BolgeXeber.Com » Ölkə » "Nazirə 6-cı dəfədir müraciət edirəm, ancaq qəbuluna düşə bilmirəm" - Sabiq şöbə müdirindən şikayət

"Nazirə 6-cı dəfədir müraciət edirəm, ancaq qəbuluna düşə bilmirəm" - Sabiq şöbə müdirindən şikayət

15-08-2016, 16:36
Oxunub: 3 357 "Nazirə 6-cı dəfədir müraciət edirəm, ancaq qəbuluna düşə bilmirəm" - Sabiq şöbə müdirindən şikayət"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mənə qanuni hüquqlarımın qorunmasında köməyi dəymirsə, bu qurum onda nə üçün lazımdır?!"

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin sabiq şöbə müdiri, YAP-ın yerli təşkilatının 16 il rəhbərlik edən, Bakı şəhəri, M.Hadi küçəsi ev 11, mənzil 44-də yaşayan İlqar Abdullayev prezident Ilham Əliyevə yenidən müraciət göndərib.

Bolgexeber.com mia.az-a istinadən həmin müraciəti olduğu kimi təqdim edir:

"Möhtərəm cənab Prezident,

Mən, Abdullayev İlqar Binyət oğlu 1989-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Universiteti bitirdikdən sonra təyinatla keçmiş Avtomobil Nəqliyyatı Nazirliyində "proqramçı” vəzifəsində işləmişəm. 1999-cu ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinə "proqramçı” vəzifəsinə qəbul olunmuşam. 2001-ci ildə şöbə müdiri vəzifəsinə təyin olunmuşam və 2016-cı ilin 19 yanvarınadək həmin vəzifədə çalışmışam.

İşlədiyim müddətdə "Aztelekom”, "Azərpoçt”, BTRİB, DRİ, Naxçıvan RYTN və s. qurumlar üzrə bir sıra əsaslı layihələrin icrasında yaxından iştirak etmişəm. Eyni zamanda, "Elektron hökumət” sisteminin yaradılmasında iştirak etmişəm, Dövlət Reyestrlərini yaratmışam və fəaliyyətini təşkil etmişəm. 2000-ci ildən işdən çıxarıldığım günədək Yeni Azərbaycan Partiyasının MHM üzrə yerli təşkilatının sədri olmuşam və Partiyanın bütün tədbirlərində yaxından iştirak etmişəm.

MHM-də 17 illik qüsursuz xidməti fəaliyyətim dövrümdə heç bir inzibati tənbeh almamışam, əksinə, "Rabitə Ustası” fəxri adı və Fəxri Fərmanlar ilə təltif olunmuşam.

Qeyd edirəm ki, nazirliyin və MHM-in əvvəlki rəhbərliyi ilə heç bir qohumluq və şəxsi əlaqələrim olmayıb, bu cür əlaqələrdən bəhrələnməmişəm, vəzifəmdən şəxsi məqsədlərim üçün sui-istifadə hallarına yol verməmişəm. Hazırda 1994-cü ildə Avtomobil Nəqliyyatı Nazirliyindən gənc mütəxəssis kimi mənə verilən birotaqlı mənzildə yaşayıram. Yaşadığım birotaqlı mənzildən başqa heç bir daşınmaz əmlaka malik deyiləm.

Cari ilin 19 yanvar tarixində heç bir hüquqi əsas olmadan MHM-in yeni direktoru Elnar Əsədov tərəfindən mənə bildirildi ki, "ərizə yaz, başqa uyğun işlə təmin ediləcəksən”. Çıxılmaz vəziyyətdə qalıb müəssisə daxilində başqa işə keçirilməyim barədə "Xahiş edirəm, məni başqa işə keçirəsiniz” məzmunda ərizə yazmağa məcbur oldum. Lakin bundan sonra heç bir hüquqi əsas olmadan, qeyri-qanuni olaraq, AR Əmək məcəlləsinin 68-ci maddəsinə istinad edilməklə, (halbuki həmin maddədə belə bir şey nəzərdə tutulmayıb) mənim əmək müqaviləmə xitam verilmişdir. Halbuki əmək qanunvericiliyinin tələblərinə görə işçinin əmək müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi qəti yolverilməzdir.

Mən gözlədim, beş ay keçsə də mənə heç bir iş təklif olunmadı və mən aldadıldığımı başa düşdüm. Beləliklə də, iddia müddəti bitdiyinə görə məhkəməyə də müraciət edə bilmədim. Hazırda işsizəm və mənim bütün iş təcrübəm rabitə və İKT sahəsi ilə bağlıdır. Mövcud şəraitdə başqa yerdə iş tapmaq demək olar ki, mümkün deyildir. Belə bir vəziyyətdə mən nə etməliyəm?

