BolgeXeber.Com » Ölkə » “Sərnişinlərimiz Allah ümidinə yol gedir”

“Sərnişinlərimiz Allah ümidinə yol gedir”

3-10-2018, 11:01
Oxunub: 2 637 “Sərnişinlərimiz Allah ümidinə yol gedir”“Sərnişinlərimiz Allah ümidinə yol gedir”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı srağagün baş verən qəzayla bağlı açıqlamasında deyib.

Xatırladaq ki, Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar açıqlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədovun təsdiqlədiyi məlumata görə, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkum həyatı yaşayıb. Bundan başqa dünən baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.
Qeyd edək ki, “Ayşən” MMC-yə məxsus olan sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 3 nəfər həyatını itirib, 33 nəfər isə yaralanıb. Yaralananlar arasında vəziyyəti ağır olanlar da var.

Elməddin Muradlı bəzi daşıyıcı şirkətlərin az əmək haqqı vermək naminə qeyri-peşəkarları, nəqliyyat vasitəsinin sürücülüyünə yararsız şəxsləri işə cəlb etdiklərini deyir:

“Həmin daşıyıcı şirkətlər öz avtobuslarını həmin insanlara həvalə etmədiyi halda, bu qədər insanın həyatını etibar edirlər. Çünki sürücüdən sənəd tələb edərkən, bu sənədlərin sürətini təqdim edir, əslinin sahibkarda olduğunu bildirirlər. Sənədləri sahibkarlar girov saxlayır. Bu cür sahibkarlar sərt şəkildə cəzalandırılmalıdırlar ki, onlar hər yoldan keçəni avtobus sürücüsü kimi işə götürməsinlər”.

Ekspert Bakı Nəqliyyat Agentliyinin (BNA) yaranmış vəziyyətin məsuliyyətini daşıdığını deyir:

“3 ildir ki, BNA avtobus sürücüləri ilə bağlı baza yaradıldığını deyir, amma bu baza ortada yoxdur. Bir zamanlar keçmiş Nəqliyyat Nazirliyi də təxminən 10 il müddətində belə fəaliyyət göstərdi. Çox təəssüf ki, BNA Nəqliyyat Nazirliyini parodiya edir. Sahibkarların öhdəsindən gələ bilməyəcək, kiminsə qohumuna, tanışına, tapşırığa baxacaqsa, bu qurum niyə yaradılıb?”

Avtobusların işdən sonra dayanacaqlara qoyulmadığını, küçələrdə, sürücülərin şəxsi həyətlərində saxlandığını deyən E.Muradlı qeyd edir ki, bu səbəbdən də onlar çirkab içində olur:

“Səhər saat 6-da işə çıxan avtobus sürücüsünə tibbi arayış saat 10-da poliklinikanın həkimləri tərəfindən 3 manata satılır. Belə bir sistemdə hansı dəyişikliyi gözləyək? Şəhər mərkəzinə yeni avtobuslar gətirməklə deyil, şəhərətrafı kəndlərdə ictimai nəqliyyatın fəaliyyəti sıfır səviyyəsindədir”.

Baş verən hadisənin kadrlarını izlədiyini deyən ekspert, sürücü ilə bağlı da fikirlərini səsləndirib:

“Sürücü gecə saat 12-yə qədər işləyir, gecə saat 3-də yatır, səhər saat 6-da da işə gəlir. Bu adamlardan başqa hansı nəticəni gözləmək olar? Sahibkar sürücünün az qala boynunda oturur, deyirlər ki, nə edirsən et, axşam plan ver. Sahibkarları, onların arxasında dayanan insanları ifşa etmək lazımdır. İnsanların həyatı ilə bu qədər oynamaq olmaz”.

Bəzi sürüclərin sənədlərinin qaydasında olmamasına münasibət bildirən E.Muradlı onların, hətta sürücülük vəsiqəsi olmayanların da ictimai nəqliyyatı idarə etdiyini bildirir:

“Günümüzün reallığıdır, bunu BNA, yol polisi dana bilməz ki, bu gün sürücülərin qohum-əqrabaları onların avtobusunu idarə edirlər. Daşıyıcılar sürücüləri növbəli sistemdə işə götürmürlər. Onlar da təbii ki, robot deyillər ki, fasiləsiz işləsinlər. Oğlunu, qohumlarını çağırırlar ki, “gəl bir kuruq elə, yemək yeyim”. Sahibkarlar özləri də bilirlər ki, sürücülər bir çarə tapacaqlar”.

Ekspert hesab edir ki, yaranmış durumdan çıxmaq üçün ya avtobuslar daşıyıcılardan alınıb, dövlətə verilməli (bu da sahibkarlığın inkişafına ziyandır), ya da işi bilən sahibkarlar qalmalı, digərlərinin fəaliyyətinə xitam verilməlidir:

“Bu cür dələduz şirkətləri yola salmaq, “İctimai nəqliyyat sistemi sənlik deyil, ay “Ayşən” MMC” demək lazımdır.