BolgeXeber.Com » Ölkə » İnsanların rahatlığını pozan kafe və restoranlar...

İnsanların rahatlığını pozan kafe və restoranlar...

29-08-2018, 14:28
Oxunub: 3 738 İnsanların rahatlığını pozan kafe və restoranlar...Səs-küy salanlara görə 312 protokol tərtib edilib - DİN

“Gecə səhərə qədər səs-küydən yatmaq olmur. Bir də görürsən, aha, dava başladı. Nəyi bölüşə bilmirlər, anlamıram. Söyüşün beşi bir qəpiyə... Qışda bir yolu var, pəncərələri bağlayırsan, səs gəlmir. Yayda nə edək? Evdə nəvəm var, indi balacadır, ağlı kəsmir, bəs bir az böyüyəndə necə olacaq?” Bu sözlərlər paytaxtın Fətəli Xan Xoyski küçəsi, 136 saylı binanın sakini “Yeni Müsavat”a yaxınlıqda yerləşən kafe, çayxanalardan gileylənir.

Sözügedən kafelər, çayxanalar yaşayış binalarının zirzəmisində yerləşir. Səhərlər binanın qarşısında sükut hökm sürsə də, axşam saat 8-9-dan sonra aləm bir-birinə dəyir. Gələn-gedənin sayı bilinmir. Maşınlardan çıxan musiqi kafelərdən gələn əcaib səslərə qarışıb insanların evinə daxil olur. Yuxarı mərtəbədə yaşayanlar aşağıda mərtəbədə yaşayanlardan daha şanslıdırlar. Səs-küy yuxarı qalxdıqca daha azalır. Bunu həmin binanın 5-cü mərtəbədə yaşayan sakini Səkinə iddia edir:

“Bura köçəndə səs-küydən xəbərim vardı. Məhz elə bu səs-küy bizi bura gətirib. Sakitliyi sevmirəm. İstəyirəm qulağım daima səs eşitsin. Beşinci mərtəbədə yaşayırıq. Səs-küy o qədər də çox gəlmir. Uzaqbaşı, gecə 2-də sakitlik olur. Həm də narahat olan kimi pəncərələri bağlayırsan, bitir. Narazılığım yoxdur”.

Səkinə xanım nadir insanlardandır ki, səs-küyü sevir. Ümumilikdə insanlar evlərində sakitlik istəyirlər. Xüsusən də səhərdən axşama qədər işləyənlər axşamlar, necə deyərlər, qulaq dincliyi axtarır. Dincəlməyin də əsas ünsürü sakitlikdir. Bu sakitliyi əldə edə bilməyəndə də narazılıq çıxır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, məişət səs-küyü salmaq inzibati məsuliyyətə səbəb olan əməldir. Belə şəxslər inzibati məsuliyyətə cəlb olunmalıdırlar. Ancaq əksər hallarda görürük ki, bu hərəkətlərinə baxmayaraq, onları heç kim inzibati məsuliyyətə cəlb edib, tədbir görə bilmir. Səs-küy salınması digər insanların istirahət hüquqlarının pozulması deməkdir. Saat 00:00-dan sonra məişət səs-küyü salmaq olmaz. Hətta bu saatlarda öz evində belə səs-küy salan şəxs də inzibati məsuliyyətə cəlb oluna bilər.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən yaşayış binalarında səs-küyün salınmasına və insanları narahat edilməsinə görə, bu ilin 6 ayı ərzində 312 inzibati protokol tərtib edilib.
İnsanların rahatlığını pozan kafe və restoranlar...
İnsanların rahatlığını pozan kafe və restoranlar...
İnsanların rahatlığını pozan kafe və restoranlar...