BolgeXeber.Com » Ölkə » Əhmədzadənin varisi, dövlət içində dövlət quran məmur – Zakir Quliyev

Əhmədzadənin varisi, dövlət içində dövlət quran məmur – Zakir Quliyev

5-11-2015, 10:59
Oxunub: 1 331 Əhmədzadənin varisi, dövlət içində dövlət quran məmur – Zakir QuliyevASC-də «Cavad qruplaşması»

Son zamanlar hakimiyyət daxilindəki “təmizləmə” əməliyyatı məmurlar arasında müxtəlif reaksiyalı hərəkətlənməyə səbəb olub. Belə ki, bir qrup öz postunu qorumaq, yaxud həbs təhlükəsindən yayınmaq haqda düşünərkən digər bir qrup postunu yeniləmək, daha yüksək vəzifəyə yiyələnmək mücadiləsinə başlayıb. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin də “kadr islahatları”na qurban gedəcək vəzifəlilər sırasında olması ASC rəhbərinin müavinləri arasında gərginliyin yaranmasına səbəb olub.
Yarandığı gündən Əhməd Əhmədzadənin rəhbərliyi altında olan Meliorasiya və Su Təsərrüfatı ASC dövlətin ən çox korrupsiyalaşmış və büdcədən ən çox pul ayrılan qurumlarından biri hesab olunur. Meliorasiya və Su Təsərrüfatı ASC-dəki mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Əhmədzadənin kreslosuna ən iddialı və daha çox maddi-siyasi gücə malik şəxs
ASC-də «Cavad qruplaşması»
Kimi tanınan komandanın lideri Zakir Quliyev sayılır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Zakir Quliyevin sədrlik iddiasında əsas müttəfiqi Əhmədzadənin qaynı, Aparat rəhbərinin köməkçisi Ramiz müəllim və Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovdur. Zakir Quliyevin uzun illər boyu məhz Əjdər Cavadovun və Əhmədzadənin qaynı ilə əlbir şəraitdə çalışdığı və hər il bu üçülüyün milyonlarla manat dövlət vəsaitini mənimsədiyi iddia olunur.
Bundan başqa «Cavad qruplaşması»na aid olan idarə müdirləri başda vaxtı ilə Zakir Quliyevin özünün rəhbərlik etdiyi Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri Elman Nuriyev olmaqla hamısı bir mənalı olaraq öz hamilərini müdafiə edirlər. Əslən Sabirabad rayonundan olan Zakir Quliyevin çətiri altına aldığı və şərti olaraq ASC-də «Cavad qruplaşması» olaraq bilinən idarə müdirləri aşağıdakılardır:
1. Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsidir müdiri Elman Nuriyev;
2. Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri Əflan İsmayılov;
3. İmişli Suvarma Sistemləri İdarəsinin müdiri Mütəllim Bədirov;
4. Saatlı Suvarma Sistemləri idarəsinin müdiri Tahir Rzayev;
5. Mərkəzi Muğan Kollektorların İstismar İdarəsinin müdiri Qasım Qasımov;
6. Saatlı Mil Muğan Meşə Meliorasiya İdarəsinin müdiri Xanhüseyn Əhmədov;
7. Sabirabad Meliorasiya İdarəsinin müdiri Əliş Talıbov;
8. Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsi Mirəlif Əzizov;
9. Mərkəzi Muğan QOSTİ idarəsinin müdiri Allahverdi Əliyev;
10. Saatlı Meloservis İdarəsinin müdiri Oruc Heydərov;
11. Sabirabad Melioservis İdarəsinin müdiri Rafiq Heydərov;
12. İmişli Melioservis İdarəsinin müdiri Rüstəm Vəliyev;
1 noyabr parlament seçkilərində bu quruplaşmaya 63 saylı Sabirabad birinci seçki dairəsindən mandat əldə etmiş Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində Aparat rəhbəri Elçin Quliyevi (Zakir Quliyevin qardaşı) də əlavə etmək vacibdir. Bildirək ki, E.Quliyevin seçki prosesi və rayondakı klan haqda cumhuriyyet.az olaraq “Nurçu Elçin Quliyevin tayfa şəbəkəsi: Sabirabadda dövlət necə uduzur?” başlıqlı yazımızda geniş bəhs etmişik.
Heç şübhəsiz ki, belə böyük bir şəbəkə yalnız qohumluq prinsipləri ilə ayaqda qala bilməz. Sözügedən klanın əsas fəaliyyəti
Korrupsiya əməliyyatları
