BolgeXeber.Com » Ölkə » Mikayıl Cabbarova AÇIQ MƏKTUB

Mikayıl Cabbarova AÇIQ MƏKTUB

6-02-2016, 10:02
Oxunub: 3 316 Mikayıl Cabbarova AÇIQ MƏKTUB"Büdcənin talan edilməsinin ört - basdır edilməsi məqsədi ilə təşkil olunmuş bu qeyri-obyektiv araşdırma ilə bağlı haqlı iradlarımı bildirdiyimdən Malik Atakişyev filialda olduğu müddətdə 16.10.2014 cü ildə mən maddə ilə işdən azad olundum"

Bolgexeber.com bildirir ki, Qaynar.info-nun elektron ünvanına Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir filialının sabiq direktor əvəzi Xatirə Həsənovanın təhsil naziri Mikayıl Cabbarovaya ünlanan açıq məktubu daxil olub.

Həmin məktubda səslənən məqamların ciddiliyini nəzərə alıb, dərc edirik:

"Cənab nazir, çox xahiş edirəm ki, vaxtınızın məhdudluğuna və gərgin fəaliyyətinizə rəğmən 5 dəqiqə imkan taparaq bu məktubla tanış olasınız. O zaman bir Azərbaycan qadının, bir alimin başına gətirilən müsibətlərlə bağlı dolğun informasiya əldə edəcəyinizə şübhə etmirəm.

Hörmətli Mikayıl müəllim, Haqqın.az saytında başıma gətirilən oyunlarla bağlı verilmiş yaziyla bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Haqqın.az saytına daxil olan məktubda qeyd edilir ki, “AMİ-nin Mingəçevir filialında direktor səlahiyyətlərini müvəqqəti icra edən X.Həsənovanın təşəbbüsü ilə 2010-2013-cü ilərin maliyyə fəaliyyətini yoxlayan audit yoxlaması keçirilmişdir. Lakin sonradan Audit Aktı Maliyyə Nazirliyinin dövlət nəzarəti xidmətinin mütəxəssisləri və filialın məsul əməkdaşlarından ibarət komissiya tərəfindən yenidən yoxlanılmışdır.Sonra məlum olmuşdur ki, audit qeyri - qənaətbəxş keçirilmişdir və bu səbəbdən audit aktı ləğv edilmişdir.

Təhsil Nazirliyi onu da bildirir ki, yoxlamanın nəticələri barədə X.Həsənovaya məlumat verilmişdir.

TN-nin məqalədə adları çəkilən əməkdaşları barədə bildirilir ki, İlyar Vahabov həqiqətən tutduğu vəzifədən azad edilmiş, amma X.Həsənova dediyi səbəblərdən deyil, tamam başqa səbəblərdən.

Eyni zamanda qeyd olunur ki, X.Həsənovanın nazirliyin daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyevin xidməti fəaliyyəti ilə bağlı müraciətinə baxılmış və heç bir kənaraçıxmalar qeydə alınmamışdır”.

Birincisi, TN-nin məktubuna cavab olaraq bildirmək istəyirəm ki, Auditorlar Palatasi tərəfindən audit yoxlamaları aparmasına xüsusi razılıq (lisenziya) verilmiş təşkilatın Audit yoxlaması zamanı tərtib etdiyi yekun Audit Aktını istər Maliyyə Nazirliyinin mütəxəssisi, istərsə də adı çəkilən filialın məsul əməkdaşları ləğv edə bilməzlər. Belə ki, Auditor haqqında qanuna görə audit aktı yalnız məhkəmə qaydasında ləğv oluna bilər. Belə ki, hüquqi şəxsin qəbul etdiyi qərarlar ancaq məhkəmə qaydasında ləğv edilir.

Digər tərəfdən, onu da qeyd etmək istəyirəm ki, mən hörmətli təhsil nazirimiz Mikayıl Cabbarovun qəbulunda 14 yanvar 2014 -cü il tarixdə olmusam . Cənab nazir bu məsələnin ciddi araşdırılmasi barədə Daxili nəzarət şöbəsinə tapşırıq vermişdi. Bu tapşırıqdan 10 ay sonra ( bu müddət ərzində mənim çoxsaylı müracətlərim cavabsız qalıb) cavabda qeyd olunduğu kimi heç də mütəxəsislərdən ibarət komissiya deyil, Maliyyə Nazirliyinin Dövlət Malyyə Nəzarəti xidmətinin sektor müdiri Balakişiyev Malik Abbas oğlu elə Daxili nəzarət şöbəsinin təşkilatçılığı ilə filiala göndərilmşdir. Malik Balakişiyevin Audit Aktında qeyd olunan faktları necə “ört-basdır” etməsini sübut edən audio yazılar məndə var və araşdırılması üçün istənilən hüquq mühafizə orqanına təqdim etməyə hazıram.

Başıma açılan bu oyunların, budcə vəsaitinin yüz min manatlarla ölçülən mənimsənilməsinin ört- basdır edilməsi məqsədi ilə mənə olan zülmü özündə əks etdirən audio və video yazıları, sənədləri də həmçinin təqdim edə bilərəm.

