BolgeXeber.Com » Ölkə » QMİ Ramazan ayı ilə bağlı fətva verib

QMİ Ramazan ayı ilə bağlı fətva verib

20-04-2020, 12:17
Oxunub: 3 944 Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib.
Fətvanın mətni aşağıdakı kimidir:
"Bismillahir-rəhmanir-rəhim!
Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı müjdələyir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcəkdir. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası aşağıdakıları bəyan edir:
Möhtərəm qardaş və bacılarımız! Builki Ramazana bütün dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz və dünya birliyi böyük səylə çalışır, bütün mümkün qoruma və müalicə tədbirləri həyata keçirilir.
Belə bir mürəkkəb zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirdiyi misilsiz tədbirlərə dəstəyimizi ifadə edir, vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırırıq. Xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq, öz tərəfimizdən məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar vermişik. Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərtilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.
Müqəddəs Kitabımız Qurani-Şərifdə Allah-Təalanın hökmü belədir: “...(Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər...” (Bəqərə,185). Oruc ibadətini hökm edən Mərhəmətli və Rəhim Allah müqəddəs ayeyi-şərifdə buyurur ki, xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, saglam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər. Uca Allah sizin üçün asanlıq istəyir.