BolgeXeber.Com » Ölkə » Həmkarların Yevlax şəhər Komitəsi təhsil işçilərinə qarşı - İTTİHAM VAR

Həmkarların Yevlax şəhər Komitəsi təhsil işçilərinə qarşı - İTTİHAM VAR

24-05-2016, 14:43
Oxunub: 3 130 Həmkarların Yevlax şəhər Komitəsi təhsil işçilərinə qarşı - İTTİHAM VARATİAHİ-nın Yevlax şəhər Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır

“Bizim Dövr”ün 04.05.2016-cı il tarixli sayında “Həmkarların Yevlax şəhər Komitəsində “putyovka” maxinasiyaları” sərlövhəli tənqidi material dərc olunmuşdu. Həmin məqalənin hazırlanmasında istinad etdiyimiz çoxsaylı məlumatların kökündə isə, belə bir ümumi fikir durmuşdu ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Yevlax şəhər Komitəsinin sədri Svetlana İsayeva Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyevlə əlbir olaraq, bir çox müştərək maxinasiya və qanun pozuntularına imza atırlar. Belə ki, bizimdovr.az-a bu xüsusda daxil olmuş məlumatlarda Svetlana İsayevanın fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapmışdır. Mənbələrin iddiasına görə, bu komitə sədri İttifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır. Həmçinin aldığımız açıqlamalarda qeyd olunur ki, komitənin vəsaitlərinin mənimsənilməsi və istirahət evlərinə göndəriş vərəqələrinin (putyovka) verilməsi xüsusunda həyata keçirilən müxtəlif maxinasiyaların sayəsində hazırda bu şəxslər kifayət qədər zəngin insanlara çevrilmişlər.

Mənbələrin verdikləri məlumatlara görə, ATİAHİ-nın Yevlax şəhər Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. Bu səbəbdən də komitənin sədri Svetlana İsayevadan müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Digər tərəfdən də, aldığımız məlumatlara əsaslanaraq, biz qeyd etmişdik ki, bu gün Yevlaxdan aldığımız məlumatlara görə, bu bölgədə hansısa bir hüququ ATİAHİ-nın Yevlax şəhər Komitəsi tərəfindən müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq demək olar ki, mümkün deyil. Lakin dünən bizimdovr.az-a yeni daxil olmuş növbəti məlumatda, hətta bu mövzuda Yevlax təhsilində vəziyyətin tam tərsinə olduğu vurğulanır. Açıqlamada deyilir: “Siz tamamilə haqlı olaraq qeyd etmisiniz ki, həmkarların Yevlax şəhər Komitəsi indiyədək heç bir təhsil işçisinin hüquqlarını müdafiə etməyib. Amma əslində bu gün Yevlaxın təhsil sistemində vəziyyət tamamilə başqa cürdür. Yəni, həmkarlar komitəsinin öz üzvlərinin hüquqlarını qoruması qalsın bir tərəfə, Svetlana İsayeva hələ üstəlik təhsil şöbəsinin rəhbərliyinə bu hüquqların pozulmasında köməklik də göstərir. Başqa sözlə desəm, həmkarların Yevlax şəhər Komitəsi bu gün faktiki olaraq, Raquf Mirzəyevin əlində müəllimlərə qarşı əsil təhdid alətinə çevrilib. Daha doğrusu, təhsil şöbəsinin müdiri bu alətdən birbaşa məktəb direktorlarına qarşı, onlar isə öz növbələrində, artıq müəllimlərə qarşı gen bol istifadə edirlər.

Məsələn, əgər hər hansı bir məktəb direktoru, müəllim və yaxud digər bir təhsil işçisi Raquf Mirzəyevin növbəti maxinasiyalarından birinə qarşı etiraz etməyə və ya həmin maxinasiyada bilavasitə onun üçün nəzərdə tutulmuş müəyyən hərəkəti yerinə yetirməkdən boyun qaçırmağa qalxarsa, bu zaman çox qısa müddət ərzində həmin şəxsin işindəmi, davranışındamı mütləq bir “pozuntu” aşkar olunacaq. Bundan sonra isə, həmin əməkdaşın məsələsinə artıq birbaşa həmkarlar komitəsinin islasında baxılacaq və ona qarşı hətta işdən çıxarılmasına qədər, müəyyən qərar qəbul ediləcək. Bu vəziyyət də, təbii ki, Svetlana İsayevanın bütün qanun pozuntularında və maxinasiyalarda təhsil şöbəsinin müdiri ilə əlbir olmasının nəticəsi kimi formalaşıb...”

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.