BolgeXeber.Com » Ölkə » MTN-nin Sədərək bazarındakı gözü, qulağı və “vuran əli” kim olub?

MTN-nin Sədərək bazarındakı gözü, qulağı və “vuran əli” kim olub?

9-11-2015, 16:14
Oxunub: 4 063 MTN-nin Sədərək bazarındakı gözü, qulağı və “vuran əli” kim olub?Yaşar və Çingiz adlı sahibkarları MTN əməliyyatçıları ilə nə birləşdirib?

“MTN işi” fonunda Moderator.az-a daha bir maraqlı informasiya daxil olub. Məlumatda sabiq MTN rəhbərliyinin Sədərək Ticarət Mərkəzində apardığı əməliyyatlarla bağlı ilginc informasiyalar yer alıb.

MTN Sədərək bazarını kimlərin əli ilə, necə nəzarətdə saxlayıb?

Mənbənin məlumatına görə, sabiq MTN rəhbərliyi əsas gəlir yerlərindən birini təşkil edən Sədərək bazarını nəzarətdə saxlamaq, hansı sahibkarın maddi durumunun daha qənaətbəxş olduğunu, kimin hədəf seçilməsinin daha çox qazanc gətirəcəyini müəyyənləşdirmək üçün bazar daxilindəki agentura şəbəkəsinin imkanlarından məharətlə istifadə edib. Mənbənin sözlərinə görə, MTN rəhbərliyinə bu işdə yardım edən, sahibkarlar və onların gündəlik alqı-satqısı, maddi durumu ilə bağlı məlumatlandıran Sədərək bazarında sahibkar kimi fəaliyyət göstərən Çingiz adlı şəxs olub:
“Bazarda priotexniki vasitələrin satışı ilə məşğul olan Çingiz adlı şəxsin əsas işi sahibkarları, onların ticarət dövriyyəsini müntəzəm şəkildə izləmək, öz biznesini genişləndirən sahibkarlar haqqında MTN əməliyyatçılarına informasiya ötürmək olub. Məhz Çingizin verdiyi informasiyadan yola çıxan MTN əməliyyatçıları, qısa müddətdən sonra uydurma ittihamla həmin sahibkarı iş yerindən birbaşa MTN zirzəmisinə aparıb. MTN-də isə sahibkarlarla bir neçə gün və ya bir neçə aylıq “profilaktiki tədbir” aparılıb və bundan sonra onların hər birindən 100-200 min manat pul alaraq yenidən azadlığa buraxıb. Başqa sözlə desək, Çingiz verdiyi informasiyalarla özünün və biznesinin təhlükəsizliyini təmin etməklə yanaşı, keçmiş MTN rəhbərliyi üçün də “çörək ağacı” rolunu oynayıb”.

Yaşar kimdir və onu MTN-ə nə bağlayır?

Mənbə Çingizin Sədərək bazarındakı missiyasının ölkə paytaxtında Yaşar adlı sahibkar tərəfindən həyata keçirildiyini bildirib:
“Paytaxtda radiator biznesi ilə məşğul olan Yaşar adlı şəxs də şəhərdəki sahibkarlar və onların maddi durumu haqqında MTN-ə müntəzəm surətdə informasiya ötürməklə məşğul olub. Yaşarın verdiyi informasiyalar əsasən kombi-radiator avadanlıqlarının satışı ilə məşğul olan şəxslərlə bağlı olub ki, bunun da şəxsi maraqlara söykənən səbəbi olub. Belə ki, Yaşar MTN-i imkanlı sahibkarlar haqqında məlumatlandırmaq və beləliklə də onların MTN zirzəmisinə gedən “yolunu açmaqla” yanaşı, həm də bununla öz biznes rəqiblərini də sıradan çıxartmağa nail olub. Belə ki, özü də radiator biznesi ilə məşğul olan Yaşar eyni avadanlığın satışını həyata keçirən sahibkarları müflis etdirməklə, rəqabətsiz ortamda, rahat bir şəkildə öz şəxsi biznesini inkişaf etdirib”.

Elçin və Mehman adlı MTN əməliyyatçıları hansı missiyanı yerinə yetirib?

Bilgili qaynağın sözlərinə görə, Sədərək bazarında sahibkarların həbsi Elçin və Mehman adlı MTN əməliyyatçılarının vasitəsi ilə gerçəkləşib:
“Elçin və Mehman adlı əməliyyatçıların başlıca missiyası Çingizin verdiyi məlumat əsasında həbslər həyata keçirmək, iş adamlarını bazarda qandallayaraq MTN zirzəmisinə gətirmək olub. Qısa zamanda bu şəxslər Sədərək bazarında mənfi mənada o qədər məşhurlaşıb ki, onların yaxından-uzaqdan hansısa obyektin yaxınlığından keçməsi belə yaxınlaşmaqda olan bədbəxtlik və uğursuzluq əlaməti hesab olunub. “MTN işi” çərçivəsində bütün qanunsuzluqların getdikcə üzə çıxarıldığı hazırkı dönəmdə sabiq MTN rəhbərliyinin qanunsuz göstərişini icra edən bütün şəxslər kimi, bu adamların da məsuliyyətə cəlb edilməsi zəruridir”.
Yasin-Təhsim ikiliyi sahibkarlara necə divan tutub?

Mənbə MTN-nin istintaq idarəsinin əməkdaşları Yasin və Təhsim adlı şəxslər haqqında da bəzi faktlar açıqlayıb:
“Yasin-Təhsim ikiliyi və bu ikiliyin sahibkarların başına açdığı oyunları paytaxtdakı iş adamları arasında bilməyən yoxdur. Sədərək bazarında həbs edilən sahibkarların da dindirilməsində yaxından iştirak edən bu şəxslər, “rəhbərliyin tapşırığına uyğun olaraq” iş adamlarından fantastik miqyasda pul tələb edib, əks təqdirdə onları etmədikləri cinayətlərə görə məsuliyyətə cəlb edəcəklərini bildiriblər.
Yasin-Təhsim cütlüyü üçün xarakterik keyfiyyətlərdən biri də, onların tələb etdikləri pulun məbləğində hər hansı güzəştə getməmələri olub. Başqa sözlə desək, onlar sahibkarlara kəsdikləri “racon”a dəyişilməsi, redaktəsi mümkünsüz olan prinsiplər kimi yanaşıb və bu məsələdə imsəyə güzəştə getməyib”.

PS.Yaxın günlərdə oxucuları Yasin-Təhsim ikiliyinin hansı sahibkarları dindirdikləri, habelə iş adamlarına təzyiq göstərən digər MTN əməkdaşlarının adı və “əmək fəaliyyəti” ilə tanış edəcəyik.
Bolgexeber.com