BolgeXeber.Com » Ölkə » İcra başçısı məmurları dinlətdirib şantaj edirmiş - şok iddia

İcra başçısı məmurları dinlətdirib şantaj edirmiş - şok iddia

26-10-2015, 11:14
Oxunub: 3 321 İcra başçısı məmurları dinlətdirib şantaj edirmiş - şok iddiaSabiq MTN Şefi Eldar Mahmudovun adamı, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovu ağdamlılar vəzifəsindən getməsini tələb edirlər

Ağdamın icra başçısı haqqında şok məlumat yayılıb. Ağdam sakinləri Raqub Məmmədovla bağlı sensasion məlumatlar veriblər.

Ağdamlılar bildirir ki, Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin başçısı olaraq çalışdığı il yarım müddətində çoxlu sayda məmurun telefon danışıqlarını dinlətdirərək, həmçinin məmurların gizli söhbətlərini yazdıraraq onları şantaj edib.

Ağdam sakinlərinin bildirdiyinə görə, sabiq MTN şefi Eldar Mahmudovun vasitəçiliyi ilə 16.04.2014-cü il tarixdə Ağdama icra başçısı təyin olunan Raqub Məmmədov bəzi idarə-müəssisə rəhbərlərinin telefon danışığını dinlətdirməsi ilə bağlı rayonda ciddi söz-söhbətlər dolaşır. İddiaya görə, Ağdam şəhər nümayəndəsi Zabil Mehdiyevin xanım dostu ilə telefon danışığını dinlətdirən Raqub Məmmədov daha sonra onu şantaj edərək 30 min manat pulunu alıb.

İcra başçısının şantaj siyahısı təkcə Zabil Mehdiyevlə bitmir. Hələ MTN-də çalışdığı zaman Raqub Məmmədov Ağdamın keçmiş icra başçısı Nizami Sadıqovun qumar oyununu gizli şəkildə çəkdirərək Prezident Administarsiyasına ötürüb və bundan sonra Nizami Sadıqov vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə isə Raqub Məmmədov Ağdama icra başçısı təyin olunub.

Bildirilir ki, oxşar hadisə 15.09.2015-ci il tarixdə rayonun Baharlı-2 qəsəbə tam orta məktəbinin direktoru Elməddin Məmmədovun başına gəlib. Nəticədə Elməddin Məmmədov Raqub Məmmədova 20 min manat verib. Buna baxmayaraq Elməddin Məmmədov bir qədər sonra məktəb direktoru vəzifəsindən azad olunub. Mənbə bildirir ki, Elməddin Məmmədovun iş otağında rayonda adı yaxşı hallanmayan bir xanım vasitəsi ilə səs yazısı yazılıb, bundan sonra direktor şantaj edilib. Bu əməliyyatın müqabilində isə həmin xanımın Baharlı-2 qəsəbə məktəbində müəllim kimi çalışması üçün əmri verilib.

Qeyd edək ki, icra başçısının Ağdam Təhsil Şöbəsinə müdir təyin etmək istədiyi Misirxanova Mətanət Səhrad qızından 300 min manat pul aldığı da iddia olunur. Məlumat üçün bildirək ki, Mətanət Misirxanova Quzanlı qəsəbəsindəki uşaq bağçasının müdiri vəzifəsində işləyir.

Onu də bildirək ki, Raqub Məmmədovun əməllərindən narazı qalan bir qrup sakin keçmiş MTN şefi Eldar Mahmudovla işbirliyinə görə Prezident Administrasiyasına getməyə hazırlaşırlar.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.( Qaynar.info)