BolgeXeber.Com » Ölkə » Qubada orduya çağırış işində pozuntular var

Qubada orduya çağırış işində pozuntular var

11-02-2016, 14:37
Oxunub: 6 336 Qubada orduya çağırış işində pozuntular varSəfərbərlik xidmətinin Quba rayon şöbəsinin rəhbəri Çingiz Kiçikbəyov tərəfindən bəzi vətəndaşlara saxta hərbi biletlərin təqdim edildiyi iddia olunur

Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Quba rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair açıqlamaların əks olunduğu məlumatlar daxil olmuşdur. Məlumatlarda qeyd edilir ki, haqqında bəhs olunan neqativ hallar bu gün Çingiz Kiçikbəyovun rəhbərlik etdiyi şöbədə davamlı olaraq müşahidə olunur. Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, Səfərbərlik xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Halbuki vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik xidmətinə verilməsindən sonra ümid etmək olardı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin yerli mənbələrin iddialarına görə, son nəticədə bütün bu islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirlərin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Hətta əvvəllər komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib. Səfərbərlik xidmətinin Quba rayon şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, hazırda bu rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Daxil olan məlumatlarda da bildirilir ki, Qubada hərbi xidmətdən yayınmağa meyilli olan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilər. Bu xüsusda mənbələrin təqdim etdikləri məlumatlarda Çingiz Kiçikbəyov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi də iddia olunur.
Məlumdur ki, son vaxtlar Azərbaycanın dünyada getdikcə artmaqda olan nüfuzu, ölkəmizin öz hərbi qüdrətini artırması, mövcud olduğu regionda isə birmənalı olaraq lider dövlətə çevrilməsi bəzi beynəlxalq dairələrdə qısqanclıqla qarşılanır. Bu qısqanclığın təzahürlərindən biri kimi də, cəbhə xətti boyunca ermənistan tərəfindən atəşkəs rejiminin tez-tez pozulmasını göstərmək olar. Şübhə yoxdur ki, Azərbaycanın faktiki olaraq müharibə şəraitində belə yüksək templə inkişafını müşahidə edənlər, ərazi bütövlüyümüzün bərpasından sonra ölkəmizdə hansı proseslərin gedəcəyini təsəvvür edə bilirlər. Bu səbəbdən də, cəbhə bölgəsində ara-sıra törədilən xırda təxribatlar ən azından sərhədyanı əraziləri daim gərginlik içərisində saxlamaq məqsədi güdür. Təbii ki, belə olan vəziyyətdə ölkəmizin ilk növbədə müdafiə qüdrətini təmin edən bütün qurumların qüsursuz fəaliyyət göstərməyi tələb olunur. O cümlədən, Səfərbərlik və Hərbi Xidmsətə Çağırış üzrə Dövlət Xidmətinin bütün struktur və şöbələrinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Lakin təəssüflər olsun ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Xidmətin Quba rayon şöbəsinin fəaliyyətinə dair aldığımız məlumatlar isə, bu kimi narazılıqların daha da artmasına şərait yaradır.bizimdovr.az

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.