BolgeXeber.Com » Ölkə » “Ağ şəhər”in evləri “qara camaat” üçün deyil -ARAŞDIRMA

“Ağ şəhər”in evləri “qara camaat” üçün deyil -ARAŞDIRMA

8-08-2016, 12:01
Oxunub: 3 222 “Ağ şəhər”in evləri “qara camaat” üçün deyil -ARAŞDIRMABakıda tikilən nəhəng kompleksdə mənzillərin hər kvadratmetri 1500 manatdan başlayır

Telefona gələn mesajlardan ən çox əziyyət çəkənlərdənəm. Peşmansınız bir butikdən alış-veriş etməyə, nömrənizi bütün şəbəkələrinə paylayacaqlar. Budəfəki mesajı göndərən şirkəti isə heç tanımıram, ismarışda "Ağ Şəhər" layihəsində ən ucuz qiymətlərlə mənzilə sahib olun" deyirdi. İndi bu şirkətin nömrəmi hansı butikdən və ya operatordan aldığını bilmirəm. Maraqlandım ki, görüm həqiqətənmi qiymətlər məni narahat edəcək qədər ucuzdur? Menecer Rauf İsmayılov da mənim kimi söhbətcilmiş, heç şikayətlənmədi ki, niyə bu qədər sual verirsiz. Məlum oldu ki, mənə təklif olunan ev Nobel prospektindən başlayıb, Babək prospektində davam edən kompleksdədir. Artıq hazır binalar da var. Lakin həmin evlər satılıb. Əgər almaq istəsəm, sahibinin təyin etdiyi qiymət əsasında danışacaqmışam.

Olmayan "ev"dən "mənzil" təklifi

Dedim yaxşı, əgər evlər satılıbsa, mənə niyə mesaj yazmısız? Cavabdan məlum oldu ki, təklif olunan "mənzil" hələ heç mövcud deyil. R.İsmayılovun sözlərinə görə, hazırda "ev" "kotlovan"dadır, bünövrəsi təzəcə atılır. 7 mərtəbəli Paris evləridir. Fransız üslublu binada qiymətlər mərtəbələrə görə dəyişir. Standart bloklarda 2 və 4-cü mərtəbələrdə hər m2 sahənin qiyməti 1460 manatdır. Ümumi sahə 90 m2-dən başlayır, 218 m2-ə kimidir. 1 otaqlı ev yoxdur, sadəcə 2, 3, 4 və 5 otaqlıdır. 3-4-cü mərtəbələrdə mənzilin m2-i 1510 manat, 5-ci mərtəbədə 1530 manatdır. Maraqlandığım 2 otaqlı evlərin ümumi sahəsi 90 və 97 m2, yaşayış sahəsi 82.54 m2-dir. Hələ bünövrəsi yeni qoyulmuş "ev"də ən ucuz "mənzil" 4-cü mərtəbədə qalıb, qalanları artıq satılıb.

Menecer dedi ki, iş yerindən arayış gətirməyə ehtiyac yoxdur, banka da "girmək" lazım deyil, sadəcə 30 faiz ilkin ödəniş edib qalan məbləği aybaay ofisə faizsiz ödəyəcəksiz. Mənim "istədiyim" 90.89 m2-lik evin qiyməti hər m2 üçün 1510 manatdan olmaqla, 137244 manat imiş: "Onun 41174 manatını ilkin ödəniş edəcəksiz. Binanın inşasının başa çatdırılması 18 ay müddətinə nəzərdə tutulur. Hazır evlərin isə ödənişi nağd yolladır və m2 üçün 1800-2000 manat civarındadır. Nağd almaq istəsəniz, 163 min manata başa gələcək. Onu da şirkətdən əldə edə bilməzsiz, yalnız sakinlər özləri satırlar, şirkətdə hazır mənzil yoxdur. 2012-ci ildə hamısını alıblar. O vaxt qiymətlər 1000-1200 manat civarında idi. Daha çox bloklara 2 və 3 otaqlı mənzillər düşür, 4-5 otaqlılar onlardan azdır. 7 tip üçotaqlı mənzil varsa, 3 tip dördotaqlı, 2 tip də beşotaqlı mənzil var. Yatırım üçün adətən 2-3 otaqlı mənzillərə üstünlük verilir".

