BolgeXeber.Com » Ölkə » Qərib Məmmədovun adamı nazirlikdə fironluq edir - İDDİA VAR

Qərib Məmmədovun adamı nazirlikdə fironluq edir - İDDİA VAR

15-04-2016, 16:20
Oxunub: 4 923 Qərib Məmmədovun adamı nazirlikdə fironluq edir - İDDİA VARSon vaxtlar redaksiyamıza daxil olan məlumatlarda Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmaqdadır

Məlum olduğu kimi, xüsusilə son dövrlərdə ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, kənd təsərrüfatının da inkişafı getdikcə daha çox diqqət mərkəzinə çəkilməkdədir.

Təsadüfi deyil ki, bu gün ölkə rəhbərliyi tərəfindən də bu sahənin əhəmiyyəti xüsusi olaraq vurğulanır, kənd təsərrüfatının inkişafının vacibliyi qeyd olunur. Həmçinin dövlət başçısı tərəfindən də bu sahədə çalışan insanların, fermerlərin qarşılaşdıqları problemlərin həlli məsələsi aidiyyatı olan dövlət qurumları qarşısında prioritet vəzifə kimi qoyulur. O cümlədən Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi də bu sahədə müstəsna səlahiyyətlərə malik olan qurumlardan biri sayılır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli Fərmanı ilə Dövlət Müfəttişliyinin aşağıdakı fəaliyyət istiqamətləri təsdiq edilmişdir:

kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması;

kənd təsərrüfatı texnikasının dövlət texniki baxışının keçirilməsi;

traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunun və sürücülük vəsiqələrinin verilməsinin (dəyişdirilməsinin) təmin olunması;

kənd təsərrüfatı texnikasından istifadəyə nəzarətin həyata keçirilməsi.

Həmçinin bu göstərilənlərdən əlavə də qurumun kifayət qədər əhəmiyyətli vəzifələri vardır. 2015-ci ilin aprel ayından etibarən isə, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsinə Ağakişi Alıyev təyin olunmuşdur. Qeyd edək ki, Ağakişi Alıyev 2009-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (artıq ləğv olunmuş) Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Əldə etdiyimiz məlumata görə, Ağakişi Alıyev həm də sabiq komitə sədri Qərib Məmmədovun yaxın qohumudur. Bu gün bizimdovr.az-a daxil olan açıqlamalarda isə vurğulanır ki, fermerlər Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun etdiyi bu təyinatla bağlı bir çox ümidlər bəsləyirdilər. Gözlənilirdi ki, kifayət qədər təcrübəyə malik olan Ağakişi Alıyev bu sahədə indiyədək yığılıb-qalmış problemlərin həlli üçün konkret addımlar atacaq. Lakin aradan keçən bir il ərzində bu gözləntilər özünü qətiyyən doğrultmadı. Təqdim olunan açıqlamalarda vurğulanır ki, qurum bəzi məqamlar istisna olmaqla öz funksiyalarını demək olar ki, həyata keçirmir. İstisna təşkil edən məqamlar isə, sırf şəxsi gəlir gətirən sahələrlə bağlıdır. Bu xüsusda rayonlardan aldığımız məlumatlardan birində deyilir: “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yarıtmaz fəaliyyəti yalnız qurum rəhbərliyinin şəxsi maraqlarının təminatına yönəldilib. Müfəttişliyin fəaliyyət istiqamətləri və əsas vəzifələri unudulub, fəaliyyəti isə alver üzərində qurulub. Hazırda faktiki olaraq, heç bir texniki baxışdan, və ya hansısa texnikadan istifadəyə nəzarətdən söhbət gedə bilməz. Müfəttişliyin işi sürücülük vəsiqələrinin satılmasından, ehtiyat hissələri, yanacaq və sürtgü materiallarının alverindən ibarətdir. Hansısa problemlə bağlı Müfəttişliyə dəfələrlə müraciət etsək də heç bir nəticə olmur. Ağakişi Alıyevin qəbuluna düşmək isə, nazirlə görüşməkdən də çətindir. Bunun nəticəsində də bütün problemləri özümüz yoluna qoymağa çalışırıq. Nəticədə kənd təsərrüfatı inkişafdan qalır. Müfəttişliyin rayonlardakı şöbələrində isə, vəziyyət daha bərbad durumdadır. Əməkdaşların özbaşınalıqlarından, yarıtmaz fəaliyyətindən fermerlər əziyyət çəkirlər...”

Ümid edirik ki, bütün bu deyilənlər Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən diqqətə alınacaq və Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti tam ciddiliyi ilə araşdırılacaq.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.