BolgeXeber.Com » Ölkə » Dövlət Əyar Palatasında kimin arşını keçərlidir? - İTTİHAM VAR

Dövlət Əyar Palatasında kimin arşını keçərlidir? - İTTİHAM VAR

13-10-2016, 17:42
Oxunub: 2 646 Dövlət Əyar Palatasında kimin arşını keçərlidir? - İTTİHAM VARQızıl alarkən alıcıların çox vaxt malın üzərindəki əyara və sertifikatına baxdıqlarını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, lakin bu, heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir

Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, hazırda paytaxtda, o cümlədən əksər bölgələrdə fəaliyyət göstərən qızıl dükanlarında alıcılara təqdim olunan zinət əşyalarının bir qismi standartlara cavab vermir. Yəni həmin qızıl-zinət əşlayalarının üzərində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin (Dövlət Əyar Palatası) damğasına rast gəlinmir. Bu isə adıçəkilən qurumun sədri Adil Əhmədovun üzərinə düşən işi layiqincə icra etməməsindən xəbər verdiyini deyən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada bildirilir ki, bu gün ölkə bazarındakı qızıl-zinət əşlayalarının əksəriyyəti ya saxtadır, ya da onların əyarı düzgün qeyd olunmayıb.


Beləliklə, 1863-cü ilin 1 aprel tarixində Bakı şəhərində Əyar Palatasının yaradılması haqqında qərar verildiyini, həmin palatanın 1917-ci ilə qədər fəaliyyətini davam etdirdiyini, SSRİ yaranandan bir neçə il sonra 1924-cü ildə Bakı Əyar Palatası yenidən fəaliyyətini bərpa etdiyini vurğulayan mənbə qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 1982-ci il 2 aprel tarixli 253 nömrəli Qərarı ilə Bakı Əyar Nəzarəti Müfəttişliyinin adı SSRİ Maliyyə Nazirliyinin “Xəzərsahili” Dövlət Əyar Nəzarəti Müfəttişliyinə dəyişdirilib: «Onu da nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 22 yanvar tarixli 32 nömrəli Qərarı ilə “Xəzərsahili” Dövlət Əyar Nəzarəti Müfəttişliyinin bazasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli sərəncamı ilə Dövlət Əyar Palatası Azərbaycan Respublikasının Milli Ləl Cəvahirat Fondunun tabeliyinə keçirilib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 avqust tarixli 759 nömrəli fərmanı ilə Milli Ləl Cəvahirat Fondunun ləğvi ilə əlaqədar Dövlət Əyar Palatası həmin tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyinə keçirilib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 09 fevral tarixli 48 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti yaradılıb. Artıq uzun illərdir ki, Adil Əhmədov Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin sədri vəzifəsində çalışır. Lakin nədənsə son dövrlər onun fəaliyyətində ciddi qüsurlar müşahidə olunmaqdadır. Belə ki, hazırda satışda olan qızıl-zinət əşyalarının təxminən, 60 faizdən çoxunun üzərində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin nişanına rast gəlinmir. Məhz bu, onu sübut edir ki, ölkədə çoxlu miqdarda saxta qızıl var».

Qızıl alarkən alıcıların çox vaxt malın üzərindəki əyara və sertifikatına baxdıqlarını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, lakin bu, heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir: «Deyilənlərə görə, hazırda ölkənin qızıl bazarında istehlakçıların hüquqları həddindən çox pozulur. Alıcılar bilməlidir ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətindən nəzarətdən keçmiş qızılın üzərində dördbucağın içərisində ay-ulduz şəkli olan emblem olmalıdır. Bu, qızıl-zinət əşyalarının Adil Əhmədovun sədri olduğu qurumdan yoxlamadan keçməsinə dəlalət edir. Lakin bildirilir ki, Dövlət Əyar Palatası qızıl-zinət əşyalarının ticarətilə məşğul olan bəzi iş adamlarının, sahibkarların işinə nəzarət edə bilmir. Bu isə uzun illərdir ki, palata sədri vəzifəsində əyləşən Adil Əhmədovun üzərinə düşən işin öhdəsindən gələ bilmədiyini, onun qızıl ticarətilə məşğul olan şəxslərə nəzarət edə bilmədiyini deməyə əsas verir.

Məsələn, bir də görürsən ki, hissələrə ayrılan sırğaların birində istehsalçının əyyarı var, digərində isə yoxdur. İstehlakçı birinə baxır elə bilir ki, bu digərinə də şamil olunur. Hətta istehlakçını aldadıb sırğanın digərinə bijuteriya da qoşmaq olar. Odur ki, istehlakçılar qızıl-brilyant dəstlər alan zaman baxmalıdırlar ki, ayrılan hissələrin hər birində istehsalçının əyyarı olsun». Mənbə bildirir ki, xaricdən gətirilən qızılların ayrılan hər bir hissəsində istehsalçının əyyarı, kiçik birkalar və onların üzərində isə istehsalçının ştrix kodu olmalıdır: «Deyilənlərə görə, hazırda zərgərlərin hamısında demək olar ki, əyyar var. Döymə ilə vurulur və o əyyarı qoyub xarici mal adı altında satırlar. Bu isə onu göstərir ki, qiymətli daşlar bazarında vəziyyət ürəkaçan səviyyədə deyil. Yəni Adil Əhmədovun nəzarətində olan sahədə kifayət qədər problemlər mövcuddur. Bu səbəbdən də əsasən bahalı daş-qaşlarda istehlakçıları karatla bağlı aldadırlar». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.