BolgeXeber.Com » Ölkə » Ağcabədi təhsilində korrupsiya - NARAZILIQ VAR...

Ağcabədi təhsilində korrupsiya - NARAZILIQ VAR...

30-11-2015, 14:08
Oxunub: 2 718 Ağcabədi təhsilində korrupsiya - NARAZILIQ VAR...Ağcabədi rayonunun orta məktəblərində növbəti pul yığımına start verildiyi açıqlanır

Mənbə bildirir ki, rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov məktəb direktorlarına hər müəllimdən 50 manat məbləğində pul yığılması barədə göstəriş verib. Bu məqsədlə, göstərilən məbləğ müəllimlərin əmək haqqlarından tutulur. Ona ünvanlanan suallara cavab olaraq isə, Mehdi Əhmədov bəyan edib ki, bu dəfəki pul yığımı birbaşa Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun tapşırığı əsasında həyata keçirilir. Qeyd olunmalıdır ki, Ağcabədi məktəblərində dərs deyən müəllimlərdən müxtəlif bəhanələrlə pul yığılması halları barədə ölkə mətbuatında əvvəllər də dəfələrlə məlumatlar dərc olunub. Məsələn, hələ 2013-cü ildə bir çox informasiya vasitələrində Ağcabədi rayonundan daxil olan məlumatlar əsasında təxminən belə bir mətndə açıqlamalar dərc olunmaqda idi: “Müəllimlərin dediyinə görə, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov yeni Təhsil nazirinin təyinatından dərhal sonra məktəb direktorları vasitəsilə rayonun təhsil işçilərindən kütləvi pul yığımına başlayıb. Müdir, Mikayıl Cabbarovun yalnız işinin öhdəsindən layiqincə gələ bilənlərin təhsil sahəsində çalışa biləcəyi ilə bağlı açıqlamasından özünəməxsus şəkildə nəticə çıxararaq, bunu yeni nazirin təhsil məmurlarından rüşvət tələbi kimi təqdim edib. Mehdi Əhmədov direktorları toplayaraq deyib ki, ona nazirlikdən gələn tapşırığa əsasən kim vəzifəsini itirmək istəmirsə indidən “haqq-hesabı” çatdırmalıdır...” Digər tərəfdən isə, daxil olan məlumatlarda Ağcabədi RTŞ-nin rəhbərliyi tərəfindən həmçinin dövlət vəsaittlərinin mənimsənilməsi məqsədilə də müxtəlif vaxtlarda müəyyən maxinasiyalara yol verildiyi iddia olunur. Mövzuya dair bundan əvvəl də dərc etdiyimiz yazılarda biz dəfələrlə qeyd etmişik ki, bəzi rayon və bölgələrimizdə məhz təhsil sahəsinin inkişafına ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə mütəmadi olaraq “tender maxinasiyaları” həyata keçirilir. O cümlədən Ağcabədi RTŞ müdirinin adı da dəfələrlə müxtəlif şübhəli tender əməliyyatları ilə bağlı açıqlamalarda çəkilib. Məsələn, ötən il mətbuata sızmış belə məlumatlardan birində deyilir: “Ağcabədi Rayon Təhsil Şöbəsinə inventarların satın alınması ilə bağlı 11 min manatlıq və avadanlıqların satın alınması ilə bağlı 7500 manatlıq tenderlərin qalibi olan “Abadlıq-MK” MMC-nin Təhsil Şöbəsində təsərrüfat hissə müdiri işləyən Əli Kazımova bağlı olduğuna dair əsaslı dəlillər mövcuddur. Belə ki, “Abadlıq-MK” MMC-nin rəhbəri Əli Kazımovun oğlu Musa Kazımovdur. Bu işbirliyi nəticəsində külli miqdarda yeyintiyə yol verilib. Tender əməliyyatlarında bu şirkətin qalib olmasına şöbə müdiri Mehdi Əhmədov şərait yaradıb...” Təbii ki, bu şübhəli əməliyyatlardan rayon rəhbərliyinin, o cümlədən şəxsən başçı Şahin Məmmədovun da xəbərdar olmadığı qətiyyən inandırıcı deyil. Eləcə də, bu günlərdə rayonun orta məktəb müəllimlərindən yığılan pulların da son nəticədə məhz kimin büdcəsinə daxil olacağına dair suallar ətrafında rayon rəhbərliyinin düşünməsi heç də pis olmaz. Məlumatlarda bildirilir ki, bu gün Ağcabədi RTŞ-nin tabeliyində 60 artıq məktəb fəaliyyət göstərir ki, bu təhsil müəssisələrində çalışan müəllimlərin də ümumi sayı 3000 nəfərdən çoxdur. Belə çıxır ki, təhsil işçilərindən bir dəfəyə yığılan məbləğ 150 min manatdan az olmayacaq. Bunun müqabilində isə, rayondan daxil olan açıqlamalarda bu gün Ağcabədidə fəaliyyət göstərən təhsil müəssisələrinin bir çoxunda vəziyyətin acınacaqlı olduğu vurğulanır.

Materialda adı keçən bütün tərəflərin münasibətini öyrənə bilərik.