BolgeXeber.Com » Ölkə » "Grand Hospital"a qarşı ittiham var - körpənin ölümünə necə bais oldu?

"Grand Hospital"a qarşı ittiham var - körpənin ölümünə necə bais oldu?

14-03-2016, 10:07
Oxunub: 2 978 "Grand Hospital"a qarşı ittiham var - körpənin ölümünə necə bais oldu?"GRAND HOSPİTAL” JURNALİSTİ NECƏ ALDATDI?

Azərbaycanın özəl səhiyyə sektorunda baş verən acınacaqlı durum barədə ötən yazımızda araşdırma aparmışdıq. Araşdırmamızda qeyd etmişdik ki, son illər ölkədə xüsusən də paytaxt Bakı şəhərində özəl tibb klinikalarının sayı artmaqdadır. Əlbəttə ki, elə mövzuya ilk girişindən məlum olur ki, bu klinikaların əksəriyyəti yüksək mənsəbli məmurlara, oliqarxlara aiddır. Mənbəyi məlum olmayan, "qara pullar” hesabına tikilmiş əksər özəl klinikalar yarandıqları ilk gündən sözün həqiqi mənasında xalqa qənim kəsilməyə başladılar.

Tibb "bazarına” yüksək keyfiyyətli xidmət və ucuz qiymətlə gəlmək əvəzinə fırıldaqçı reklamlarla- yalan vədlərlə gəlməyi üstün tutan bu özəl tibb müəssisələrinin iflasa uğramaqları təbiidir. Özəl tibb klinikalarının var olmaqlarının statistik azərbaycanlıya heç bir dəxli yoxdur. Xəstəliklərinin müalicəsi üçün xalqın maddi imkanı zəif olan təbəqəsi yenə də İrana üz tutur. Qismən imkanlıları isə Rusiya, Türkiyə, Avropa səhiyyəsinə üstünlük verirlər.

Yaranmış neqativ durumdan ölkə büdcəsinə də ciddi ziyan dəyir. Səhiyyə nazirliyinin bacarıqsızlığından, səhiyyə siyasətini düzgün qura bilməməsinin ucbatından milyonlarla vəsait xaricə axıdılır. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, yalançı vədlərlə özünü reklam edən əslində isə qiymətləri "od tutub yanan” özəl tibb müəssisələrindən biri də "Grand Hospital”dır. İnşasına ümumilikdə 70 milyon manat ( o vaxtkı məzənnə ilə təxminən 95 milyon dollar) xərclənib. Təkcə tibbi avadanlıq və təchizatına 20 milyon manat xərclənmiş bu müəssisədə savadlı kadr kontingentinin yoxluğundan həmin avadanlıqlar toz basmış vəziyyətdədir.

Mənbə qeyd edir ki, fəaliyyətə başladığı ilyarım ərzində 3 dəfə həkim personalı rəhbərlik tərəfindən qovulmuş "Grand Hospital”da yenə də tibbi personal arasında gərginlik qalmaqdadır. Burada yerli həkimlər Türkiyəli həkimlərin "ayağına verilir”. Yüksək maaş və şərtlərlə işə dəvət olunmuş türk həkimlərlə müqayisədə Azərbaycanlı həkimlər ağir şərtlər altında "qəpik-quruş”a işləməyə məcbur edilir. Yaranmış vəziyyətə etiraz edən həkimlərə isə rəhbərlik tərəfindən qapı göstərilir.

AVROPADAN DA BAHA QİYMƏTLƏR

Mənbə daha sonra qeyd edir ki, yarandığı xeyli müddət ərzində heç bir ciddi tibbi uğura imza atmayan, dünyada gedən iqtisadi böhranın fonunda ölkədə baş vermiş devalvasiyaya görə, heç bir sosial kompaniya aparmayan "Grand Hospital”-ın əsas məqsədi ancaq çoxlu pul qazanmaqdır. Bu tibbi müəssisədə müayinələrin qiyməti avropa ölkələrindən bahadır. Məsələn: mənbənin dediyinə görə "Grand Hospital”da elastometriya müayinəsinin qiyməti 150 manat (təxminən 98) dollar olduğu halda Macarıstanda 63, Bolqarıstanda isə 71 dollardır. Digər müayinə və müalicələrin müqayisəsində də ciddi fərqlər var.

"GRAND HOSPİTAL” JURNALİSTİ NECƏ ALDATDI?

Ötən il klinikanın media üçün keçirdiyi aksiyada klinikanın baş həkimi Rafiq Dəmirçalovun "Azinforum”.az-ın əməkdaşına etdiyi jest birmənalı qarşılanmayıb.

Sitat: "Əvvəlcə bizi klinikanın direktoru Elxan Hacıyev öz otağında qəbul etdi. Klinika barədə məlumat verdikdən sonra, KİV təmsilçiləri ilə ölkədəki səhiyyənin vəziyyəti barədə ümumi fikir mübadiləsi aparıldı. Ardınca jurnalist qrupuna istənilən sahə üzrə pulsuz müayinədən keçmək təklif edildi. Bu metod eyni zamanda, klinikanın işi prinsipi ilə yaxından tanış olmaq imkanı da verirdi. Elxan Hacıyev bizə olduqca savadlı və mədəni insan təəssüratı bağışladı”.

