BolgeXeber.Com » Ölkə » 2-ci qrup əlil məmurlardan narazılıq edor - müraciət

2-ci qrup əlil məmurlardan narazılıq edor - müraciət

20-08-2016, 18:40
Oxunub: 2 261 2-ci qrup əlil məmurlardan narazılıq edor - müraciətFariz Qocayev inanır ki, bu müraciətindən sonra dövlət başçısı onların ailəsini üzləşdiyi sosial fəlakətdən xilas etmək üçün lazımi köməkliklər göstərəcək və onları qəbul edəcəkdir

Gəncə şəhər sakini, 2-ci qrup əlil Fariz Hafiz oğlu Qocayev (mob.tel.-050-232-09-02) Azərbaycan prezidenti İlham Əliyevə təkrar müraciət etmək məcburiyyətində qalıb.

Fariz Qocayev müraciətində dövlət başçısının diqqətinə çatdırır ki, ona təkrar müraciət etməsinə səbəb məmurların süründürməçiliyi ilə üzləşmələri, problemlərinin həlli üçün yuxarıdan verilən tapşırıqlara məmurların laqeyd yanaşmasıdır:

"Möhtərəm Prezident!

Mən artıq 20 yaşıma qədəm qoysam da, digər həmyaşıdlarım kimi sağlam həyat tərzi sürə bilməmişəm. Buna səbəb anadan nitq qüsurlu və eşitmə problemli doğulmağımdır.

Amma çox istərdim ki, mən də, digər gənclər kimi, ailəmin, Vətənimin işinə yarayım, Dövlətimin Ali Baş Komandanının rəhbərliyi altında ölkəm üçün gərəkli övlad olum. Bunun üçün Sizin köməyinizə ehtiyacım var. Çünki atam Hafiz Qocayev isiz olduğundan bu problemimi qarşılamaq imkanında deyildir. Qohum-əqrəbamın maddi köməkliyi isə yalnız kirayə pulumuzun ödənməsini və minimal şəraitdə yaşamağımızı qismən təmin edir. Aldığım 45 manat təqaüd isə dava-dərmanımın və istifadə etdiyim xüsusi eşitmə cihazının enerji saxlancının haqqını belə ödəmir”.

Müraciət müəllifi yazır ki, səhhətindəki problemin qismən mümkün həlli üçün 2014-cü ildən çoxsaylı müraciətlər edir: "Həmin müraciətlərimin birindən sonra Gəncə şəhər icra hakimiyyətinin başcısı Elmar Vəliyev atamı və məni icra hakimiyyətinə dəvət etdi. Elmar Vəliyev atam Hafiz Qocayevə vəd verdi ki, səni münasib işlə təmin edəcəyəm və oğlunun müalicəsinə lazımi köməklikləri göstərəcəyəm.

Atam Hafiz Qocayev də icra başçısının sözlərinə inanaraq, icra hakimiyyəti işcilərinin diqtəsi ilə, Sizə minnətdarlıq məktubu yazdı. Lakin həmin məktub yazılarkən bizim problemimiz həllini tapmamışdı. Həmin məktub Sizə yazılandan sonra, Gəncə Şəhər İcra Hakimiyyətində mənə və atama verilən vədin bu günə kimi heç birinə əməl edilməyib. Doğrudur, qardaşımın təhsil haqqının ödənməsinə qismən köməklik edildi, mənim müalicə olunmağıma isə heç bir kömək göstərmədilər.

Sonuncu dəfə atamı 10 Avqust 2016-cı ildə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Rafiq Şəfiyev qəbul etdi. O, atama mənim müalicəmə hər hansı köməklik etmək iqtidarında olmadıqlarını dedi. Əsas gətirdi ki, Gəncə şəhərində laqoped və surdoloq yoxdur.

Bu müalicənin yalnız Bakı şəhərində mümkün olduğu deyilsə də, buna bizim ailənin maddi imkanı yol vermir. Çünki atam işsizdir və ailəmiz müflis vəziyyətdədir. Hətta müvafiq qurumlar atamın işlə təminatında və sosial-məişət şəraitimizin yaxşılaşdırılmasında da bizə hər hansı köməklik göstərmək istəmirlər”.

Fariz Qocayev dövlət başçısına müraciətində daha sonra yazır:

"Sizə təkrarən müraciət etməyim, məmurların bizi süründürməçiliklə üzləşdirməsi, problemimizin həlli üçün yuxarıdan verilən tapşırıqlara laqeyd yanaşmaları, bu işdə bizə köməklik etməməliridir. Siz məmurlara dəfələrlə ictimaiyyət qarşısında çağırış edib, vətəndaşların probleminə laqeyd yanaşmamağı tövsiyyə etsəniz də, biz bu tövsiyyələrə istər Prezident Administrasiyasında Gəncə üzrə kurator tərəfindən, istərsə də yerli məmurlar tərəfindən əməl olunmadığının şahidiyik.

Ailəmizin çıxılmaz durumda olması, qardaşımın maddi imkansızlıqdan təhsilini davam etdirə bilməməsi, ailəmin mənim müalicə xərclərimi ödəyə bilməməsi Sizi mənim üçün ümidgaha çeviribdir. Kirayədə yaşadığımız evin aylıq pulunu belə verməkdə çətinlik çəkdiyimizi, atamın heç bir yerdə işləmədiyini nəzərə alaraq ailəmizə köməklik etmənizi Sizdən övladınız kimi xahiş edirəm!

Siz dəfələrlə şəhid ailələrini, Qarabağ qazilərini, veteranları qəbul edib, onlara lazımi köməkliklər göstərmisiniz. Sizdən ikinci qrup əlil kimi xahiş edirəm ki, bizim ailəmizi də qəbul edib, işsizlik və digər problemlərimizin həllində bizə köməklik göstərəsiniz.

Həmişə xalqın problemləri ilə yaxından maraqlanan, onun həllinə var gücü ilə çalışan, xalq tərəfindən sevilən bir rəhbər kimi Sizə inamımız böyükdür”.

Fariz Qocayev inanır ki, bu müraciətindən sonra dövlət başçısı onların ailəsini üzləşdiyi sosial fəlakətdən xilas etmək üçün lazımi köməkliklər göstərəcək və onları qəbul edəcəkdir.