BolgeXeber.Com » Ölkə » “Xətai rayon icra Hakimiyyəti kompensasiya barədə şikayətimə baxmır”

“Xətai rayon icra Hakimiyyəti kompensasiya barədə şikayətimə baxmır”

17-08-2016, 14:54
Oxunub: 3 693 “Xətai rayon icra Hakimiyyəti kompensasiya barədə şikayətimə baxmır”Bina yanğınından zərərçəkmiş mənzilinin yanmış orderinin surətini hələ də ala bilmir

2015-ci il aprelin 10-da Xətai rayonunda 9 mərtəbəli binada yanğından ziyan çəkənlər dəfələrlə çağırışdan sonra məhkəməyə gəliblər. Bu yanğının səbəbləri Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Avqustun 16-da keçirilən məhkəmə iclasında ümumilikdə 18 zərərçəkmiş dindirilib. Onların bir qisminin heç bir şikayəti olmayıb. Deyiblər ki, hadisə nəticəsində onlara dəymiş ziyan aradan qaldırılıb, evləri təmir olunub, kompensasiya alıblar.

Amma şikayətçi olanlar da vardı. Məsələn, Rauf Ismayılov deyir ki, hadisədən bir il dörd ay keçməsinə baxmayaraq, onlara kompensasiya ödənilməyib. Zərərçəkmişin dediyinə görə, o, bu məsələ ilə əlaqədar Xətai Rayon Icra Hakimiyyətinə də müraciət edib. Amma şikayətinə baxan olmayıb.

Başqa bir zərərçəkmiş Həsən Əsgərovun evi yanarkən içindəki əşyalarla yanaşı, mənzilin orderi də yanıb. Deyir ki, sənədin surətini almaq üçün müxtəlif dövlət orqanlarına müraciət edib, amma heç bir qurum bu məsələdə ona kömək etməyib.

Zərərçəkmişlər eyni zamanda, təqsirləndirilən şəxsləri tanımadıqlarını, onlardan şikayətçi olmadıqlarını bildiriblər.

Məhkəmə prosesi avqustun 23-də davam edəcək.

Sözügedən yanğınla əlaqədar 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb – binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurlar.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya” MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı Istintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.