BolgeXeber.Com » Ölkə » Kəlbəcərin icra başçısı ilə bağlı iddia - İTTİHAM VAR

Kəlbəcərin icra başçısı ilə bağlı iddia - İTTİHAM VAR

7-04-2016, 12:19
Oxunub: 2 445 Kəlbəcərin icra başçısı ilə bağlı iddia - İTTİHAM VARBildirilir ki, Kəlbəcərin icra başçısı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ən nüfuzlu simalarından biri olmuş general Akif Çovdarovla çox yaxın münasibətləri olub

Son vaxtlar ölkə mətbuatında Kəlbəcər Rayon İcra Hakimiyyətinin fəaliyyətilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb, o zaman rayonda vəziyyətin heç də ürəkaçan olmadığı qənaətinə gəlmək olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün doğma rayonları işğal altında ola kəlbəcərliləri ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Həm də daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Kəlbəcər RİH-nin başçısı Aqil Məmmədovun durduğunu təsdiq edirlər. Qəzetimizin ötən saylarında biz də bu rayonun əsasən Gəncədə yerləşən icra və digər dövlət strukturlarında işləyən məmurlar tərəfindən yol verilən bir çox qanun pozuntularına dair tənqidi materiallar dərc etmişdik. Qeyd etməliyik ki, daha çox rayonun təhsil şöbəsində müşahidə olunan neqativ hallardan bəhs edilən bu materiallar bizimdovr.az-a yeni müraciətlərin daxil olmasına səbəb olmuşdur. Maraqlıdır ki, bu müraciətlərdə bəzi vətəndaşlar bizə öz iradlarını da bildirirlər. Lakin bu iradlar heç də bizi qərəzli olmaqda və ya qeyri-obyektiv mövqey tutmaqda ittiham etmir. Əksinə, vətəndaşlar tənqidi materiallarda bir çox digər məmurlarla yanaşı icra başçısı Aqil Məmmədovun da adının çəkilməsini tələb edirlər. Bu xüsusda yeni aldığımız məlumatlarda israrla bildirilir ki, redaksiyamıza daxil olan şikayətlər əslində kəlbəcərlilərin etirazlarını ifadə edən fikirlərin yalnız cüzi bir hissəsidir. Mənbələr iddia edirlər ki, çoxları təqiblərdən, hədələrdən qorxaraq haqq səslərini ucaltmaqdan hələ də qorxurlar. İnsanlarda bu hissin kök salmasının səbəbləri barədə bir qədər sonra müəyyən fərqli fikirləri də diqqətinizə çatdıracağıq. Amma aldığımız məlumatlarda kəlbəcərlilərin təhdid altında yaşamasına səbəb olan əsas amillərdən biri kimi də RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Heydər Bəylərovun tətbiq etdiyi üsullar göstərilir. Maraqlıdır ki, açıqlamalarda bu vəzifəyə təyin olunmazdan əvvəl mal-qara ticarəti ilə məşğul olan Heydər Bəylərovun orduda xidmətdən də yayınmadığı və hazırda tutduğu vəzifənin öhdəsindən gələ bilmək üçün nə müvafiq təhsilinin, nə də iş təcrübəsinin olmadığı vurğulanır. Bəlkə də məhz elə buna görə, “icranın pul yığanı” kimi tanınmış Heydər Bəylərov qarşısına çıxan bütün problemləri təhdidlər, hədə-qorxular, zor və şiddət gücünə həll etməkdən fərqli bir üsul tanımır. Bununla belə, Aqil Məmmədov da öz növbəsində bu xırda məmurun “keyfiyyətlərindən” yararlanmaq məqsədilə onu daima “əlinin altında” saxlayır. Qeyd olunur ki, Kəlbəcər rayon məktəblərinin direktorları bu gün də Heydər Bəylərova hər ay 50 manat “bac” verməkdə davam edirlər. Rayon üzrə 114 məktəbdən hər ay yığılan bu külli-miqdarda vəsaitin böyük bir hissəsinin də başçıya çatdığını bilən direktorlar isə, bu pulu bircə dəfə gecikdirəcəkləri halda, dərhal çağırılacaq şura iclasında açıq hədəfə cevirilirlər. Hesabı vermək istəməyən direktorlar hədələnir, təqiblərə məruz qoyulurlar.
Lakin artıq qeyd etdiyimiz kimi, kəlbəcərlilərin canına hopmuş “icra xofu”nun səbəbi barədə fərqli fikirlər də mövcuddur. Bir çox mənbələr bu xofu Aqil Məmmədovun bu yaxınlara qədər mövcud olan bəzi əlaqələrilə izah edirlər. Bildirilir ki, Kəlbəcərin icra başçısı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ən nüfuzlu simalarından biri olmuş general Akif Çovdarovla çox yaxın münasibətləri olub. İddialara görə, məhz elə bu keçmiş əlaqələri Aqil Məmmədovdan öz narazılıqlarını bildirmək istəyən kəlbəcərliləri hətta bu gün də etiraz səslərini ucaltmaqdan çəkindirir...

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.