BolgeXeber.Com » Ölkə » Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

12-12-2020, 15:55
Oxunub: 1 064 Dekabrın 12-də Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Bolgexeber.com Baş Prokurorluğun saytına istinadən xəbər evrir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırmışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, onun müstəqilliyinin, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri əvəzedilməz və danılmazdır.
Bildirilmişdir ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli məqsədilə mötəbər hüquqi bazanın yaradılmasında, eləcə də BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair müvafiq qətnamələrin qəbul edilməsində mühüm rol oynamışdır.
Qürurla bildirilmişdir ki, həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunmuşdur.
Çıxışının yekununda böyük minnətdarlıq hissi ilə Baş Prokuror qeyd etmişdir ki, Ulu öndərin siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, beynəlxalq sahədə gördüyü tədbirlər tarixə qızıl hərflərlə həkk olunmuş bugünkü zəfərin əldə edilməsinə yönəlmişdir.
Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.