R.İsmayılovun sözlərinə görə, "Ağ Şəhər" layihəsində iştirak edən şirkətlər qiymətləri özləri təyin edir: "Məsələn, 1 mərtəbə qalxmış bina var ki, onlar 1600 manata verirlər. 3 mərtəbəsi tikilmiş ev 1700 manatdır. Binaların mərtəbələri tikilərək qalxdıqca qiyməti də ona uyğun artır. Burada bir hissədə 7 mərtəbəli, bir hissədə 20 mərtəbəli binalar inşa edilir, o biri tərəfdə isə biznes-mərkəzlərdir. Ümumi "Ağ Şəhər" layihəsi üzrə yolların çəkilişi aparılıb. Orta məktəb və xəstəxananın tikintisi bizim MTK-ya verilib. Onlar ümumi layihəni satıblar, biz də tikə-tikə özümüz satış aparırıq. 11 blokdan ibarət bir kompleksdir, həyəti də var. Bina kvadratdır, üç hissəsində 1-ci blokdan 6-cı bloka kimi və 9-cu blokdan 11-ci bloka kimi dediyim standart qiymətlərdir. Binanın fəvvarələr meydanı və biznes mərkəzə baxan səmtində qiymətlər 1600-1700 manat civarında dəyişir. Orada sadəcə dördotaqlı mənzillər idi, indi 2-si qalıb. 161 m2-lik dördotaqlı evin hər m2-i 1680 manatdır. 9-cu blok 2-ci mərtəbədə qiyməti 1600 manatdır. 5 otaqlının sahəsi 200-218 m2-dir. Hər mənzilin müştərisi var və həmişə də prestijinə görə qiymət fərqli olur. Hər kəs bilir ki, 5 otaqlı mənzili əldə edənin pulu var. Layihə 35 min adamın yaşayışı üçün nəzərdə tutulub".

Sərmayə qoyur, baha qiymətə satıb "qabağa düşür"

Dedim, bünövrədən başlayanlardan ehtiyat edirəm, bilirsiz ki, çox tikinti şirkətləri müştəriləri aldadıb. Dedi ki, "Ağ Şəhər" dövlət səviyyəsində həyata keçirilən layihədir, burada fırıldaq olmaz: "Yeni bulvarın açılışında da Prezident iştirak edib. Tam sağlam bir layihədir. Layihənin baş ofisi var və "Ağ Şəhər" Bakı İcra Hakimiyyəti ilə birgə layihədir. Biz özbaşına dam örtüyünü başqa firmadan ala və fərqli rəngdə vura bilmərik. Konkret daşlardan istifadə etməliyik. Qarşımızda vaxt qoyulub, mərhələlərlə 2016-cı ildə tikinti başa çatdırılmalıdır. Layihə İngiltərənin mühəndis və memarlıq layihələndirilməsi üzrə şirkəti - "Atkins"in nəzarəti ilə həyata keçirilir. 5-6 yerli investor şirkəti tikinti işlərini aparır".

Soruşdum, bəs bu hazır evləri satanlar kimlərdir. "Vaxtilə investor kimi "kotlovan"dan alıblar, hissə-hissə pulunu ödəyib mənzil sahibi olublar. Tikinti bitdikdən sonra da m2 üçün 1100 manata alınırdı. Hazır binalarda bugünkü qiymət 1800 manatdan 2200 manat arasında dəyişir. Vaxtilə sərmayə yatırıb, indi də mənzili satıb 100 faiz pulunu götürür, həm də qabağa düşür", dedi.

