BolgeXeber.Com » Ölkə » İş adamı Baytarlıq Xidmətində ondan rüşvət tələb edildiyini açıqladı

İş adamı Baytarlıq Xidmətində ondan rüşvət tələb edildiyini açıqladı

5-12-2015, 12:12
Oxunub: 1 033 İş adamı Baytarlıq Xidmətində ondan rüşvət tələb edildiyini açıqladıAsif Hacıyev: “Özləri üçün preyskurant müəyyənləşdiriblər, 26 min manat dəyərində mal gətirmişəm, onun 10 faizini rüşvət kimi tələb edirlər”

Dünən redaksiyamıza Asif Hacıyev adlı iş adamı müraciət edib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti rəhbərliyindən şikayət edən iş adamı sözügedən qurumda ondan rüşvət tələb olunduğunu iddia etdi.

Müsahibimiz öncə onu bildirdi ki, iş adamı olaraq fiziki şəxs kimi rəsmi qaydada dövlət rüsumunu ödəyərək, qanunun bütün aliliyini nəzərə alaraq ölkəyə mal idxalı ilə məşğuldur. İdxal etdiyi mal isə baytarlıq preparatıdır - zərərvericilərə qarşı vasitə: “Hazırda bu mala ölkədə ciddi tələbat var. Amma onun nə rüsumu var, nə əlavə dəyər vergisi.
İş adamı Baytarlıq Xidmətində ondan rüşvət tələb edildiyini açıqladı
Bu malı 5 ildir rəsmi dövlət qeydiyyatına salmışam. Dövlətin pulunu ödəmişəm, vergini verirəm, Dövlət Sosial Müdafiə Fonduna ödəmələri edirəm. Qabaq Dövlət Baytarlıq Xidmətinin rəisi Siyarə Rüstəmova idi. Heç üzünü də görməmişəm. Gəlirdik, aşağıda dövlətin təyin etdiyi 5-10 manatlıq rüsumu ödəyirdik və bitirdi. Bizə xəbər verilirdi ki, sizin malınız sərhəddədir, məktub ora ötürüləcək və ondan sonra o malı götürə biləcəksiz. İndi bir əjdahanı qoyublar o idarənin başına.

Azər Süleymanov adlı sədr əvəzi kor atını çapır ora-bura. Mənim malımın rəsmi sənədlərdə dəyəri 26.000 AZN-dir. Məndən tələb olunur ki, bu məbləğin 10 faizini, yəni 2650 manatını rüşvət kimi verim. Onun yaxın adamı var, Aydın müəllim. Dəfələrlə ona demişəm ki, ”belə etmək olmaz. Mən 5 ildir bura gəlib gedirəm. Nə zaman bu pulu sizə vermişəm, verə bilmərəm axı".

Mən şəhid ailəsiyəm. Oğlum da səngərdə erməni ilə üzbəüz vuruşur. Hər dəqiqəsi ölümdür. Böyrəkləri çürüyür, mən ona valideyn kimi baş çəkə bilmirəm. Necə ola bilər ki, mən ona imkansızlıqdan baş çəkə bilmədiyim halda gətirib sizə bu qədər pulu rüşvət kimi ödəyim? O, səngərdə vuruşsun, sənsə rahat, isti kreslonda oturasan? O çörəyi necə yeyə bilərlər?"

Müsahibimiz bir daha şikayətinin detallarını açıqladı. Dedi ki, zavoda müqavilə əsasında 26 min pul köçürüb. Məhsulun maya dəyəri isə beynəlxalq qaimədə də qeyd olunub: “Bunlar isə deyirlər ki, malın dəyəri 26 mindirsə, 2600 AZN, 30 mindirsə, 3000, 50 mindirsə, 5000 manat rüşvət ödənməlidir.

”Niyə ödəməliyəm" deyə soruşanda isə deyirlər ki, bu, bizim qaydalardır, “dolya” budur. Bu yeni qayda Azər Süleymanov gələndən başlanıb. Biz elə bilirdik ki, bütün bəlalar Eldar Mahmudov həbs olunandan sonra bitəcək. Amma bu adam özü üçün yeni qaydalar müəyyən edib. Dəfələrlə yanında olmuşam. Xahiş etmişəm ki, biz iş adamlarını incitmə. Mənə dedi ki, get öz işinlə məşğul ol. Dünən Aydın müəllimlə görüşdüm. O da mənə dedi ki, Azər müəllim deyir, o pulu ödəsin, ya da “Fitosanitariya” idarəsindən sənəd alsın. Halbuki mənim mallarımın o idarəyə heç bir aidiyyəti yoxdur".

Şikayətçi bildirdi ki, hazırda malları sərhəddədir və buraxılmır. Hər gün malları daşıyan maşının sürücüsünə 100 dollar ödəyir: “Mənim evim kommersiya bankında girovdadır. O yüküm gəlməsə, mən hərbçi ailəsi olaraq küçədə qalacam. Hərbçinin uşağı da küçədə can verəcək. Bankdan 50 dənə məktub var. Ödəniş etmək iqtidarında deyiləm. Prezident Aparatına da müraciət edəcəm. Orda da işimə baxılmasa, Baytarlıq İdarəsinin qarşısında özümü yandıracam. Rəsmi dövlət adamları buna qarışmalıdılar, buna bir çarə qılmalıdılar. Bu ölkədən hara gedək?

Bu adam vəzifəyə gələndən bəri mən ilk dəfədir ki, mal keçirirəm. İldə bir dəfə bu malı sərhəddən keçirirəm. Mənə demişdilər ki, hazırlaş. Düşünürdüm ki, mənə güzəşt olunacaq, şəhid ailəsiyəm. Amma olmadı".

“Yeni Müsavat” xidmətin rəis vəzifəsini icra edən, ittihamların ünvanlandığı Azər Süleymanovla da əlaqə saxlayıb. Rəis əvəzi bizə açıqlamasında bildirdi ki, hazırda Zaqataladan paytaxta geri qayıdır və sözügedən iş adamı ilə görüşməsi, ondan rüşvət tələb etməsi iddiaları həqiqətdən uzaqdır: “Amma sabah şənbə günü olsa da, dediyiniz şəxsin şikayətini araşdıracağıq. Onun dediyi kimi heç bir şey ola bilməz. Əgər konkret müraciəti varsa, biz onu həll edəcəyik və məsələ yoluna qoyulacaq”.(musavat.com)