BolgeXeber.Com » Ölkə » Qorxmaz Abbasovun su biznesi

Qorxmaz Abbasovun su biznesi

9-07-2016, 14:43
Oxunub: 11 598 Qorxmaz Abbasovun su biznesiAbşeron Su Kanal İdarəsinin rəhbərliyi sakinlərin suyunu kəsməklə, onları bir maşın suyu 40 manata almağa məcbur edir

Yayın bu istisində harada sərinləmək olar? Tamamilə doğrudur, elə bizim də bu sualın cavabı olaraq ilk ağlımıza gələn, Azərbaycan kinosunun şah əsərlərindən olan məşhur “O olmasın, bu olsun” filmindən hamaçının cavabı oldu. Amma həmin dövrdə də, bu gün də hamamın normal fəaliyyət göstərməsi üçün ən vacib olan məqam su təminatı ilə bağlıdır. Yox, Abşeron rayonu ərazisində yerləşən hamamlardan hələ ki, bu xüsusda bir şikayət almamışıq. Amma bax, məsələn, Masazır qəsəbəsinin sakinləri nə sərinləmək, nə də içmək üçün artıq uzun müddətdirr ki, su tapa bilmirlər.

Əslində Abşeron Su Kanal İdarəsinin fəaliyyəti artıq uzun müddətdir ki, ölkə mətbuatının səhifələrində dərc olunan çoxsaylı materiallarda tənqidə tuş gəlir. Həm də dərc olunan bütün bu yazılarda idarənin fəaliyyətini yarıtmaz duruma gətirən əsas, bəlkə də yeganə şəxs kimi məhz Abşeron Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasovun adı çəkilir. Məsələn, bir müddət bundan əvvəl bu mövzuda dərc olunan materiallardan birində Xırdalan şəhərində yerləşən çoxmərtəbəli binalardan birinin zirzəmisində fəaliyyət göstərən kommersiya obyektinin sahibi ilə binanın sakinləri arasında yaranmış narazılığa da məhz sözü gedən idarənin yarıtmaz fəaliyyəti səbəb olmuşdu. Dərc olunmuş məlumatda qeyd olunmuşdu ki, həmin binanın kanalizasiya sistemində problem olduğuna görə, obyektin sahibləri günün müəyyən saatlarında suyu ümumi xətdən bağlayırlar və nəticədə bina sakinləri susuz qalır. Binanın komendantı isə, mətbuata verdiyi açıqlamada məsələyə belə aydınlıq gətirmişdi: “Problem əslində obyektdən yox, kanalizasiya sistemindən qaynaqlanır. Belə ki, binanın kanalizasiya sularının axdığı lyuklar qaydasında olmadığından, su bir az çox işlənəndə çirkab sular daşır və həmin kanalizasiya suyu zirzəmidə yerləşən obyektə tökülür. Rəhbərlik də bunun qarşısını almaq üçün çıxış yolunu binanın suyunu kəsməkdə görür. Həmin obyektin sahibi bizə deyir ki, binanın kanalizasiya sistemini təmir etdirin. İzah edə bilmirik ki, bu iş Abşeron rayon Sukanal İdarəsinin tabeliyindədir, məsələni onlar həll etməlidirlər. Problemlə bağlı həmin idarəyə, Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət etmişik. Amma heç bir faydası olmayıb...”

Bu gün isə, bizimdovr.az-a daxil olan məlumatlarda bildirilir ki, hazırda Abşeron rayonunun bir çox yaşayış məntəqələrində əhalinin ciddi su problemləri var. Mütəmadi olaraq içməli suya həsrət qalmış sakinlər dəfələrlə üzləşdikləri problemdən dolayı rayonun Su Kanal İdarəsinə müraciət etsələr də, faydası olmayıb. Çünki idarənin rəisi Qorxmaz Abbasovu yalnız pul maraqlandırır və bunu qazanmaq üçün də yetərli qədər imkana sahibdir. Sakinlərin sözlərinə görə, Qorxmaz Abbasov əsasən əhaliyə kiçik su nasosları satmaqla məşğuldur. Çünki evlərə verilən suyun istifadə edilməsi üçün təzyiqə ehtiyac var. Və bu səbəbdən də hidrofor və ya kiçik nasosların imkanlarından yararlanmaq məcburiyyətindədirlər. Həmçinin açıqlamalara görə idarə rəisinin digər bir qazanc yeri də Xırdalan şəhərində inşa edilən binalara texniki şərtin verilməsidir. Sakinlərin dediyinə görə, Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasov hər binaya texniki şərt vermək üçün şirkətlərdən 50 min manat alır.

Bu günlərdə Masazır qəsəbəsi, 28 May küçəsinin sakinləri də bizimdovr.az-a müraciət edərək, Qorxmaz Abbasovun daha bir gəlir mənbəyinin də maşınlarla su satışından ibarət olduğunu bildiriblər. Müraciətdə deyilir: “Abşeron Sukanal İdarəsi evlərə suyun verilişini qəsdən, heç bir səbəb olmadan dayandırır. Məqsəd isə budur ki, onların elə öz nasos stansiyalarından maşınlara vurub satdıqları suyu almağa bizi məcbur etsinlər. Edirlər də. Çarəmiz nədir? Məcburuq bir maşın suyu 40 manata alaq. Bu işləri təşkilatı baxımdan həyata keçirən sahə rəisi Məhəmməd müəllim olsa da, bizim pullarımızın axdığı son ünvanın (daha doğrusu cibin) sahibi yenə də Qorxmaz Abbasovdur... ”

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.