18 ay mənə uzun göründü, amma Rauf söylədi ki, günü-gündən mənzillərin də qiyməti bahalanır: "İyun ayında hələ bizdə torpaq qazıntısı olmuşdu və m2-ə görə qiymət 1370 manatdan başlayırdı. Sonradan hər m2 üçün 30 manat artım oldu və 1 həftə bundan qabaq daha 30 manat da qalxıb, indi qiymət 1430 manatdan başlayır. Bizim qarşımızda bir bina var, onlar cəmi 2 mərtəbə qaldırıblar. Bu gün qiymətləri m2 üçün 1600 manatdır. Bizim qiymət ona görə aşağıdır ki, onların işləri bizdən ay yarım öndədir. O mərhələyə çatanda qiymətlərimiz eyni olacaq. Adətən tikinti prosesi mərhələlərə bölünür və qiymət də buna uyğun dəyişir. 4 mərtəbə qalxmış binanın bir qiyməti var, 6 mərtəbənin ayrı. Bizim yanımızda 5 binanın tikintisinə eyni vaxtda başlanılıb. Aralarında ay yarım, 2 ay fərq var, amma komplekslərin təhvil verilmə müddəti yolların bərpası, kommunikasiya sisteminin çəkilməsinə görə eyni tarixə düşür. "Ağ şəhər"in 11 bloklu kompleksinin son təhvil verilmə müddəti 1 may 2016-cı ildir. Həmçinin o vaxtı qonşularımız üçün qoyublar. Bizdə hazırda bünövrədə izolyasiya işləri gedir və beton qatı tökülür, amma qonşu binadakı artıq 1-ci mərtəbənin armatur toxunma işinə başlayıb. Sadəcə vaxt, tikintinin mərhələsinə görə aramızda qiymət fərqi var - o, 50 manat bizdən baha satır. Bütün şirkətlər burada eyni keyfiyyətdə və eyni materialla tikir".

Mənzillər sənədləşmədən istifadəyə verilir

Mənzillərin sənədləşməsi ilə də maraqlandım. Menecer "kupça"nın olmadığını birbaşa demədi, uzaqdan başladı: "Hazırda alıcı üçün ən yaxşı yatırım bu layihələrdir. Çünki sizə hazır paket təqdim olunur. Onun içinə həm kommunikasiya, həm də sənədləşdirmə daxildir. Kompleksdən mənzil alanlar "Ağ şəhər"in baş ofisində siyahıya götürülür və onlara xüsusi kodlar veriləcək. Bina təhvil verilən kimi "çıxarış"ı alacaqsız. İndi "kupça" yoxdur".

Soruşdum ki, hazır satılan evlərin necə, çıxarışı varmı? Dedi ki, "xeyr, onlar da 2015-ci ilin mart-aprel aylarında çıxarış ala biləcəklər. İşlər 6 ay qabaq bitib. Hazırda sakinləri mənzillərdə təmir işlərinə buraxıblar. Yaşayış da var. "Retropark" "Azərcon" Holdingin Mənzil-Tikinti Kooperatividir. Biz böyük bir tikinti şirkətiyik. Əsasən yolların bərpası ilə məşğuluq, Qazaxıstan, Qırğızıstanda layihələrimiz var. Mənzil tikintisi "Ağ Şəhər"də ilk müstəqil işimizdir. Yolların tikintisini "Azərcon" adı altında aparırıq, binalarda MTK-nın adı gedir".

Müsahibim dedi ki, kommunikasiya xətlərindən qaz, işıq, telefonlaşdırma olacaq: "Yeri gəlmişkən qaz xətti mətbəxə kimi daxil olmur. "Atkins" layihəsi sırf Avropa standartları ilə olduğu üçün, qazdan istifadə etmirlər deyə, layihədə də verməyiblər. Dubay və Sinqapurda inşa etdikləri binaların layihəsində də qaz sistemi olmayıb. Hər mərtəbədə servis eyvanı var, qaz xətti ora kimi qalxacaq. Təhlükəsizliyə görə qazdan sadəcə aqreqatlar üçün istifadə olunacaq. Binanın fasad görkəminin pozulmaması üçün kondisioner və kombi həmin servis eyvanına qoyulur".

"Class"a görə qiymətlər dəyişir

Soruşdum, bəs yemək nədə bişiriləcək, dedi ki, elektrik enerjisi ilə. Bizdə enerjinin qiyməti baha başa gəlir, qaz ondan sərfəlidir. Rauf əksini dedi, onun fikrincə, yeməyin qaz və elektriklə bişirilməsində sərfiyyat eynidir. "Amma qızdırıcı kimi elektrik enerjisi daha israfçı olardı", dedi.

