə iddia edirdi ki, buna şərait yaratmaqla yuxarı instansiya rəhbərliyi ya Sabir Məhərrəmovun əvəzolunmaz kadr olduğunu, ya da ölkəmizdə bu sahədə kadr çatışmamazlığı yaşandığını isbatlamaq istəyir. Daha sonra açıqlamada MMC tərəfindən həyata keçirilən təmir-tikinti işlərinin də keyfiyyət standartlarının tələblərinə cavab vermədiyi vurğulanır: “Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC müəssisəsi tərəfindən aparılan təmir işlərinin keyfiyyəti çox aşağıdır. İnşaat və təmir işləri zamanı külli miqdarda vəsaitlər təyinatdan kənar xərclənir. MMC-nin rəhbərliyi rəsmi sənədləşmələrdə təmir işlərinə sərf olunan xərcləri süni şəkildə şişirdərək, mənimsəmələrə şərait yaradır. Digər tərəfdən isə, nəzərdə tutulan təmir-tikinti işləri də keyfiyyətsiz şəkildə həyata keçirilir. Bütün bu işlərin nəticəsində idarənin rəisi Sabir Məhərrəmovun şəxsi büdcəsinə külli miqdarda vəsait daxil olur”. Lakin bu yaxınlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması səhmdar cəmiyyətin strukturlarında əsaslı islahatların keçiriləcəyi ehtimalını gündəmə gətirib. Təbii ki, bu gün QSC-nin bu kimi islahatlara böyük ehtiyac və zərurət duyulan struktur bölmələri və tabelikdə fəaliyyət göstərən müəssisələri kifayət qədərdir. Qeyd olunduğu kimi, “Azərbaycan Dəmir Yolları”nın indiyədək məhz Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi səbəbindən, QSC rəhbərliyi bir çox hallarda kadr məsələlərində də müstəqil xətt yürütmək imkanlarından məhrum idi. Buna görə də, hazırda QSC-nin bəzi bölmə və müəssislərinə tutduqları vəzifənin tələblərinə bu və ya digər səbəblərdən heç də cavab verməyən kadrlar hələ də rəhbərlik edirlər. O cümlədən, müxtəlif vaxtlarda ölkə mətbuatında dərc olunan materiallarda “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin fəaliyyəində müşahidə olunan çoxsaylı neqativ hallara, eləcə də yol verilən maliyyə maxinasiyalarına dair açıqlamalara da tez-tez rast gəlmək olur. Bu kimi məlumatlarda hətta yoxlama və təftişlər nəticəsində tikinti-təmir işlərinə çəkilən xərclərin sənədləşmə zamanı şişirdilməsi və bu əsasda ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarının yer aldığına dair iddialar da kifayət qədər öz əksini tapıb. Bu zaman mal-material və zəhmət haqqlarının orta bazar qiymətindən dəfələrlə yüksək qiymətə sənədləşdirilməsi, təmir-tikinti işlərinin sona qədər yerinə yetirilməməsi və digər bu kimi qanun pozuntuları da diqqət mərkəzinə çəkilib. Lakin bu faktlar dəfələrlə mətbuat səhifələrinə çıxarılsa da, nə Nəqliyyat Nazirliyinin rəhbərliyi, nə də digər müvafiq dövlət orqanları tərəfindən heç bir tədbir görülməyib. Cəzasızlıq mühiti isə Sabir Məhərrəmovda daha çox arxayınlıq hissinin formalaşmasına və onun, rəhbərlik etdiyi quruma getdikcə daha çox öz şəxsi obyekti kimi münasibət göstərməsinə səbəb olub. Bu isə təbii ki, MMC-nin işində də öz neqativ təsirini göstərməyə bilməzdi.

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.