BolgeXeber.Com » Ölkə » Ekspertdən iddia: “Toyuqlar kütləvi tələf olur, xəstə heyvan satılır”

Ekspertdən iddia: “Toyuqlar kütləvi tələf olur, xəstə heyvan satılır”

2-03-2016, 15:49
Oxunub: 4 397 Ekspertdən iddia: “Toyuqlar kütləvi tələf olur, xəstə heyvan satılır”Bölgələrdə ev quşları arasında xəstəlik yayılıb. Xüsusilə də toyuq və hündüşkaların kütləvi qırılması müşahidə edilir. Bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

V.Məhərrəmovun sözlərinə görə, toyuqların kütləvi təlafatı daha çox İsmayıllı, Ağsu və Şamaxıda qeydə alınıb: “Məsələn, Şamaxının Muğanlı kəndindən müraciət edən fermerin əvvəlcə 40, sonra isə 80 toyuğu ölüb. Müşahidələr göstərir ki, xəstəlik bazardan alınan toyuqlardan yayılır. Fermerlərdən biri xəstəliyin əlamətlərini də açıqlayıb. Onun sözlərinə görə, toyuqlar əvvəl xırıldayır, sonra başı qaralır. heyvanın ağciyəri zədələnir”.

Xəstəliyin quşlar arasında qeydə alınan pasterellyoz xəstəliyi olduğu güman edilir.

V.Məhərrəmov deyib ki, xəstə və ölmüş toyuqların kəsilib satılması ilə bağlı məlumatlar var. Lakin faktın doğru olub-olmadığını müəyyənləşdirmək çətindir. Buna görə də, yol kənarlardan, fərdi adamlardan toyuq alarkən ehtiyatlı olmaq lazımdır.

Qeyd edək ki, pasterellyoz (vəba) xəstəliyinin iti formasında quş büzüşüb oturur, pipik və saqqalı göyərir, ağzından selik axır, xırıldayır, ishal gedir və susuzluq əlamətləri müşahidə olunur. Xəstəlik 3-4 gün çəkir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bölgələrdə ev quşlarının kütləvi tələfatı ilə bağlı məlumatları təkzib edib. Y.Xanvəli bildirib ki, baytarlıq xidmətinin Ağsu, İsmayıllı və Şamaxı şöbələri ilə əlaqə saxlanılıb: “Mövsümlə və ya qurd xəstəliyi ilə bağlı ev quşlarının tələfatı mümkündür. Lakin kütləvi tələfata rast gəlinməyib. Həmçinin pasterellyoz xəstəliyi qeydə alınmayıb”.

Onu da xatırladaq ki, Xaçmaz rayonunun Dədəli kəndində ev quşları (xüsusilə toyuq, hind toyuğu və s.) arasında tələfatın qeydə alınması barədə də məlumat yayılmışdı. Quşlardan götürülən nümunələrdə heyvanların askaridoz (qurd) xəstəliyindən tələf olması müəyyən olunmuşdu.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatlıq olarsa, vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Mətbuat katibi quşlar və heyvanlar arasında kəskin yoluxucu xəstəliklərdən kütləvi tələf olma hallarının mövcud olmadığını, epizootik sabitliyə tam nəzarət edildiyini deyib.
Bolgexeber.com