BolgeXeber.Com » Ölkə » “Antikollektor”un rəhbəri prezidentdən cavab gözləyir

“Antikollektor”un rəhbəri prezidentdən cavab gözləyir

12-03-2016, 10:17
Oxunub: 3 954 “Antikollektor”un rəhbəri prezidentdən cavab gözləyirƏkrəm Həsənov: “Gözləyirəm ki, prezident borcluların probleminin nə qədər kəskin olduğuna reaksiya versin”

Bu ilin yanvarında yaradılan və martın 1-də fəaliyyətə başlayan “Antikollektor” MMC ilə bağlı cəmiyyətdə ciddi müzakirələr başlayıb. Narahatlıqlar var, hətta məsələ ötən həftə Milli Məclis səviyyəsində də müzakirə edilib. Maraqlısı odur ki, rəsmilər və banklar tərəfindən Antikollektor əhalini banklara qarşı çıxmağa təhrik edən qurum kimi təqdim edilir.

Hətta Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı Antikollektoru vətəndaşlara banklara borc qaytarmamağı öyrədən qurum adlandırıb: “Puşkin küçəsində üzərində “Antikollektor” yazısı olan bir ofis açılıb. Maraqlandım, dedilər ki, son zamanlar bir neçə şirkət yaranıb və onlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər. Mən qayıdanda o şirkətlə məşğul olacağam... Mən belə başa düşürəm ki, biz oturduğumuz qayığı deşirik. Yaxşı, tutalım ki, borcunuzu qaytarmadınız. Fərz edək ki, sizin heç bankda əmanətiniz də yoxdur. Bəs bank kartı ilə maaş alan insanlar, pensiya alan yüzlərlə, minlərlə insan pulunu necə alacaq? Bank deyəcək ki, pulum yoxdur, vəssalam! Çünki verdiyim kreditləri antikollektorlar sayəsində geri ala bilmirəm. İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır. Problemin müxtəlif həlli yolları var”.

Artıq “Antikollektor”un rəhbəri Əkrəm Həsənov musavat.com-a açıqlamasında bildirib ki, dövlət başçısı İlham Əliyevə məktub göndərib və ölkədəki kredit probleminin, borcluların vəziyyətinin ciddiliyinə diqqət çəkib: “Gözləyirəm ki, prezident borcluların probleminin nə qədər kəskin olduğuna reaksiya versin. Mərkəzi Bankdan nəzarət alınır, yeni yaradılan Palataya verilir. Bu gün banklar Mərkəzi Bankla işləyə bilmirlər. Bank nəzarəti orqanı dəyişdirilir, Palata bankları qoruyacaq, bankların da hesabına dolanacaq. Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası bankları müdafiə edəcək. Bəs əhali, borclular? Bəlkə də prezidentə bildirirlər ki, əhalini, borcluları da Palata qoruyacaq. Amma elə deyil, onun işi bu deyil. Qorxuram ki, o problem haqqında prezidentə demirlər. İstədim bilsin ki, Palatanın işi borcluları qorumaq deyil. Buna görə Maliyyə Ombudsmanı institutu yaradılmalıdır. Bu kimi məsələlər də Maliyyə Ombudsmanının işi olmalıdır. Daha sonra bu sahədə hansı qanunların qəbul olunmasının vacibliyini yazmışam. Bildirmişəm ki, borc problemi cəmiyyətdə sosial gərginliyə aparır və müəyyən həddə çatandan sonra siyasi sabitliyi də poza bilər. Bunu məmurlar ona demirlər. Onlar ancaq borcu əhalidən almaqda maraqlıdırlar. Prezidentə həmçinin Antikollektor haqqında da məlumat vermişəm ki, o, qanuni fəaliyyət göstərir və bir çox ölkələrdə var. Hətta Rusiyada onların assosiasiyası var. Necə olur ki, bizdə bir neçə kollektor təşkilat var, onlar illərdir fəaliyyət göstərirlər və bu, kimisə narahat etmir? Məmurlar buna reaksiya vermirlər. Amma Antikollektor yaradılan kimi reaksiya gəldi. Antikollektorla dövlət əslində əməkdaşlıq etməlidir. Çünki müəyyən mənada onun edə bilmədiyi işi Antikollektor edir. Bir çox təkliflərim var. Bunları bildirmək üçün prezidentdən məni qəbul etməyi xahiş etmişəm”.

Qeyd edək ki, Ə.Həsənov dövlət başçısına yazdığı məktubda əhalinin və sahibkarların düşdüyü borc bataqlığının, ümumiyyətlə, bank xidmətləri istehlakçılarının problemləri ilə bağlı müraciət etdiyini vurğulayıb.

