BolgeXeber.Com » Ölkə » “Dağlar” MTK-dan prezidentə şikayət - NARAZILIQ VAR...

“Dağlar” MTK-dan prezidentə şikayət - NARAZILIQ VAR...

31-03-2016, 16:14
Oxunub: 3 459 “Dağlar” MTK-dan prezidentə şikayət - NARAZILIQ VAR...Martın 30-da Bakıda mənzil fırıldağının qurbanı olmuş bir qrup şəxs yenidən Prezident Administrasiyasına, Baş Prokurorluğa gedərək, şikayətləri ilə bağlı aparılan istintaqdan və məhkəmə prosesindən narazılığını bildirdilər

AzToday.az xəbər verir ki, “Dağlar” MTK tərəfindən tikilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 63 saylı 15 mərtəbəli binada mənzil fırıldağı ilə üzləşmiş zərərçəkənləri fevralın 22-də olduğu kimi bu dəfə də Prezident Administrasiyasının nümayəndəsi Əli Orucov qəbul edərək, onları dinləyib.

Mənzil dələduzluğunun qurbanı olmuş Bakı sakinlərinə onların bir qrupunu aprelin 1-də Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tərəfindən qəbul olunacağı bildirilib.

Daha sonra şikayətçilər Respublika Baş Prokurorluğuna üz tutdular. Baş Prokurorluğun nümayəndəsi Orxan Kəngərli tərəfindən qəbul olunan fırıldaq qurbanı olmuş Bakı sakinlərinə şikayətləri barədə Zakir Qaralova məruzə olunacağını deyib.

Qeyd edək ki, mənzil fırıldağı ilə üzləşmiş 33 sakin “Dağlar” MTK şirkətinin bilavasitə iştirak etdiyi dələduzluğun qurbanı olublar. Sözügedən MTK rəhbərliyi tərəfndən bir mənzilin 2-dən çox şəxsə satılması prosesi 2013-2014-cü illərdə həyata keçirilib.

Vətəndaşların 2 milyon manatdan çox pulu dələduzluq yolu ilə mənimsənilib. Vətəndaşların “Dağlar” MTK ilə bağlı şikayətləri nəticəsiz qalıb. İstintaq orqanları, konkret Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq yalnız MTK-nın icraçı direktoru Şahin Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün işi Ağır Cinayətlər Məhkəməsinə göndərib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesdə faktiki olaraq istintaqdakı kimi zərərçəkmişlərin vəsatətlərini “yola” verməkdədir.
Halbuki zərərçəkənlərin hamısı şikayətlərində təkcə Şahin Əliyev tərəfindən deyil, “Dağlar MTK”-nın faktiki sahibi Çingiz Rzayevin, Elsevər Əhmədov, Qasım Hüseynov, İlham adlı maklerin, Əjdər adlı binanın komendantı tərəfindın də aldadıldığını bildirirlər. Xüsusi ilə də Xətai rayonunda yerləşən 6 saylı natariat kontorunun müdiri Ərəstun İmanov bütün mənzillərin, daha doğrusu bir mənzilin 2-3 nəfərə satılması prosesini rəsmiləşdirib. Maraqlıdır, Nərimanov rayonunda tikilən binadan mənzil alqı-satqısı müqavilələrin hamısı niyə Xətai rayonunda yerləşən natariat kontorunda rəsmiləşdirib?

Bunun da səbəbini istintaq müəyyən etməliydi. Təəssüf ki, Ərəstun İmanovun MTK ilə əlaqələrinə dair hər hansı bir təhqiqat belə aparılmayıb. Hazırda mənzil dələduzluğu ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə “Dağlar” MTK-nın icraçı direktoru Şahin Əliyev və bu işlərdə adı keçən Elçin Əhmədov saxlanılan şəxs kimi məhkəməyə gətirilir. MTK-nın faktiki sahibi Çingiz Rzayevə” gözün üstə qaşın qar” deyən yoxdur. Məhkəmə yalnız istintaqın təqdim etdiyi araşdırmanın nəticələri üzrə prosesə baxmaqdadır.
Zərərçəkənləri də narazı salan əsas məqam budur. Nə itirdikləri yüz min dollarla pulunu ala bilən, nə də əsl cinayətkarların cəzalandırılmasına nail ola bilməyən vətəndaşlar prezident İlham Əliyevdən növbəti dəfə kömək istəyiblər…
Onlarla adamın etdiyi şikayətlərinə aidiyyatı qurumların obyektiv yanaşmamasının və habelə “Dağlar” MTK ilə bağlı apardığımız araşdırmalar da göstərir ki, hüquq-mühafizə orqanları hansısa tapşırıq əsasında “Dağlar” MTK-nın faktiki sahibi Çingiz Rzayevin həbs edilməməsi üçün əlindən gələni edir… Beləcə 33 nəfər Azərbaycan vətəndaşının haqqı və hüququ pozulmaqda davam edir.