Avropada qızdırıcılar binalara mərkəzləşmiş qaydada quraşdırılır. Bəs nə yaxşı avropalılar bunu bizdə tətbiq etmirlər? Belə cavab verdi: "Biz mənzilləri təmirli satsaydıq, bu sistemi tətbiq etmək olardı. Hər müştərinin öz zövqü var və özləri təmir etməyə üstünlük verdikləri üçün, Azərbaycanda tikinti şirkətləri təmirli mənzil satmırlar. Odur ki, sözügedən layihədə belə bir sistem yoxdur. Binada mərkəzləşdirilmiş kamera sistemi də olacaq. İspaniyadan gətirilmiş liftlər quraşdırılır. Sakinlərin ödədikləri aylıq xidməthaqqı m2-ə 50-65 qəpik nəzərdə tutulub. 90 m2 üçün aylıq 59 manat olacaq. Bu xidmətə mühafizə, su filtrlərinin dəyişdirilməsi, liftin işləməsi, həyətyanı sahənin işıqlandırılması, təmizlənməsi, zibilin atılması aiddir. Avtomobillər üçün 3 qrup parkinq var - yeraltı, yerüstü və qonaqlara görə olan. Yeraltı duracaq 25 min manat, yerüstü 15 min manatdır. 18-22 kvadrat metr arasında dəyişən yerlərin kənarlarını bağlamaq olmaz. Bizdə 30 min manata da parkinq var. Halbuki "Altes Plaza"nın 3-cü mərtəbəsində 35 min manat, 2-ci mərtəbədə 40 min, zirzəmidə 50 min manatdır. Ən ucuz "economclass novostroyka"nın altında qaraj 15-18 min manat arasında olur. Binanın "class"ına görə qiymətlər dəyişir. Ümumiyyətlə, heç bir "novostroyka"da parkinqə "çıxarış" verilmir. Onu da kreditlə götürmək olar, hissə-hissə ödəyərsiz".

49 mənzildən 12-ni xaricdə yaşayanlar alıb

Mənzillərin qiymətinin baha olduğunu bildirdim. Dedi ki, indilik qiymət ucuzdur, bahalıq bir azdan olacaq: ""Ağ Şəhər" layihəsinə başlayanda orada iştiraka tərəddüd edirdik. 2011-ci ilin ortalarında satış m2 üçün 900 manatla həyata keçirilirdi. Artaraq 1200 manat oldu. Sonradan digər şirkətlər də bu tikintiyə girməyə başladılar. Hazırda qiymət 1430 manatdan başlayır, 1800 manat civarında dəyişir. Şirkət var ki, m2-i 1500 manata satır, onun yanındakı 1600 manata, bir başqası 1700-ə. Fərq yalnız tikintinin mərhələsindədir. "Kotlovan"dan 1-ci mərtəbəyə qalxanda bizim də qiymət ən az 1550 manat olacaq. Çox adam "Ağ Şəhər"ə yatırım edir, əsasən də Rusiyadan olan azərbaycanlılar. May ayında satışa başladıq, bugünə qədər satılan 49 mənzildən 12 nəfər xaricdə yaşayan həmyerlilərimizindir. Bu yaxınlarda Çin vətəndaşı olan azərbaycanlı ilə müqavilə bağlandı. Başqa tikintidə işləyəndə də Hollandiya vətəndaşı bizdən mənzil əldə etmişdi. Mən ikiotaqlı evi 137244 manata endirimsiz dedim, amma adətən hər m2-ə 20-30 manat civarında endirim edə bilirik. Birinci dəfə başlayanda güzəştlər edirdik. Hətta limit qoyulmuşdu, oktyabrın 1-nə kimi 50 mənzil satmalıydıq. Artıq 49 mənzili vermişik. Bundan sonra qiymət artımı olacaq. M2-i 1100 manata satan tikinti şirkətlərinin sahibləri indi başlarına döyürlər. 18 ay sonra hansı qiymətlərin olacağını biz də bilmirik".

/// bizimyol