BolgeXeber.Com » Ölkə » İcra başçısıyla karxana sahibləri arasında müharibə - təfsilat

İcra başçısıyla karxana sahibləri arasında müharibə - təfsilat

18-05-2016, 10:33
Oxunub: 2 663 İcra başçısıyla karxana sahibləri arasında müharibə - təfsilatSüleyman Mikayılovun haqq tələbi sahibkarlarla gərginliyə səbəb olub, ortaya videogörüntülər çıxıb

Qaradağın icra başçısı Süleyman Mikayılov devalivasiyadan sonra yerli sahibkarlara qan uddurmağa başlayıb. Politika.Az xəbər verir ki, Prezidentin sahibkarlara dəstək çıxışından sonra da sakitləşməyən icra başçısı, artıq rayondakı əksər sahibkarlardan aldığı aylıq pulların miqdarını artırıb.

Məlumatlarda vurğulanır ki, Mikayılov əgər kiçik sahibkarlıqla məşğul olanlardan «Rayonun abadlaşdırılması» adı altında 100 manat alırdısa, hazırda bu rəqəm 150-200 manata qaldırılıb. Orta səviyyəli iş adamları üçün isə rəqəmlər 1000 manatdan 1500 manata çatıb.

Verilən məlumatda bildirilir ki, Süleyman Mikayılovun iri iş adamlarıyla hesabı tamam başqadır. Çünki onların bir qismi aylıq ödənişləri verməkdən imtina edirlər. Və bunu belə əsaslandırırlar ki, əvvəlki səviyyədə qazanc əldə edə bilmirlər. Eyni zamanda, Prezidentin çağırışından sonra əllərindəki maliyyə resurslarını digər sahələrə yatıraraq, yeni iş yerləri açmaq fikrindədirlər. Hətta bəziləri yeni iş yerləriylə bağlı planlarını rəsmi qurumlara da təqdim ediblər.

Məlumatlarda deyilir ki, xüsusən də Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanalarının sahibləri icra başçısının tələblərini yerinə yetirməkdən boyun qaçırırlar. Onlar bildirirlər ki, əgər əvvəlki illərdə yalnız daş kəsib satmaqla məşğul olurdularsa, indi yeni məhsullar istehsal etmək üçün rayon ərazisində sexlər quraşdırmağa çalışırlar. Bunun müqabilində isə icra başçısına nəsə vermək fikrində deyillər.

İş adamlarının bu davranışı icra başçısına qətiyyən xoş gəlməyib. Onları cəzalandırmaq üçün isə Azərişıq ASC-nin Qaradağ şöbəsinə göstəriş verib ki, karxanalara verilən elektrik enerjisini mütəmadi olaraq bəhanələrlə dayandırsınlar. Məhz bu səbəbdəndir ki, bir çox karxanalarda günlərlə iş olmur.

Verilən məlumatlarda deyilir ki, iş adamları nələrin baş verdiyini artıq müəyyənləşdiriblər. Eyni zamanda, Süleyman Mikayılova qarşı addım atmağı da planlaşdırıblar. Hazırda əllərində olan videogörüntüləri çeşidləyən iş adamları yaxın günlərdə onları mediyaya çıxarmağı qərarlaşdırıblar.