BolgeXeber.Com » Ölkə » “Buna cəhd edən banklar cinayət məsuliyyətinə cəlb olunmalıdır”

“Buna cəhd edən banklar cinayət məsuliyyətinə cəlb olunmalıdır”

16-03-2016, 14:03
Oxunub: 1 339 “Buna cəhd edən banklar cinayət məsuliyyətinə cəlb olunmalıdır”"İnanıram ki, Rüfət Aslanlı bank sistemindəki vampir yanaşmalarına son qoyacaq"


Bolgexeber.com bu gün parlamentin plenar iclasında hökumətin 2015-ci ildə gördüyü işlərin hesabatı zamanı millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının çıxışını sinxron olaraq təqdim edir:

"Dünyada baş verən maliyyə və iqtisadi böhran təbii olaraq Azərbaycandan da yan keçməmiş, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımız üçün fərqli situasiya yaratmış, iqtisadiyyatımızın dayanıqlığının gücləndirilməsini xeyli dərəcədə aktuallaşdırmışdır.
Kifayət qədər mürəkkəb və ziddiyyətli vəziyyətin doğura biləcəyi çətinliklərdən sığortalanmaq, ölkəni neft asılılığından tamamilə qurtarmaq üçün dövlət başçısı maliyyə, sosiaal-iqtisadi, vergi, gömrük və idarəçilik sistemində genişmiqyaslı və islahatları sürətləndirməyə xidmət edən əhəmiyyətli fərman və sərəncamlar imzalamaışdır. Əminəm ki, bütün bu addımlar ardıcıl və davamlı xarakter daşıyacaq, ölkəmiz bu sınaqdan da uğurla çıxacaqdır.
Ölkə prezidentinin qarşıya qoyduğu və reallığı əks etdirən çağırışlarını həyata keçirməkdə məsuliyyət və peşəkarlığı nümayiş etdirən hökumətimiz 2015-ci ildə də üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir.
Vacib hesab etdiyim bir sıra təkliflərimi də diqqətinizə çatdırmaq istəyirəm.
Qarşıya qoyulan və iqtisadiyyatımızın inkişafında önəmli rol oynaya biləcək milli istehsal sahələri genişləndirilməlidir. Bu baxımdan ənənəvi sənaye sahələrinin müasir texnologiya əsasında genişləndirilməsi prioritet hesab olunmalıdır. Bu diqqət ilk növbədə gündəlik tələbat mallarını istehsal edən sahələrə yönəlməlidir. Konkret desək, bunlar toxuculuq, trikotaj, tikiş, geyim, ayaqqabı və qida məhsullarının istehsalı sahələridir. Həmin istehsal müəssisələrinin regionlarda yaradıılması məncə daha əhəmiyyətli olardı.
Qarşıda duran vacib vəzifələrdən biri də kənd təsərrüfatına xüsusi diqqətin ayrılmasıdır. Kənd təsərrüfatının yüksək səviyyədə inkişafı bir tərəfdən ölkənin daxili tələbatının tam ödənilməsi, digər tərəfdən ölkəmizə külli miqdarda xarici valyutanın gətirilməsi deməkdir. Ona görə də ölkə prezidentinin iqtisadi siyasətində kənd təsərrüfatı əhəmiyyətli yer tutur və etiraf etmək lazımdır ki, bu sahədə son illər aparılan islahatlar öz müsbət nəticəsini verməkdədir. Kənd təsərrüfatının arzuolunan səviyyədə inkişafını təmin etmək üçün təkcə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti kifayət deyil. Məncə bu sahənin inkişafında az və ya çox dərəcədə aidiyyatı olan bütün strukturların məsuliyyəti artırılmalıdır.
Dünya praktikası təsdiq edir ki, istər ölkənin daxili tələbatını ödəmək və onun idxaldan asılılığına son qoymaq, istərsə də ixrac potensialını artırmaq üçün tərəvəz məhsullarının istehsalında istixanalar alternativsiz rola malikdir və müsbət haldır ki, son illər bu sistem ölkəmizdə də inkişaf edir. Amma bu sahəyə qazın, işığın və kübrənin verilməsində güzəştlər tətbiq edilməməsi məhsul istehsalında maya dəyərini yüksəldir, bu sahənin rentabelliyini aşağı salır. Məncə bunun hökumət səviyyəsində müzakirəsinə və güzəştlərin tətbiqinə ehtiyac var. Bu baxımdan “Aqrolizinq” xəttiylə inşa edilən istixana icarədarlarının müraciətini də hökumətin diqqətinə çatdırmaq xahiş olunub. Tikintisi bazar qiymətindən xeyli yüksək başa gələn həmin istixanalar müqavilə şərtlərini ödəməkdə çox çətinlik çəkirlər. Onların xahişi ödəmələrin müddətinin uzadılması, qaz və kübrədə güzəştlərin tətbiq olunmasıdır.
Nəhayət, banklarla bağlı fikirimi bildirmək istərdim. Təəssüf ki, ölkənin bank sistemi ona olan inamı xeyli dərəcədə itirib. İnanıram ki, yeni yaradılan palata və ona rəhbər təyin olunan Rüfət Aslanlı bu xoşagəlməz vəziyyətin aradan qaldırılmasına və bank sistemindəki vampir yanaşmalarına son qoyacaqdır.
Milli Məclisin plenar iclaslarının birində söylədiyim təklifə bir daha qayıtmaq istəyirəm. Dollarla kreditin verilməsi qadağan edilməli, buna cəhd edən banklar cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Deputat seçildiyim Salyan-Neftçala rayonlarının qazlaşması demək olar ki, başa çatıb, elektrik təsərrüfatının yenidən qurulmasına başlanılıb, iş intensiv gedir, Salyan-Şirvan və Neftçalanın Cəngəm-Qaraqaşlı yollarınıln çəkilişi başlayıb və orada da iş fasiləsiz davam edir.
Sonda hökumətin 2015-ci il hesabatını müsbət dəyərləndirirəm və ona səs verəcəm".