BolgeXeber.Com » Ölkə » 48 milyonluq yeyintinin düyünü çözüldü - İLGİNC

48 milyonluq yeyintinin düyünü çözüldü - İLGİNC

4-05-2016, 14:38
Oxunub: 2 819 48 milyonluq yeyintinin düyünü çözüldü - İLGİNCZərərçəkmiş sahibkarlardan biri mətbuata açıqlamasında Hüseynov qardaşlarına etibar olunmasını, məhz işin arxasında Arif Əsgərovun oğlu Elnar Əsgərovun dayanması ilə bağlamışdı

"Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş rəhbəri, hazırda nəqliyyat nazirinin müavini postunda çalışan Arif Əsgərovun da adının hallandığı 48 milyon manatlıq mənimsəmə yəqin ki, yadınızdadır. Xatırladaq ki, bu maliyyə fırıldağından 50-yə yaxın sahibkar zərər çəkmişdi. Bu maliyyə maxinasiyası ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynov həbs edilmişdi. Zərərçəkmiş sahibkarlardan biri mətbuata açıqlamasında Hüseynov qardaşlarına etibar olunmasını, məhz işin arxasında Arif Əsgərovun oğlu Elnar Əsgərovun dayanması ilə bağlamışdı: «Biz o uşaqlarla neçə ildir işləyirdik və aramızda etibarlı tərəfdaşlıq münasibətləri yaranmışdı. Çünki biri Arif Əsgərovun oğlu, digəri baldızı uşaqları idi. Biz təsəvvürümüzə də gətirməzdik ki, günlərin birində onlar bizi bu cür aldadacaqlar».

Qeyd edək ki, aradan bir müddət keçdikdən sonra bu məsələ ölkə mətbuatının gündəmindən çıxdı. Bundan başqa, aradan heç bir il ötmədi ki, 48 milyonluq yeyinti ilə həbs olunan Rahib Hüseynov azadlığa çıxmağı bacardı. Onun hansı yolla azadlığa qovuşması barədə müxtəlif fikirlər səsləndirildi. Gundelik-baku.com-un əməkdaşları isə araşdırma nəticəsində müəyyən ediblər ki, Rahib Hüseynovun azadlığa çıxmasında əsas səbəbkar qayınatası Əvəz Qocayevdir.

Məlumat üçün bildirmək istəyirik ki, Əvəz Qocayev «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədovun müavinidir. O əvvəllər «Azəryolservis»də Avtomobil Yollarının İstismarı İdarəsinin rəisi işləyib. İddialara əsasən, indi də ölkənin avtomobil yolları məhz bu şəxsin nəzarəti altındadır. Bizdə olan məlumatlara görə, Əvəz Qocayev kürəkəninin azadlığa çıxa bilməsi üçün həm bəzi nüfuzlu şəxslərə minnətçi düşüb, həm də müəyyən məbləğdə «şirinlik» verməli olub. Məlumatlı mənbənin sözlərinə görə, Rahib Hüseynov həbsdən çıxandan sonra qayınatasına məxsus biznes obyektlərinə nəzarət etməyə başlayıb.

P.S: Qarşı tərəfi də dinləməyə hazırıq.
//Gundelik-baku.com