Büdcənin talan edilməsinin ört - basdır edilməsi məqsədi ilə təşkil olunmuş bu qeyri-obyektiv araşdırma ilə bağlı haqlı iradlarımı bildirdiyimdən Malik Atakişyev filialda olduğu müddətdə 16.10.2014 cü ildə mən maddə ilə işdən azad olundum. Bu səbəbdən də onun apardığı ”araşdırma”nın nəticəsi ilə tanış olma imkanım olmadı. Əgər dörd nəfər maliyyə mütəxəssisinin tərtib etdiyi Audit aktını qanunazidd olsa belə, səlahiyyəti çatmasa belə ləğv etmək qudrətinə sahib olan Malik Atakişiyev və Daxili nəzarət şöbəsinn müdiri Kənan Quliyev nədən bu mütəxəsislərin çəzalandırılması barədə prokurorluq orqanları qarşısında məsələ qaldırmadı? Axı söhbət 270 min manatdan artıq vəsaitdən gedirdi. Göstərilən audit yoxlamasının keçirilməsi ilə əlaqədar olaraq dövlət büdcəsindən 5.000 manat vəsait ödənilmişdir.

TN-nin qeyd etdiyi kimi audit yoxlaması qənaətbəxş keçirilməmişdirsə nə üçün dövlət büdcəsindən ödənilmiş 5.000 manat vəsaitin geri qaytarılması üçün tədbir görülməmişdir? Mənim o zaman qanunsuz işdən azad olunmağımı subut edən əmrin əsaslandıği AMİ-nin Mingəçevir filialının Həmkarlar İttifaqının 26 sentyabr 2014-cü il tarixli 6 saylı protokolunun bu məqsədlə sonradan tərtib olunduğu ortadadır. Belə ki, protokolda iclasın Mingəçevir filialında guya 26 sentyabr 2014-cü il tarixdə keçırildiyi göstərilsə də, iclasın protokoluna AMİ-nin rektoru bir gün əvvəl 25 sentyabr 2014-cü il tarixdə də dərkənaq qoyub, həmin tarixdə qeydiyyata alınıb. İclasının protokolunda çıxışı tərtib olunan əməkdaşlardan biri filialın müəllimi Huseynov Qənimət Fərman oğlu o iclasın keçirildiyindən xəbəri olmadığını və onun adından yazılan çıxışın saxta olduğunu notarial qaydada təsdiq etdirərək hakimə təqdim etmişdir. Filial əməkdaşları adından tərtib olunan guya mənim işdən azad olunmağımla bağli müraciəti isə filalın bağlanmasına etiraz məktubu adı ilə imza etdiriblər. Bunu bütün filial bilir. Bunun da video qeydləri var. Filialın əməkdaşı Hüseynova Həqiqət Oruc qızı bunu ərizəsində notarial qaydada təsdiq etdirib. Baza institunun prorektoru da Həmkarlar təskilatını iclasının keçırilmədiyini, orda istirak etmədiyini və adından qeyd olunan çıxışın saxta olduğu barədə notarial qaydada müraciət imzalayıb. Bütün bunlara şərdən başqa nə ad vermək olar? Mən bir qrup məmurun korporativ maraqlarının qurbanı olmuşam. 03.10. 2013-cü il tarixində direktor əvəzi vəzifəsindən kənarlaşdırılmam haqqinda əmr də bu məqsədə xidmət edirdi. 07.10.2013-cü il tarixdə yazdığim ərizəyə əsasən necə ondan 4 gün əvvəl 03.10. 2013-cü il tarixində işdən kənarlaşdırıla bilərdim?

Sonda bildirmək istəyirəm ki, təqdim etdiyim fotosurətlərdə mənim çoxsaylı müraciətlərimə guya mənim iştirakımla baxılması üçün zəruri tədbirlərin görüləcəyi qeyd olunur. Amma nəinki heç bir tədbir görülmədi, nazirlikdən çoxsaylı məktublarıma cavab belə verilmədi. Başqa bir şikayət məktubuma isə nazirlik rəsmisi belə cavab verir ki, bununla bağlı hüquq - mühafizə orqanlarına müraciət etməlisiniz. Sual olunur, əgər orada qeyd olunanların doğrudan da əsaslı olduğu qənaətinə gəlinibsə niyə məhz Təhsil Nazirliyi bununla bağlı hüquq - mühafizə orqanlarına müraciət etməyı lazım bilməyib?

Cənab nazir, bir daha bildirmək istəyirəm ki, göstəriş və tapşırıqlarınıza bu günədək müvafiq struktur rəhbərləriniz tərəfindən əməl olunmayıb, işə bəzi hallarda qərəzli, bəzənsə başdansovdu yanaşılıb, haqlının yanında olmaq əvəzinə haqsızın yanında olublar. Ona görə də mən Sizdən xahiş edirəm, fevralın 8-də Qobustan şəhərində keçirəcəyiniz növbəti qəbulda iştirak edərək üzləşdiyim dəhşətləri diqqətinizə çatdırmaq üçün mənə daha bir fürsət tanıyasınız".