BolgeXeber.Com » Ölkə » Qusarda 6 min nəfər əhalisi olan kənddə su tapılmır - FOTO

Qusarda 6 min nəfər əhalisi olan kənddə su tapılmır - FOTO

11-06-2016, 15:33
Oxunub: 2 860 Qusarda 6 min nəfər əhalisi olan kənddə su tapılmır - FOTOQusarın Hil kəndində içməli su problemi var

Sözügedən kəndin bir hissəsində su xətləri olsa da, digər tərəfində sakinlər içməli suya həsrətdir. Əhali arx sularından içməli su kimi istifadə edir. Bu məqsədlə imkanı olan sakinlər həyətyanı sahələrində arx sularını durultmaq üçün quyular inşa edib.

Hil kənd sakini Eyyub Qayıtmazov: "Biz gedib başqa kəndlərdən - Yasab kəndindən, Qusardan, kimin imkanı hardan çatır, gedir ordan su gətiririk. Qışda yenə su olur. Biz quyular qazmışıq, orda su yığırıq, sonra da təmizləyib içməli su kimi istifadə edirik. Həmin su orda 5-6 ay qalır və xarab olur".
Qusarda 6 min nəfər əhalisi olan kənddə su tapılmır - FOTO
Eyyub Qayıtmazov kimi bir çox kənd sakinləri eyni aqibəti yaşayır. Həyətlərində quyu inşa etdirən kənd sakinləri suyu durultmaq üçün xüsusi maddələrdən istifadə edir. İlk olaraq quyunun divarlarına duz verilir, daha sonra isə zəg adlı məhlul əlavə edilir.

Hil kənd sakini Qabil Ağamətov: "Quyu qazmağa hamının imkanı çatmır. Orta səviyyəli bir quyu qazmaq 3000 manatdan baha başa gəlir. Buna da hamının gücü çatmır. Ən böyük problem su problemidir. Su olmayanda həyat olmur da. Yenə bu illər yağışlı keçir havalar, arxdan su gəlir. Elə vaxt olur heç tərəvəzi sulamağa da su tapmırıq".

Hil kənd sakini Aydın Əlipoladov: "Kənddə su yoxdur. Hamısı yalan söhbətdir ki, su var, su çəkilib. Camaat su yox, zəhər içir. Mən bunu sizə deyirəm. Suyun başlanğıcından bura kimi hamısı peyindir. O arxda olmayan şey yoxdur. Camaat bilir, amma içir. Başqa çarəsi yoxdur".

Qusarın Hil kəndi ilə yanaşı, Köhnə Xudat, Əvəcux, Yasab, İmamqulukənd və Gündüzqala kimi bir çox kəndlərində eyni aqibət yaşanır. "Azərsu" ASC-nin Qusar filialından isə məsələdən xəbərdar olduqları bildirilir. Qusar Suvarma İdarəsinin sahə rəisi Şakir Babayevin sözlərinə görə, "Azərsu" ASC-nin rəhbərliyinin təşəbbüsü ilə 2013-cü ildə Hil kəndində 360 paqon metr müxtəlif diametrli borulardan drenaj sistemi quraşdırılıb. Bundan əlavə, 2250 paqon metr su xətti çəkilib. Yaxın gələcəkdə isə Yaponiya səfirliyinin ayırdığı qrant hesabına su xətləri çəkiləcək.

Qusarın Hil kəndi rayon mərkəzindən 12 kilometr uzaqlıqda yerləşir. Sözügedən kəndin 6000-dən çox əhalisi var.
Bolgexeber.com