BolgeXeber.Com » Ölkə » Eldar Mahmudovla “Qarasu” Əməliyyat Şirkətini nə birləşdirir?

Eldar Mahmudovla “Qarasu” Əməliyyat Şirkətini nə birləşdirir?

20-10-2015, 12:49
Oxunub: 6 300 Eldar Mahmudovla “Qarasu” Əməliyyat Şirkətini nə birləşdirir?1 noyabr parlament seçkilərinə sayılı günlər qalan zaman ölkənin milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi gündəmi hələ də zəbt etməkdədir

Sabiq nazirin ev dustağı oldu, eyni zamanda MTN-nin 6-cı mərtəbəsində saxlanıldığı haqqında da məlumatlar yayılıb. Maraqlıdır ki, Eldar Mahmudovun vəzifədən azad olunmasının səbəblərindən biri kimi MDB dövlət başçılarının son görüşü zamanı Rusiya prezidenti Vladimir Putinin ciddi faktları Azərbaycan prezidenti İlham Əliyevə verdiyi də bildirilir. Bundan başqa Eldar Mahmudovun vəzifəsindən alınmasında əsas amillərdən biri kimi onun hakimiyyətdaxili qruplaşmada uzun illərdir təmsil olunduğu qrupa arxa çevirərək başqa bir qrupa keçməsi də göstərilir. Mediada Eldar Mahmudovun nazir ola-ola müxtəlif cinayət hadisələrinə göz yumduğu ilə bağlı da məlumatlar yer almaqdadır.

Vətəninfo.az-ın əldə etdiyi məlumat isə başqadır. Redaksiyamıza daxil olan məlumata görə, Eldar Mahmudovun "Rusneft" şirkətinin aktivlərini alaraq 85 faiz pay sahibi "Global Investment Energy"in tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verən qanundankənar hallarda da adı hallanır. Məlumata görə, Eldar Mahmudov qeyd olunan şirkətdə baş verənlərə qardaşının qudasının oğlu, sabiq MTN-nin əməkdaşı Vuqar Rəsulov nəzarət edirmiş. Vuqar Rəsulovun atasının - Eldar Mahmudovun qardaşının qudasının isə MTN-də idarə rəisi olduğu deyilir.
O da qeyd edilir ki, «Qarasu» Əməliyyat Şirkətində baş verən qanun pozuntuları, qeyri-qanuni işdən çıxarmalar, eyni zamanda ARDNŞ-ə məxsus AYDİKO, UPA-1, UPA-2 qurğularının ölkədən qanunsuz çıxarılaraq AKTAU limanına aparılması kimi cinayətlərə MTN-nin göz yummasının səbəbi, məhz MTN-də idarə rəisi olduğu iddia edilən qardaşının qudası Rəsulov olub.

Məlumata görə, "Global Investment Energy"in tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verənlərlə bağlı dəfələrlə MTN-ə məxfi qrifdə məlumatlar göndərilməsinə baxmayaraq şirkətlə bağlı hansısa ölçü götürülməyib. Bu işdə isə Vüqar Rəsulov kilid rolu oynayıb ki, göndərilən məlumatlar haqqında birbaşa MTN-də işlədiyi iddia edilən atası Rəsulova xəbər çatdırırmış və beləliklə də, "Global Investment Energy"in tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verən qanunsuzluqlar, oğurluq halları necə var elə də gizlədilirmiş.

Məlumatın nə qədər doğru olub-olmadığını deyə bilməsək də, Vuqar Rəsulovun Eldar Mahmudovun qardaşının qudasının oğlu olması və sabiq MTN-nin əməkdaşı olması bir çox məqama aydınlıq gətirə biləcək amil hesab edilə bilər. Eldar Mahmudovun "Global Investment Energy"in tərkibindəki «Qarasu» Əməliyyat Şirkəti ilə doğrudan qardaşının qudası vasitəsilə hansısa əlaqəsinin olub-olmadığını isə yəqin ki, MTN-nin müvafiq şöbələri araşdırmalıdır.