Çox hörmətli cənab Prezident,

Artıq mənim işdən çıxarıldığım 6 aydan çoxdur. Hesab edirəm ki, işdən azad edilməyim barədə qərar verənlər bu müddətdə mənim işdən azad edilməyimə əsas yarada biləcək hansısa hüquqi fakt ortaya qoymalı, ya da məni müvafiq işlə təmin etməlidirlər. Əvvəlki rəhbərliyə yaxın olan, bilik və bacarıqları məndən qat-qat aşağı olan işçilərin əksəriyyəti hazırda MHM-də işlədiyi lalda, mənim işdən çıxarılmağım üçün heç bir hüquqi və ya məntiqi arqument yoxdur. Mən hətta rabitə, İKT və "Elektron hökumət” quruculuğu ilə bağlı bilik səviyyəmin, peşəkarlığımın istənilən formada (komissiya, test və s.) yoxlanılaraq qiymətləndirilməsinə də hazıram.

Əlavə olaraq bildirmək istəyirəm ki, mən 25.07.2016-cı il tarixdə Prezident Administrasiyasında qəbulda oldum. Məni dinlədikdən sonra elə həmin gün Prezidentin Müşavirinin qəbuluna yazdılar və Müşavir həmin gün məni qəbul edərək 45 dəqiqə dinlədi. Müşavir müraciətimin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə (ƏƏSMN), RYTN-ə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göndəriləcəyini bildirdi və problemin RYTN çərçivəsində araşdırılmasının zəruri olduğu üçün yenidən nazirliyə müraciət etməyiimi tövsiyə etdi.

Təəssüf ki, mən, 17 il stajı olan rabitəçi kimi, RYT nazirinə 6-cı dəfədir müraciət edirəm və onun qəbuluna düşə bilmirəm. Nazirliyin aidiyyəti əməkdaşları tərəfindən vəzifə funksiyaları çərçivəsində müraciətdə qeyd olunanlar üzrə müvafiq araşdırma aparmaq əvəzinə, müraciətə müşayiət məktubu əlavə etməklə, yenidən MHM-ə göndərmələri və MHM-dən mənə başdansovdu (otpiska), məntiqsiz cavab verilməsi vətəndaşı "ələ salmaq”dan başqa bir şey deyildir.

Prezident Administrasiyasından dövlət müşaviri cənab V.Axundovun imzası ilə RYTN-ə qeyd olunan məsələnin araşdırılması və qanunvericiliyə uyğun olaraq tədbir görülməsi barədə 28.07.2016-cı il tarixli 3/A-3670-062 saylı məktub göndərilməsinə baxmayaraq, RYTN tərəfindən həmin məktuba bu günədək heç bir reaksiya verilməmişdir.

Hörmətli cənab Prezident,

Sizin məmurlara vətəndaşların müraciətlərinə, şikayətlərinə fərdi qaydada, diqqətlə, hörmətlə yanaşılması barədə verdiyiniz çoxsaylı göstərişlər, tövsiyələr məgər RYTN-ə aid deyil ?!

Eyni zamanda bildirirəm ki, 20 gündən artıqdır ki, bu barədə (konkret qanun pozuntusu) barədə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciət etmişəm, lakin indiyədək mənə heç bir cavab verilməyib.

Mən bilmək istəyirəm:

1. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bilmirmi ki, onun əsas vəzifə funksiyası vətəndaşların əmək hüquqlarının qorunması və pozulmuş əmək hüquqlarının bərpasıdır? (bu onların rəsmi saytında aydın yazılıb). Mənim işdən çıxarılmağım barədə verilmiş əmrun qeyri-qanuni olmasını istənilən hüquqşünas 1 saat ərzində aydınlaşdıra bilər. Bəs niyə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları 20 gündən çoxdur ki heç bir tədbir görmürlər?

2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da əsas vəzifə funksiyaları vətəndaşlarının hüquqlarının müdafiə edilməsi olduğu halda, niyə 20 gündən artıqdır ki, mənim müraciətimə heç bir reaksiya vermirlər? Mən 20 ildən artıq müddət ərzində öz əmək haqqımın müəyyən hissəsini Həmkarlar Komitəsinə ödəmişəm. Bir dəfə mənin hüquqlarım kobud şəkildə pozulduğunda

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mənə qanuni hüquqlarımın qorunmasında köməyi dəymirsə, bu qurum onda nə üçün lazımdır?!

Hörmətli cənab Prezident,

Mən, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əmək hüququmun müdafiəsi məqsədilə Sizə növbəti dəfə müraciət edərək, işdən qanunsuz çıxarılmağımın səbəbinin araşdırmasını və RYTN-in tabeli strukturlarında bilik və təcrübəmə uyğun müvafiq bir işlə təmin olunmağıma köməklik göstərilməsini Sizdən bir daha xahiş edirəm".

P.S. Faktla bağlı qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb. Nazirliyin bu şikayətə mövqeyini də dinləməyə hazırıq.