BolgeXeber.Com » Ölkə » Deputat Qüdrət Şükürova görə Maliyyə Nazirliyini ittiham etdi - reaksiyalar gəldi

Deputat Qüdrət Şükürova görə Maliyyə Nazirliyini ittiham etdi - reaksiyalar gəldi

13-10-2018, 11:56
Oxunub: 2 197 Deputat Qüdrət Şükürova görə Maliyyə Nazirliyini ittiham etdi - reaksiyalar gəldiDeputat Aqil Abbas “Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən qovulan sabiq rəisi Qüdrət Şükürovun 400 milyon yeyintiyə yol verməsinə görə Maliyyə Nazirliyini günahlandırıb

O big.az-a deyib ki, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməzliyidir.

Sitat: “Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Administrasiyasından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar”.

A.Abbasın həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Q.Şükürovun yol verdiyi milyonlarla yeyintilərə görə Maliyyə Nazirliyinin ittiham olunmasının əleyhinədir: “Maliyyə naziri Samir Şərifovun üzərinə bu və ya buna bənzər şəkildə haqsız hücumlar olur. Bunun tamamilə əleyhinəyəm. Azərbaycanda maliyyə sabitliyinin qorunub saxlanılmasında, maliyyə sisteminin inkişafında nazir kimi Samir müəllim üzərinə düşən vəzifəni uğurlar yerinə yetirib. Onunla məsafəli münasibətlərim var. Bu sözlərimin istərdim ki, səmimiliyinə və ciddiliyinə hər kəs inansın. Fikirlərimdə subyektiv yanaşmalar qətiyyən yoxdur və ola da bilməz. Vaxtı ilə Beynəlxalq Bankdakı yeyintiləri də Samir müəllimin üzərinə yönəltməyə çalışırdılar. Mən o zaman da dedim ki, cinayətkarı kənarda qoyub, Samir Şərifovun üzərinə gəlirlər. Büdcədən maliyyələşən qurumların maliyyədən necə doğru və düzgün istifadə etməsi səlahiyyətləri Hesablama Palatasına verilib. Onun sədri Vüqar Gülməmmədov da çox böyük bir ləyaqətlə işini yerinə yetirir. Amma elə məmurlar var ki, onları bu və ya digər şəkildə diqqətdən yayındırırlar, yaxud informasiya gəlmir ki, onları yoxlamaq, fəaliyyətinə nəzarət etmək lazımdır. Ona görə də, mətbuat vasitəsilə bildirirəm ki, liftlərin Bakıda bərbad vəziyyətdə olduğu hər birimizə aydındır. Bununla bağlı yeyintiləri mətbuatdan oxuyuram.

Deyirəm ki, bunların məsuliyyəti birbaşa Qüdrət Şükürovun üzərinə düşür. O şəxs bu cinayətə yol verib, pulları yeyib, övladlarına təmtəraqlı həyat qurub. Özü üçün də yüksək səviyyədə həyat qurub. İndi o bu pulu qaytarmalıdır. Eyni zamanda, Qüdrət Şükürov kimi insanlara güzəşt edilməli deyil. Bu pul xalqındır, dövlətindir, hər bir Azərbaycan vətəndaşınındır. Samir Şərifovun üzərinə yönəlmiş olan ittihamları qəbul etmirəm. Düşünürəm ki, bunlar düşünülmüş şəkildə cinayətkarın cinayətini onun üzərindən götürüb başqa istiqamətə yönəltmək cəhdidir. Bu cür yanaşmalar qeyri-obyektivdir”.

İqtisadçı ekspert Natiq Cəfərli dövlətin nəzarət mexanizmlərinin olmasının vacibliyindən danışdı: “Nəzarət mexanizmi ən çox onun üçün vacibdir ki, büdcədən ayrılan vəsaitin doğru-düzgün xərclənməsinə nəzarət etsin. Bu işdə ən yetkili orqan Hesablama Palatasıdır. Qurum hər il büdcədən ayrılan vəsaitlərin doğru-düzgün xərclənməsi ilə bağlı arayışlar verir. Yoxlamaların nəticələri ictimaiyyətə açıq olmalıdır. Hesablama Palatası ictimaiyyətlə daha sıx işləməli və işində ciddi dönüş etməlidir. Siz jurnalistlərin fəaliyyəti nəticəsində dəfələrlə ”Bakı Lift-Təmir" İstehsalat Birliyinin işlərindəki problemlərlə, eləcə də, liftlərin düzgün işləməməsi, tez-tez qırılması ilə bağlı kifayət qədər məlumatlar oxumuşuq. Bunun barəsində saytlarda məlumat axtarmaq istəsək, qarşımıza onlarla məlumat çıxar. Hüquq mühafizə orqanları da buna ciddi reaksiya verməli idilər. Qüdrət Şükürovun beynəlxalq korrupsiya qalmaqallarında bu şəkildə adının hallanmasına imkan verilməməli idi. Maliyyə Nazirliyi və Hesablama Palatası bu xərcləmələrlə bağlı daha ciddi nəzarət həyata keçirməli idi. Hesablama Palatası açıqlama verməlidir ki, bu illər ərzində “Bakı Lift-Təmir” İstehsalat Birliyi ilə bağlı hər hansı bir rəy verib ya yox. Mətbuatı, gündəmi daim izləyən birisi kimi yadıma gəlmir ki, bununla bağlı Maliyyə Nazirliyinin yaxud Hesablama Palatasının hər hansı bir arayışı olsun. Halbuki, qanun bunu tələb edir ki, belə yoxlamalar aparılsın, nöqsanlar aşkar olunarsa, ciddi cəzalandırılmalar olsun. Çox təəssüflər olsun ki, Azərbaycanda cəzasızlıq mexanizmi var. Bu da daha çox cinayətlər törədir. Cəzasızlıq mühiti korrupsiya hallarının və büdcə vəsaitinin cinayət yolu ilə mənimsənilməsinin həcmini artırır".