BolgeXeber.Com » Ölkə » Yasamal sakinləri sosial təminatsız qalıb

Yasamal sakinləri sosial təminatsız qalıb

19-10-2015, 10:32
Oxunub: 3 959 Yasamal sakinləri sosial təminatsız qalıbƏSMM-nin rəhbərliyi tərəfindən tətbiq olunan bürokratik üsullar nəticəsində rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı duruma düşüblər

Qəzetimizin ötən saylarında Yasamal rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin (ƏSMM) direktoru Gülnarə Salahovanın yarıtmaz fəaliyyəti, öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə tənqidi məqalələr dərc etmişdik. Daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, Yasamal ƏSMM-nin rəhbərliyi tərəfindən tətbiq olunan üsullar nəticəsində bu gün rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı duruma düşüblər. Açıqlamalara görə, plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir mənimsəmə üsulunun, yəni kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsinin bu gün də Yasamal ƏSMM-də geniş tətbiq edilir. Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar isə o dərəcədə süründürməçiliklə üzləşirlər ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Daha sonra məlumatlarda bildirilir ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru Gülnarə Salahova bəzi ehtiyyat tədbirlərinə də əl atmalı olmuşdur. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinasiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir. Bu xüsusda aldığımız məlumatlarda həmçinin qeyd olunmuşdu ki, direktor vəzifəsini icra etməyə başlayan kimi, Gülnarə Salahovanın ilk işi mərkəzdə rüşvət bazarını genişləndirməkdən ibarət olub. Belə ki, yeni direktor daha çox rüşvət toplamaq üçün hətta mərkəzdə ünvanlı sosial yardıma aidiyyaatı olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib. Bu isə, təbii ki, nə Nazirliyin, nə də ƏSMM rəhbərinin nüfuzunun təmin edilməsi məqsədinə heç cür xidmət edə bilməz. Digər tərəfdən isə, Gülnarə Salahovanın Yasamal ƏSMM-nin rəhbərliyinə gəlməsi xüsusunda mətbuata açıqlamanı təqdim edən mənbə iddia edir ki, bu xanım ilkin olaraq, qanunsuz yolla direktor müavini təyin edilib. Belə ki, o, əvvəlcə müqavilə ilə həmin vəzifəyə yerləşdirilib. Qanuna görə həmin vəzifəyə müsabiqə ya müsahibə elan olunmalı və qalib namizəd həmin vəzifəyə təyin olunmalıdır. Bunun əvəzində isə, Gülnarə Salahova 2014-cü ilin oktyabr ayında respublikanın ən ucqar rayonu olan Yardımlı rayonuna elan olunan müsahibədə iştirak edib və bu zaman onun heç bir rəqibi olmayıb. Sonra nazirlik tərəfindən Yasamal rayon ƏSM Mərkəzinə rəsmiləşdirilib. Biz mövzuya dair dərc etdiyimiz ötən materiallarda da qeyd etmişdik ki, bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə güclü himayədarlarının olması fikrini ortaya qoyur. Belə qənaətə gəlmək olur ki, ƏSMM rəhbərlərnin də əldə etdikləri çirkli pullar hələ də onların müdafiələrini əsaslı şəkildə təmin edə bilir. Bir daha vurğulamaq istərdik ki, bu gün Yasamal ƏSMM-nin direktoru Gülnarə Salahovanın fəaliyyətində müşahidə olunan problemlər, əslində ölkə miqyasında təcili həllini gözləyir və bu problemlər həll olunmadıqca, bu sahədə həyata keçirilən və əhalinin rifah halının yüksəlməsini nəzərdə tutan islahatlardan gözlənilən nəticələri almaq mümkün olmayacaq.

Mövzuya qayıdacağıq və növbəti sayımızda Yasamal ƏSMM-nin keçmiş əməkdaşının bizə təqdim etdiyi şok faktları açıqlayacağıq. Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
bizimdovr.az