BolgeXeber.Com » Ölkə » Kənd uşağı kinoya baxmamalıdır? – “28 Cinema” üçün tənqid

Kənd uşağı kinoya baxmamalıdır? – “28 Cinema” üçün tənqid

16-11-2015, 12:51
Oxunub: 4 237 Kənd uşağı kinoya baxmamalıdır? – “28 Cinema” üçün tənqidBu mövzuda bəlkə də 5-ci dəfədir yazıram, amma yenə də yazmaqda israrlıyam

Pərviz Əzimov yazır...

Bu mövzuda bəlkə də 5-ci dəfədir yazıram, amma yenə də yazmaqda israrlıyam. Problem həll olana qədər hamımız yazmalıyıq, ictimailəşdirməliyik.

Demək, 2 gün əvvəl xəbər gəldi ki, qardaşım uşaqları bazar günü Bakıya qonaq gəlir. Rayondan durub bir gün maraqlı vaxt keçirmək üçün gələn uşaqları necə sevindirə bilərəm deyə düşündüm. Təbii ki, uşaq əyləncəsi olaraq ağlıma ilk gələnlər bunlar oldu: Uşaqları atraksiyonlara aparmaq, Alış – veriş mərkəzlərində olan oyun yerlərinə aparıb, oyunlar oynamaq, hansısa kitab mağazasına gedib maraqlı çizgilər almaq və kinoteatrların birinə gedib animasiya filmi və ya maraqlı komediya filminə baxmaq. Normal fikirlərdi, elə deyilmi? Yəqin siz də eynisini düşünərsiz. Qərarlaşdırdım…

Dünən “28 Cinema”ya gedib bazar gününə olan seanslarla maraqlandım. Komediya filmlərindən Azərbaycan dilində yalnız “My Name is İntiqam – 2” filmi var. Başqa heçnə yoxdur. İki səbəbə görə bilet almamağı düşündüm: 1. Film 16+ yaş məhdudiyyəti ilə yayımlanır, 2. Və ən əsası “My Name is İntiqam 2” kimi filmdən uşağın nəinki xeyrinə heçnə yoxdur, əksinə mənasız və şit zarafatlarla dolu olan film uşağa ziyandır. Keçdim animasiya filmlərinə. Durum budur ki, hazırda yayımda olan animasiya filmi “Hotel Telsivaniya 2” filmidir. O da rus dilində.

İndi mən olum patriot, siz olun kosmopolit, papadan daha çox katolik olmağa da icazə verirəm. Rayondan gələn, lap olmasın rayon, 95-96 faiz Azərbaycandilli məktəbi olan bir ölkədə uşaq üçün onun başa düşə biləcəyi dildə 1 animasiya filminin olmaması nə deməkdi? Bunun izahı varmı?

Hələ 3 il bundan əvvəl bu movzuda Kultura.az saytında yazı yazanda da bu faktı qeyd etmişdim ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən 15 iyul 2011-ci il tarixindən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kinoteatrlarda filmlər azərbaycan dilinə dublyaj edilməlidir. Bu qərar hətta özəl kinoteatrlara da şamil olunur. Qərarın qüvvəyə minməsindən düz 1 il yarım vaxt keçsə də indiyə qədər heç bir kinoteatr buna əməl etməyib.

Halbuki hələ 2011-ci ilin may ayının 16-da nazirliyin kinomatoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov ANSPress-ə açıqlamasında bildirmişdi ki, “Kinoteatrlar filmləri istənilən variantda dublyaj edə bilərlər. Bu qərar “Dövlət dili” haqqında qanunun tələblərinə cavab verir. Kinoteatrların rəhbərlərilə keçirilən müşavirədə məsələ müzakirə olundu. Beləliklə, kinoteatr rəhbərlərinə bir aya yaxın vaxt verildi ki, bu işə hazırlıq görsünlər.”

Ölkə, vətən, millət, filan, hamısını qoyuram kənara. Bu ölkənin 1 qanunu var və hazırda tam aşkar şəkildə bu qanun pozulur. Verilmiş qərara icra olunmur.

Ölkədə 5 böyük kinoteatr var, hazırda 2 yeni böyük kinoteatr da açılmaqdadır. Bütün bu insanlar birləşib bir dublyaj studiyası aça bilmirlərmi? Ölkədə nəinki uşaq üçün, heç böyük üçün də Azərbaycan dilinə dublyaj edilən film yoxdur.

Lap deyək ki, dublyaj etməyə gücləri çatmır, heç olmasa alt yazı ilə filmin tərcüməsini verə bilmirlərmi? “28 Cinema” kimi şirkət rahatlıq üçün bu ölkənin ana dilinə bu qədər hörmətsizlik edir, dinən yoxdur, amma durub deyirlər niyə Avropa Suriyaya dəstək olmur?!

"Qeyd: Məcburi bilet aldıq (Uşaqlar məyus olmasın deyə) girdik rus dilində animasiya filmi izləməyə. Filmin yaş həddi 6+. Film başlamazdan əvvəl isə ekrandan 18+ yaş məhdudiyyətli, qorxulu varlıqların olduğu bir ujas filmin anonsu yayımlandı. Zalın 90 faizi uşaq olan bir kütləyə belə anonslar yaymaqdan utanmır bunlar?"

P.S Yazı Pərviz Əzimovun bloqundan götürülüb.