Saytın əməkdaşı qeyd edib ki, jurnalistlərə hansısa sahə üzrə müayinədən keçmək istədikləri ilə bağlı suallar ünvanlanıb: "Mən qulağımda olan səslə əlaqədar müayinədən keçmək istədiyimi bildirdim. Dedilər ki, onların baş həkimi Rafiq Dəmirçalov məhz bu ixtisas üzrə həkimdir. Qeydiyyata alındıqdan sonra, məni Rafiq həkimin otağına göndərdilər. Otaqda oturan xanım dedi ki, Rafiq həkim əməliyyatdadır. Mən qeydiyyat şöbəsinə müraciət edərək bildirdim ki, mümkündürsə məni başqa həkimə yazın. Çünki əməliyyatın uzun çəkəcəyini zənn etdim. Bunun mümkün olmadığını dedilər.

Təxminən bir saatdan sonra baş həkim gəldi. Mənim sənədimə baxanda, pulsuz müayinənin yazıldığını gördü, hiss etdim ki, əhvalı dəyişdi. Tələsdiyini dedi. Elə tələm-tələsik də qulağıma baxdı. Dedi ki, sənə audimetriya lazımdır, lakin onun bunu etməyə vaxtı yoxdur. Mən bildirdim ki, iki dəfə başqa klinikalarda audimetriyadan keçmişəm, cavabları da əlimdədir. Həkim mənə öz vizit kartını verib dedi ki, həmin cavabı çəkib vatsapla ona göndərim. Dərhal uyğun müalicəni yazacağını bildirdi.

Təklif etdim ki, işi belə çoxdursa sabah gəlim. Bildirdi ki, 20 gün ölkədə olmayacaq. Hiss etdim ki, məni başından edir. Amma onun dediyini etdim. Audimetriyanın cavabını özünün də dediyi kimi, 050 ilə olan nömrəsinə göndərdim. Düz 10 gündür ki, baş həkimdən cavab gözləyirəm. Necə deyərlər: "uzuz ətin şorbası olmaz” misalı lap yerinə düşdü.

Bəlkə də bu hərəkəti sıravi bir işçi etsəydi heç məsələni ictimailəşdirməyə ehtiyac görməzdim. Ancaq bir klinikanın siması sayılan baş həkimdən dediyim davranışı görmək bir jurnalist kimi məndə olduqca acı iz buraxdı”.

"GRAND HOSPİTAL” KÖRPƏ ÖLÜMÜNƏ BAİS OLUB?

Bu cür sərt ittihamla bu ilin yanvar ayında Arqument.az-a məlumat verən Nurlan Mirəliyev adlı şikayətçinin sözlərinə görə, "sentyabr ayında BİT klinikasında körpənin nəcisdən analizi verilib və nəticə olaraq bağırsaqlarında "steflakoz" adlı mikrob aşkarlanaraq müalicə olunub:

"Oktyabr ayında yenidən bir daha "Grand Hospital"da analiz verdik. Bura gəlməyimizə səbəb isə bu tibb ocağının telekanallardakı reklamda geniş səviyyədə təbliğatı oldu. Bu analizin nəticələrində də yazıldı ki, heç bir mikrob aşkarlanmayıb. Amma nəticələrin müsbət olmasına baxmayaraq, Zöhrənin daima 39-40 dərəcə qızdırması olurdu. Hər dəfə həyəcanlı şəkildə təcili yardım maşını çağırıb onun həyatını xilas edirdik. Bütün bunlardan sonra Zöhrənin səhhəti ilə bağlı bizdə şübhələr oyandı. Yenidən başqa tibb müəssisəsində analiz verməyi qərara aldıq və noyabr ayının 18-də "Ultra Med" klinikasında nəcisin analizini verdik və nəticədə "steflakoz" deyilən mikrob aşkar edildi".

SƏHİYYƏ NAZİRLİYİ PULA BAXIR

Şikayətçi olan Nurlan Mirəliyev hesab edir ki, "Grand Hospital" bu müddətdə balaca Zöhrənin həyatı ilə oynayıb: "Bu labaratoriyanın günahıdır, ya həkimin deyə bilmərəm. Amma ad sözügedən hospitaldır. 10 aylıq körpəni 40 dərəcəli qızdırmayla riskə atmağın cavabını kimsə verməlidir. Səhiyyə Nazirliyi hara baxır?", - deyə Nurlan Mirəliyev sual edir.

Nurlan Mirəliyevin "Səhiyyə Nazirliyi hara baxır?” sualının cavabı ölkəmizdə yaşayan bir çox insanlara gün kimi aydındır - Əlbəttə ki, pula baxır!

Araşdırmalarımız davam edir.