BolgeXeber.Com » Ölkə » İşdən çıxarılan rəis Qorxmaz Hüseynovun qohumu imiş - “Azərsu”da böyük müəmma

İşdən çıxarılan rəis Qorxmaz Hüseynovun qohumu imiş - “Azərsu”da böyük müəmma

17-03-2016, 10:37
Oxunub: 3 774 İşdən çıxarılan rəis Qorxmaz Hüseynovun qohumu imiş - “Azərsu”da böyük müəmmaVilayət Zamanovun vəzifəsindən kənarlaşdırılması təəccüb doğurmamalıdır

"Azərsu" ASC-nin Bərdə Sukanal idarəsinin işdən çıxarılan rəisi Vilayət Zamanovla bağlı maraqlı məlumat əldə etmişik.

ASC-dəki etibarlı mənbənin bildirdiyinə görə, əslən Goranboy rayonundan olan sabiq idarə rəisi “Azərsu” sədri Qorxmaz Hüseynovun qohumudur. O, bu posta Vidadi İsayev Bərdəyə icra başçısı təyin olunduqdan sonra gətirilib.

Xatırladaq ki, bu gün "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllının "report"a bildirdiyinə görə, V.Zamanov öz ərizəsi ilə işdən çıxıb: "Bərdə Sukanal idarəsinin rəisi Vilayət Zamanov bu il martın 10-da öz ərizəsi ilə işdən çıxıb. İdarəyə hələ ki, yeni rəis təyinatı olmayıb. İdarə rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini Şəmil Əliyev icra edir".

ASC-dəki mənbənin dediyinə görə isə idarə rəisinə könüllü şəkildə vəzifəsindən getmək barədə təklif “Azərsu” rəhbərliyindən gəlib. Buna səbəb Zamanovun uzun illərdir rəhbərlik etdiyi idarədə ciddi mənimsəmə hallarına yol verilməsidir.
“Bundan başqa, rayon sakinlərindən, Bərdə Sukanal idarəsi ilə bağlı çoxsaylı şikayətlərin gəlməsi V.Zamanovla bağlı məlum qərarın verilməsinə gətirib çıxarıb. İdarə ötən illər ərzində əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində heç bir ciddi irəliləyişə nail olmayıb, burada əhalinin böyük hissəsi içməli suyu pulla alır. Vətəndaşlara su satan maşınlar bunun üçün sözügedən idarənin məsul əməkdaşlarına “haqq” da ödəyirlər. Bütün bunların əvəzində isə ayrılan külli miqdarda dövlət vəsaiti xərclərin şişirdilməsi, “ölü ştatlar” və s. sayəsində mənimsənilib” deyə mənbəmiz bildirib.

Qaynağımız həmçinin deyib ki, 2012-ci ildən başlayaraq, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq Bərdə şəhərinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulmasına start verilib. Bunun üçün külli miqdarda vəsait ayrılıb: “Amma həmin vəsaitin də əhəmiyyətli hissəsinin təyinatı üzrə və səmərəli xərclənməsi ciddi şübha altındadır. Bütün bu düyilənləri ümumiləşdirsək, Vilayət Zamanovun vəzifəsindən kənarlaşdırılması təəccüb doğurmamalıdır”.

Qaynar.info