olaraq görünür. Bildirək ki, Zakir Quliyev Meliorasiya və Su Təsərrüfatı ASC sdəri Əhməd Əhmədzadənin müavini təyin olunmamışdan əvvəl, Kür Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin müdiri işləyib. Müavin təyinatı aldıqdan sonra öz yerini «sağ qolu» Elman Nuriyevə təhvil verib. Məlumata əsasən «Cavad qruplaşması» 2010-cu ildə baş verən daşqından yararlanaraq külli miqdarda dövlət vəsaiti mənimsəyiblər. Sabirabada bəndlərin daşqına tab gətirə bilməməsi isə məhz Zakir Quliyevin və daha sonra isə Elman Nuriyevin üzərilərinə düşən vəzifələrini barmaqarası yerinə yetirməsinin və ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi əsas rol oynayıb. Belə ki, bəndlərə vurulan torpaqların elə bəndin yanından götürülməsi bəndlərinin davamlılığını azaldan əsas faktor olub. Bunun müqabilində isə Zakir Quliyev və Elman Nuriyev cütlüyü isə torpağın bəndə daha uzaq məsafədən gətirlməsi kimi sənədləşdirərək külli-miqdarda dövlət vəsaiti mənimsəyiblər. Buna baxmayaraq bəndlərə görə məsuliyyət daşıyan Zakir Quliyev və Elman Nuriyev cütlüyü nəinki öz vəzifələrini qoruyub saxlaya bildidilər, hətta bəndlərin bərpası üçün ayrılan daha böyük vəsaitlərin xərclənməsinə rəhbərlik etməkdə davam etdilər.Daşqınlardan sonra ən çox yararlanan ilarə isə Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsi olub. İdarənin müdiri Elman Nuriyev son illər həyata keçirdiyi korrupsiya əməlləri ilə bölgənin ən varlı məmuruna çevrilib və ərazidə heç kimlə hesablaşmır. Elman Nuriyevin Saatlı və Sabirabad icra başçılarını ümumiyyətlə saymadığı qeyd olunur. Ancaq
Zakir Quliyevin korrupsiya çetesi
yalnız “Cavad qruplaşması” ilə yekunlaşmır. Artıq uzun illərdir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev ASC sədri Əhməd Əhmədzadənin etimadından istifadə edərək “Azərkörpü” ASC-nin rəhbəri Əfəndi İsmiyevlə əlbir olaraq hər il dövlətin külli miqdarda vəsaitini mənimsəyirlər. Bildirilir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin elan etdiyi iri tender lahiyyələrində monopolist mövqe tutan şirkətlərdən biri də “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata əsasən Əfəndi İsmiyev Əhməd Əhmədzadə ilə çox yaxın münasibətlərə malik bir şəxsdir. Buna baxmayaraq mənbə həyata keçirilən milyonluq maliyyə maxinasiyalarından Əhmədzadənin nə qədər xəbərdar olması barədə heç bir məlumat vermir. Lakin son 12 ildə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin iri lahiyyələrinin qalibi “Azərkörpü” ASC olub. Bu iri lahiyyələrdə isə bir qayda olaraq Əfəndi İsmiyevin əsas tərəfdaşı kimi “Cavad Qruplaşmasının” rəhbəri kimi tanınan Zakir Quliyevin adı keçir. Zakir Quliyevlə İsmi Əfəndiyevin tərəfdaşlığı nəticəsində isə hər il milyonlarla manat dövlət vəsaiti silinərək mənimsənildiyi idda olunur. Mənbə bildirir ki, Zakir Quliyev və Əfəndi İsmiyevin bu böyük maliyyə maxinasiyalarının 3-cü ortağı isə Əhməd Əhmədzadənin qaynı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Aparat Rəhbərinin köməkçisi işləyən Ramiz müəllimdir.Zakir Quliyev Sabirabad rayonunda 200 hektardan çox dövlət torpağını özəlləşdirərək orada böyük heyvandarlıq kompleksi yaradıb. Eyni zamanda ASC sədrinin müavinin həmin ərazidə 30 hektarı əhatə edən 4 balıqçılıq gölünün olduğu bildirilir.
Qeyd edək ki, Zakir Quliyev və ortaqlarının maliyyə maxinasiyaları ilə bağlı daha geniş faktları araşdırdıqdan sonra növbəti yazımızda ictimaiyyətin diqqətinə çatdıracağıq.
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…