BolgeXeber.Com » Ölkə » Bu icra başçısı rəsmən sahibkarlara qənim kəsilib - Beyləqandan şikayət var

Bu icra başçısı rəsmən sahibkarlara qənim kəsilib - Beyləqandan şikayət var

3-09-2016, 12:01
Oxunub: 3 332 Bu icra başçısı rəsmən sahibkarlara qənim kəsilib - Beyləqandan şikayət varBeyləqanın icra başçısı ölkə prezidentinin rayona səfəri ərəfəsində, ona etimad göstərərən dövlət başçısına qarşı sabotajla məşğul olur

Beyləqanın icra başçısı prezdentin səfəri adı altında rayonda fəaliyyət göstərən sahibkarlardan kütləvi və məcburi şəkildə pul yığır. Bu barədə Beyləqan rayonundan redaksiyamızın elektron poçtuna bir qrup sahibkardan daxil olan şikayət məktubunda bildirilir.

Şikayətçilər bildirir ki, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev kütləvi şəkildə rayonda fəaliyyət göstərən kiçik və orta biznes sahiblərindən pul tələb edir. İşin ilginc tərəfi isə odur ki, icra başçısı sahibkarlardan pulun prezident İlham Əliyevin Beyləqana gözlənilən səfəri ilə əlaqədar yığdığını gizlətmir və bunu hamıya açıqca deyir. Vaqif Abdullayev küçədə rast gəldiyi orta və xırda sahibkarlardan belə pul tələb istədiyi qeyd olunur. Beyləqanın icra başçısı heç çəkinmədən hamıya deyir ki, Beyləqan şəhəri qısa müddət ərzində təmizlənməli və abadlaşdırılmalıdır. Buna isə pul lazımdır. Ona görə də hər bir sahibkar və vətəndaş Beyləqanı prezidentin gəlişinə hazırlamaq üçün əllərini ciblərinə salmalıdırlar.

AzMedia.info-ya müraciət ünvanlayan bir qrup sahibkarlar bildirir ki, Vaqif Abdullayev prezidentin qəzəbindən qorxduğunu gizlətmir və buna görə də tez-tələsik Beyləqanda dekorativ işlər görməyə çalışır. Ancaq icra başçısı dövlətin Beyləqan şəhər və kəndlərinin abadlaşdırılması üçün ayırdığı pulların böyük hissəsini mənimsədiyi üçün indi çarəni sahibkarların cibinə girməkdə görür. Şikayətçilər qeyd edirlər ki, Vaqif Abdullayev cənab prezident İlham Əliyevin siyasi kursuna qarşı çıxaraq yerli sahibkarları sıradan çıxartmaqla məşğuldur.

Xatırladaq ki, son bir neçə ildə ölkə prezidenti sahibkarlığın inkişafına yardımçı olmağı məmurlardan tələb edib, eyni zamanda sahibkarlardan bu və ya digər şəkildə qanınsuz pul toplanılmasını yolverilməz hesab edərək sahibkarları incidənləri və özəl sektorun inkişafına qarşı olan məmurların ən sərt şəkildə cəzaladırılacağını dəfələrlə vurğulayıb.

Lakin göründüyü kimi Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev ölkə prezidentinin dəfələrlə etdiyi bu çağırışları qulaq ardına vurur və hətta işi o səviyyəyə qədər çatdırıb ki, günün-günorta çağı Beyləqan sahibkarlarından qanunsuz yolla kütləvi şəkildə pul tələb etməkdən belə çəkinmir. Eyni zamanda başçının pul tələbinə yox deyən sahibkarların işlərinə müxtəlif əngəllər törədir. Yəni faktiki olaraq Beyləqanın icra başçısı ölkə prezidentinin rayona səfəri ərəfəsində, ona etimad göstərərən dövlət başçısına qarşı sabotajla məşğul olur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.