BolgeXeber.Com » Ölkə » “Topaz”dan növbəti soyğunçuluq: boykot başlandı

“Topaz”dan növbəti soyğunçuluq: boykot başlandı

16-12-2015, 15:34
Oxunub: 2 308 “Topaz”dan növbəti soyğunçuluq: boykot başlandı“Topaz” bukmeyker məntəqələrində yeni qaydalar tətbiq olunub

TİA.AZ-a verilən xəbərə görə artıq mərc oyunlarına qoyulan minimum məbləğ iki manata qaldırılıb.

Bu da bukmeyker kontorlarına gündəlik üz tutan oyunçular arasında narazılıq yaradıb. Yeni qaydalara qədər qoyulan məbləğ minimum 1 manat idi. İndi iki manatdan aşağı kofiçent yazdırmaq mümkün deyil.

Müştərilər bu qərarı “Topaz” rəhbərliyinin bazarda özünü hegemon sayması və alternativsiz olması ilə əsaslandırır. Onların sözlərinə görə, bukmeyker bazarında inhisarçılığı ələ alan “Topaz” artıq istədiyi qərarları verməkdədir.

Müştərilər isə virtual bukmeyker kontorlarına uduş qoymağa hazırlaşırlar. Onlar yeni qaydalardan sonra “Topaz”ı boykot etmək fikrindədirlər. Edilən şikayətlərə görə əslində, futbol qumarının leqallaşdırılması qara bazarın ləğvi ilə nəticələndi.

Amma yüz minlərlə oyunçu heç də “Topaz”ı seçmədi. İnternet vasitəsi ilə uduş qoyan müştərilərin fikrincə, “Topaz” soyğunçuluqla məşğuldur. Çünki əmsallar yüksək, gəlir isə aşağıdır. Monopoliyadan şikayət edənlərin sözlərinə görə, yüksək məbləğ qazananların pulu çətinliklə ödənilir.

Məsələn, ötən il bir nəfər “Topaz”da 157 min manat uduş qazanıb. Ancaq həmin şəxs pul udmağın sevincini çox yaşaya bilməyib. Məlumatda bildirilir ki, vətəndaşı polis əməkdaşları sorğu-suala tutublar.

Ondan tələb ediblər ki, proqnoz verdiyi oyunların nəticələrini hardan bildiyini açıqlasın. Polis əməkdaşları pul udan vətəndaşı oyun alqı-satqısında ittiham ediblər. Psixoloji təzyiqlərə məruz qalan vətəndaş sonda uduşdan imtina etdiyini bildirib.

Ən maraqlı məqam Azərbaycanda Türkiyənin »İddaa» adı altında keçirilən mərc oyunlarının analoqu yaradılmasıdır. Bütün dünyanın ələ salıb istehza etdiyi »İddaa»ya Azərbaycanda niyə qucaq açılıb? Dünya bu mərc sisteminə ona görə gülür ki, Türkiyə öz vətəndaşlarının xarici bukmekerlərə çıxışını bağlayaraq onları dünyanın ən aşağı və ən soyğunçu əmsalları ilə oynamağa məcbur edir.

Nədən Azad Rəhimov bu işi, məsələn, »5Dimes», »BetJamaica», »Diamond Sportsbook», »Pinnacle Sports», »Victor Chandler» və s. yüksək reytinqli və özünə hörmət qoyan bukmeker şirkətləri ilə deyil, Avropada istehza obyektinə çevrilmiş »İnteltek»-lə görür və üstəlik, xarici saytlara çıxışı bağlamaqla Azərbaycan vətəndaşlarını da aşağı əmsallı ekspress-kuponlara pul qoymağa və iflasa sürükləyir?

Azərbaycanda bütün yaş həddindən olan insanların bəlasına çevrilən “Topaz”ın fəaliyyəti ilə bağlı şikayətlərin sayı gündən-çünə artır. Hətta azyaşlıları və xanımların da öz tələsinə salan “Topaz”ın fəaliyyəti parlamentdə belə müzakirəyə çıxarılsa da, tədbir görülmür. Hətta bəzi rəsmilər bu böyük bəlanı göz görə-görə idmana olan həvəs kimi təqdim edirlər. Mərc oyunlarının ləğv edilməməsi isə, hər gün neçə-neçə ailənin faciəsinə səbəb olur.

Rəsmi mərc oyunları kontoru kimi fəaliyyət göstərən “Topaz”ın fəaliyyətindən narazılıq isə yalnız insanları qumar tələsinə salınması ilə bağlı deyil. Həm də bu oyunlara meyl edənlərin aldadılması ilə bağlıdır. Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsi təqribən 300 milyon manat təşkil edir. Bunu vergilər naziri Fazil Məmmədov deyib.
Bolgexeber.com