BolgeXeber.Com » Ölkə » Şirkətlər qanundakı boşluqdan istifadə edir, - olan isə sərnişinə olur

Şirkətlər qanundakı boşluqdan istifadə edir, - olan isə sərnişinə olur

24-06-2019, 11:58
Oxunub: 2 352 Şirkətlər qanundakı boşluqdan istifadə edir, - olan isə sərnişinə olurSon vaxtlar sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisələri daha tez-tez baş verir. Hər dəfə də baş verən qəzalarda sərnişinlərin həyatı təhlükə ilə üz-üzə qalır.

Çoxumuz ictimai nəqliyyatdan istifadə etsək də, sərnişin avtobuslarında başımıza gələcək bədbəxt hadisələrdən sığortalanmamışıq. Sərnişin avtobuslarının iştirakı ilə baş verən qəza hadisələrinin sayının artması isə sərnişinlərin sığorta məsələsini də gündəmə gətirir. Sputnik Azərbaycan-ın apardığı kiçik araşdırma zamanı bəlli olub ki, bu gün sərnişindaşıma ilə məşğul olan daşıyıcıların çoxu sərnişinləri icbari sığorta etdirməyib. Hazırda bu təcrübə yalnız paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" şirkətində var.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanuna müvafiq olaraq şəhərlərası sərnişindaşıma ilə məşğul olan avtobuslar icbari sığorta olunmalıdırlar. Əks halda onların sərnişindaşıma ilə məşğul olmasına icazə verilmir: "Bakı şəhəri üzrə sərnişindaşıma ilə məşğul olan şirkətlərdə bu könüllü həyata keçirilir. Hələ ki, paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlərdən yalnız "Baku Bus" icbari sığorta olunub. Amma Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların çox olması icbari sığortanın şəhərdaxili və Bakı ətrafı sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərdə tətbiq olunmasını şərtləndirir. Əslində sərnişindaşıma sığortalanan bir xidmət növüdür. Bu gün ictimai nəqliyyatdan minlərlə insan istifadə edir. Onların təhlükəsiz daşınması vacib məsələdir. Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyatda hər hansı qəza baş verərsə insanlara tibbi yardımın göstərilməsi, onların sağlamlıqlarına dəyən ziyanın qarşılanması xeyli məsrəf tələb edir. Təbii ki, daşıyıcılar sığorta şirkətləri vasitəsilə sərnişinləri sığorta etdirməyəndə bu xərci ödəmək sərnişinlərin üzərinə düşür".
Həmsöhbətimiz deyir ki, paytaxtda sərnişindaşımada icbari sığortanın tətbiq olunmaması qanunvericilikdəki boşluqlardan irəli gəlir: "Sığorta şəhadətnaməsi olmayan daşıyıcı şirkətə lisenziya verilməməlidir. Amma bu şəhərdaxili və şəhərətrafı sərnişindaşımaya tətbiq olunmur. Bunun bir səbəbi odur ki, lisenziya ilə bağlı hazırda qoyulan tələblərin çoxuna daşıyıcı şirkətlər cavab vermirlər".

A.Allahverənov bildirir ki, sərnişinlərin sığorta olunmasında sığorta şirkətləri də fəallıq nümayiş etdirmirlər: "Bu gün sığorta şirkətləri bu məsələdə çox passivdirlər. Daşıyıcı şirkətlər isə müəyyən məsrəflərdən qaçırlar. Çünki sərnişinlərin sığortası xeyli vəsait tələb edir. Ona görə də, sərnişinlərin sığortalanması ilə bağlı ortaq məxrəc tapılmalıdır. Bütün maraqlar nəzərə alınaraq daşıyıcı şirkətlərin sərnişinlərin həyatını sığorta etdirməsi vacib tələb kimi qoyulmalıdır. Bakı Nəqliyyat Agentliyi bu məsələni diqqətdə saxlamalıdır".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə deyir ki, qanunvericilikdə şəhər daxilində sərnişindaşımada sərnişinlərin icbari sığortası ilə bağlı hər hansı bir tələb yoxdur. Bu, könüllü xarakter daşıyır. M. Ağayevin sözlərinə görə, bu cür sığortalanma avtobuslarda qəza riskini də azaldır: "Sərnişinlərini sığorta edən heç bir sahibkar təsadüfi adama sükanı etibar etməz. Əksinə, işini daha peşəkar səviyyədə qurar. Bu isə sərnişinlərin rahatlığı və təhlükəsizliyinə yönələcək bir addımdır. BNA da daşıyıcı şirkətlərin icbari sığortadan yararlanmalarını tövsiyə edir. Amma hələ ki, məcburi olmadığından daşıyıcılar qarşısında sərnişinlərin sığorta olunması şərt kimi qoyula bilməz".

M. Ağayev BNA-nın sərnişinlərin həyatını sığorta edən daşıyıcı şirkətlərin addımını təqdir etdiyini də söyləyib: "Biz "BakuBus"ın bu addımını təqdir edirik. Düşünürük ki, digər avtobus sahibləri də "BakuBus" kimi bu cür addım atsalar, yaxşı olar. Bu faktın özü bir daha onu göstərir ki, "BakuBus" dövlət müəssisəsi olaraq üzərinə düşən sosial məsuliyyəti doğru dərk edir. Lakin əfsuslar olsun ki, digər daşıyıcıların çoxu yalnız biznes maraqlarını üstün tutub, üzərilərinə düşən sosial məsuliyyəti unudurlar".