Məktubda vurğulanır ki, məlum səbəblərdən ölkəmizdə hazırda iqtisadi böhran yaşanır: “Bu böhranın amillərindən biri də borcların qaytarılmamasıdır. Buna görə də hazırda kreditorlar və borclular arasında ciddi qarşıdurma mövcuddur. Kreditorlar qismində əsasən banklar, bank olmayan kredit təşkilatları, lombardlar, lizinq şirkətləri, nisyə mal satan dükanlar və hətta fərdi sələmçilər çıxış edir. Borcluların isə əksəriyyətini sahibkarlar, bir qismini isə əhali təşkil edir. Borcların qaytarılmamasının cari səbəbləri bunlardır: manatın devalvasiyası, sahibkarların müflisləşməsi, iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin azalması, qiymətlərin artması və sair. Bununla belə, bu problemlərin kəskin forma almasının hüquqi və iqtisadi əsasları illər öncə qoyulub. Kreditorlar qanunvericiliyi kobud şəkildə pozur və aidiyyəti dövlət orqanları buna göz yumur. Məsələn: Konstitusiyanın 19-cu və Mülki Məcəllənin 439-cu maddələrinə zidd olaraq kreditləri xarici valyutada verirlər, malları xarici valyutada satırlar, lizinq müqavilələrində icarə haqqını xarici valyutada ifadə edirlər. Mülki Məcəllənin 741-ci maddəsinə zidd olaraq faizləri ildə deyil, ayda bir dəfə tuturlar. Lombardların fəaliyyətinə heç bir nəzarət yoxdur və onlar lisenziyasız faktiki bank fəaliyyətini həyata keçirir, yəni başqalarından cəlb etdikləri vəsait hesabına kredit verir, özü də çox ağır şərtlərlə, kreditin ödənişi gecikdiriləndə isə məhkəmə qərarı və hərrac olmadan girov qoyulmuş əşyanı satır. Fərdi sələmçilər borcu nəinki ağır şərtlərlə verir, həmçinin əldə etdikləri faiz gəlirlərindən vergi ödəmirlər və sair. Kreditorlar məsuliyyətsiz kredit siyasəti həyata keçirib, kimə və necə gəldi kreditlər verib, Mərkəzi Bank da buna göz yumub. Əlbəttə, borcluların da təqsiri az deyil: borclanarkən ayaqlarını yorğanlarına görə uzatmayıblar bir çox hallarda. Lakin nəzərə almaq lazımdır ki, onlar kreditorların reklam kampaniyalarının (çox zaman yalan reklam), tam məlumatlandırmamanın və bununla da istehlakçı hüquqlarının pozulmasının qurbanıdır. Vətəndaşlarımızın çoxunun hüquqi və iqtisadi savadı aşağı səviyyədədir və kreditorlar da bundan vicdansızcasına sui-istifadə edib. Eyni zamanda Mərkəzi Bank sonuncu instansiya kreditoru funksiyasını qeyri-məqbul icra edərək banklara kifayət qədər manat krediti verməyib (verəndə də bunu qeyri-şəffaf edib), buna görə də banklar xaricdən dollar kreditləri cəlb edib və iqtisadiyyatımızı dollarlaşdırıblar”.

Ekspert vurğulayıb ki, ən ağır vəziyyətə dollarda krediti olanlar düşüblər: “İkiqat devalvasiyadan sonra onların borcu iki dəfə artıb. Təəssüf ki, Konstitusiya Məhkəməsi 2015-ci ilin may ayında bankların təzyiqi altında Konstitusiya və Mülki Məcəllənin tələblərinə zidd olaraq xarici valyutada olan kreditlərin qanuni olduğu barədə qərar vermişdir. Halbuki, bu qərarın niyə hüquqi cəhətdən yanlış, sosial-iqtisadi cəhətdən isə təhlükəli olduğunu Konstitusiya Məhkəməsinə təqdim etdiyim ətraflı rəydə izah etmişdim. Əgər o zaman Konstitusiya Məhkəməsi qanuni və ədalətli qərar versəydi, indi yaşanan problemlərin xeyli hissəsi həll olunmuş olacaqdı, kreditlərin qaytarılması prosesi davam edəcəkdi”.

Kreditorların və kollektorların qanunsuz fəaliyyəti barədə yazan ekspert bildirib ki, ümumiyyətlə, həm milli, həm də xarici valyutada olan borclar üzrə borclulara nəinki ciddi güzəştlər edilmir, onların hüquqları da pozulmaqda davam edir: “Bağlanan kredit müqavilələrinin qanuna zidd müddəaları hələ də qalmaqdadır və icra olunur, borclular qanunsuz faiz və cərimə məbləğləri ilə yüklənir və sair. Kreditorlar birbaşa və ya kollektor şirkətləri vasitəsilə borclulara müxtəlif təzyiqlər edir: dəng etmə, hədə-qorxu, təhqir, şəxsi həyata müdaxilə, borclunun iş yerinə və qohumlarına məlumat vermə, bank sirrini pozma, borclunun evinə gəlmə və s. Borc məbləğləri məhkəmə qərarı olmadan banklar tərəfindən vətəndaşların əmək haqqı və pensiya kartlarından tutulur. Borcluların və onların himayəsində olan şəxslərin yaşayış minimumu nəzərə alınmadan məhkəmə qərarları əsasında icra məmurları borcluların əmək haqlarını və pensiyalarını əllərindən alır, onları dolanışıqsız qoyur. Nəticədə intiharlar artır, insanlar xəstələnir, uşaqlar əsəbi şəraitdə böyüyür, ailələr dağılır və sair. Kreditorların hərəkətləri nəticəsində qeyri-neft sektorunun da inkişafı əngəllənir. Çünki sahibkarların da xeyli problemli borcu var. Belə bir şəraitdə onlar bizneslərini bağlamaq, yəni müflislik yolunu tutur. Bəzən borclular dollar kreditlərinin manata çevrilməsi şərti ilə onu ödəmək niyyətlərini bildirsələr belə, kreditorlar bu xahişə məhəl qoymur”.

Ekspertin sözlərinə görə, borclular kreditorların həmləsinə davam gətirə bilmirlər: “Antikollektor qurumları xaricdə geniş yayılıb. Əsas işləri borcluları kreditorların və kolektorların qanunsuz hərəkətlərindən qorumaq, hüquqlarını müdafiə etməkdir. Azərbaycanda neçə ildir ki, borcluların başına oyun açan kollektor şirkətləri fəaliyyət göstərir və indiyədək heç bir dövlət orqanı onlarla maraqlanmayıb”.