BolgeXeber.Com » Ölkə » İdarə rəisi Zərdab sakinlərinə necə işgəncə verir? - Suvarma Sistemləri İdarəsi ilə bağlı sensasion faktlar

İdarə rəisi Zərdab sakinlərinə necə işgəncə verir? - Suvarma Sistemləri İdarəsi ilə bağlı sensasion faktlar

2-07-2016, 15:04
Oxunub: 2 031 İdarə rəisi Zərdab sakinlərinə necə işgəncə verir? - Suvarma Sistemləri İdarəsi ilə bağlı sensasion faktlarZərdab rayon sakinlərinin üzləşdiyi köklü problemlərdən biri də Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevin sakinləri susuz qoyması problemidir.

Avropa.info xəbər verir ki, Zərdabda əkin sahələrinin suvarılması işini yerinə yetirməli olan Suvarma Sistemləri İdarəsi rayon sakinlərinə qan uddurur.

İdarənin yeni təyin olunmuş rəisi Mircəlal Mirzəyev bu rayonda əkin sahələrinin suvarılması işindən başqa hər cürə işlə məşğul olur. M. Mirzəyev və idarənin baş mühasibi Mail Hüseynovla əlbir olaraq sözün əsl mənasında istədikləri hər bir şeyi edir, idarənin pullarını talamaq üçün istənilən yola əl atırlar.

Dövlət idarəsini öz şəxsi ticarət obyektinə çevirən Mircəlal Mirzəyev satılan sudan tutmuş idarə üçün ayrılan yanacağa qədər hər şeyə gəlir mənbəyi kimi baxır. Rayonun fermerlərinin dediklərinə görə idarə rəisi və baş mühasibin gəlir əldə edə biləcəyi bir neçə sahə vardır.

Fermerlərin qəniminə çevrilmiş bu iki şəxsin gəlir mənbələrindən biri onların rayon sakinlərinə satdıqları sudur. Belə ki, onlar rayon sakinlərinin su almaq üçün ödədikləri pulun qarşılığında onlara çek təqdim edir, daha sonra isə həmin çekləri yeniləri ilə əvəz edirlər. Əgər rayon sakini su almaq üçün 10 manat ödəyirsə ona təqdim olunan çek daha sonra 3 manatlıq çeklə əvəz olunaraq qalan 7 manat idarə rəisinin cibinə gedir.

İdarə rəisi və onun köməkçisinin ikinci gəlir mənbəyi isə idarənin su nasosları üçün ayrılmış yanacaqdır. Belə ki, suvarma nasosları üçün ayrılan yanacaq heç idarəyə gətirilmədən yanacaqdoldurma məntəqələrində satışa çıxarılır.

Bununla da yetinməyən məmurlar idarənin balansında olan texnikadan da səmərəli istifadə etməyi bacarırlar. Bu səbəbdən də idarəyə məxsus traktor və digər avtomobillərin pul qarşılığında müxtəlif şəxslər üçün odun daşıdığını və ya yer şumladığını görmək çətin deyil.

Mail Hüseynovun bu idarəyə baş mühasib gəldiyi gündən isə narazılıqlar tamamilə pik həddə gəlib çatıb. O idarənin maliyyəsi üçün ayrılan pulları mənimsəyərək öz şəxsi biznesinin genişlənməsində istifadə edir. Bundan başqa idarə haqda bizə məlumat verən mənbə Mail Hüseynovun idarənin pullarını sələmə verdiyini də deyir.

Sukanal idarəsinin su nasoslar da lazımınca işləmir və fermerlərin məhsuldarlığı azalaraq onların əziyyət çəkməsinə gətirib çıxarır. Mircəlal Mirzəyevin rəis gəlməsindən əvvəl belə halların nadir yaşandığını deyən fermerlər artıq prezidentə müraciət etməyə hazırlaşırlar.

Mircəlal Mirzəyev və Mail Hüseynovun büdcə pullarını taladığı da rayonda heç kəsə gizlin deyil. Ötən il idarə üçün ayrılan 383 min manatın müqəddəratı haqda heç kimin məlumatı yoxdur. Belə ki, həmin vəsaitin 140901 manatının idarədəki texnika üçün ehtiyat hissələrinin alınmasına xərcləndiyi haqda sənəd hazırlandığı bildirilir.

Əgər bu pullar kanallar və kanallara su vuran nasoslar üçün xərclənibsə bəs niyə adıçəkilən yerlər bərbad gündə, demək olar ki istifadəyə yararsız vəziyyətdədir? Həmçinin bu vəsaitin idarənin balansında olan texnika üçün xərcləndiyini də demək olmaz. Çünki həmin texnika icarədarlar tərəfindən təmir olunur.

Büdcə pulunun geri qalan 242 790 manatın da bir qisminin ehtiyat hissələrinin alınmasına, bir qisminin isə mal və materialların alınmasına sərf olunduğu göstərilərək rəsmiləşdirilib.

Zərdab rayon sakinləri bu iki şəxsin haqqında dərhal tədbir görülməsini və rayonda fermerlərin fəaliyyəti üçün normal şərait yaradılmasını tələb edirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.